"Avropa Parlamentinin qətnaməsi qeyri-ciddi və iftira xarakter daşıyır"
12:50 26-05-2012
İQTİSADİYYAT
"Avropa Parlamentinin qətnaməsi qeyri-ciddi və iftira xarakter daşıyır"
"Avropa Parlamenti mayın 24-də Azərbaycanla bağlı qəbul etdiyi qətnamə qeyri-ciddi və iftira xarakteri daşıyır. Bu sənəddə əks olunan məsələlərin tam əksəriyyəti təhrif olunub".Bu fikirləri Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib.
Onun sözlərinə görə, qətnamənin çıxarılma vaxtı da sənədin müəyyən sifariş xarakterli olduğunu deməyə əsas verir: "Avropa KİV-lərində gedən intensiv anti-azərbaycan kampaniyası, "Human Rights Watch", "Amnesty International" təşkilatlarının, qonşularımızın davranışı, Azərbaycandakı radikal müxalifət və bəzi QHT-lərin bu istiqamətdə sinxron fəaliyyəti bunu bir daha təsdiqləyir. Elə həmin qətnamədə "Azərbaycan hüquq müdafiəçilərinin "Eurovision" mahnı müsabiqəsi ərəfəsində 10 aylıq kampaniya başlaması"na edilən istinad da bunu təsdiqləyir".
F. Ələsgərovun sözlərinə görə, təxminən 30 dəqiqə davam edən dinləmələr nəticəsində tələm-tələsik şəkildə qəbul edilmiş qətnamədə çoxsaylı yanlış, yoxlanmamış müddəalar qeyd olunub: "Hesab edirəm ki, Avropa Parlamenti səhv mövqedədir. Faktiki olaraq Avropanın cənub sərhədində yerləşən Azərbaycan Avropa üçün alternativ enerji mənbəyi olmaqla Avropanın iqtisadi müstəqilliyi və təhlükəsizliyinin mühüm komponentlərindən biri kimi çıxış edir. Eyni zamanda Azərbaycan Avropaya inteqrasiya yolunu tutmuş və hər zaman öz öhdəliklərinə sadiq qalan bir ölkədir. Belə bir ölkəyə dar siyasi maraqlardan çıxış edərək qərəzli münasibətin göstərilməsi ən azı təəssüf hissi doğurur. Məsələn, Avropa Xalq Partiyasının Almaniyadan olan üzvü Bernd Posseltin mövqeyi Almaniya KİV-lərinin tutduğu mövqedən heç də fərqlənmir. Azərbaycana münasibəti, Azərbaycan barədə təfəkkürü uşaqlıqdan ailəvi erməni dostlarının, erməni ətrafının təsiri altında formalaşan "Amnesty International"ın Cənubi Qafqaz və Orta Asiya üzrə nümayəndəsi John Dalhuiseinn də fikirləri həddindən artıq subyektiv xarakter daşıyır".
PA rəsmisi bildirib ki, qətnamədə 15 may mitinqinin polis tərəfindən dağıdıldığı göstərilib və dinc etiraz aksiyalarının keçirilməsinə çağırılıb: "Bu müddəa reallığı əks etdirmir. Birincisi, qətnamədə qeyd olunduğu kimi mayın 15-də heç bir nümayiş keçirilməyib. Mayın 14-də cəmi 20-30 nəfərin iştirakı ilə piket keçirilib. Qeyd etmək istərdim ki, həmin toplantılar razılaşdırılmayıb. "İctimai Palata" deyilən qurumda təmsil olunan radikal müxalifət Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təklif olunan yerlərdən imtina edib. Halbuki, bundan əvvəl radikal müxalifətin nümayəndələri bir neçə razılaşdırılmış mitinq keçiriblər. Lakin həmin mitinqlərin xaricdə lazımi rezonans doğurmadığını görərək, "Eurovision" mahnı müsabiqəsi ərəfəsində ölkəmizə gəlmiş jurnalistlərin diqqətini cəlb etmək məqsədilə razılaşdırılmamış piket taktikasına keçiblər. Bununla ermənipərəst qüvvələrin anti-azərbaycan kampaniyasına qoşulublar".
Fuad Ələsgərov bildirib ki, istənilən beynəlxalq miqyaslı tədbir keçirən ölkədə təhlükəsizlik məsələləri baxımından belə tədbirlər ərəfəsində və gedişində mitinq və piketlərin keçirilməsi bir çox hallarda müvəqqəti məhdudlaşdırılır və hətta qadağan olunur: "NATO-nun son Çikaqo sammitində də antiqlobalistlərin toplantıları güc tətbiq edilməklə dağıdılıb, mitinq iştirakçılarına çoxsaylı xəsarətlər yetirilib, 60 nəfər isə saxlanılıb. Azərbaycanda da mahnı müsabiqəsi gedişində müvafiq təhlükəsizlik tədbirləri görülür. Əvvəlki müsahibələrimdə də qeyd etdiyim kimi, belə bir məqamda, razılaşdırılmamış piketlərin keçirilməsi artıq gərginlik yaradır. Güc tətbiqi məsələsinə gəldikdə isə, polis sadəcə ictimai qaydanın təmini üzrə öz vəzifələrini yerinə yetirib. Piket iştirakçılarına qarşı heç bir zorakı hərəkətə yol verilməmiş, piket iştirakçılarından heç biri həbs olunmayıb, hətta bəzi şəxslərin polisi təhqir etməsi müqabilində onlar həmin şəxslərlə çox təmkinli davranıblar".
PA rəsmisi bildirib ki, "AzadlıqRadiosunun Bakı Bürosunun müxbiri Xədicə İsmaylovanın şantaj edilməsi ilə bağlı qətnamədə irəli sürülən müddəa heç bir hüquqi əsası olmayan uydurma mülahizələrə əsaslanır: "Özünə hörmət edən belə mötəbər beynəlxalq qurum ən azı hüquqi baxımdan əsaslandırılmış mövqedən çıxış etməlidir. Xədicə İsmayılovanın işi ilə bağlı istintaq hələ başa çatmayıb. Belə halda hər hansı sübuta əsaslanmayan uydurma ittihamların irəli sürülməsi qərəzli mövqedən başqa bir şey deyil".
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40