Sərksiyan Ermənistanı necə "dəfn" edir?
16:23 26-05-2012
DÜNYA
Sərksiyan Ermənistanı necə "dəfn" edir?
İşğalçı ölkənin necə boşaldığına və banklarının acınacaqlı durumuna dair ilginc təsbitlər!
Ermənistan prezidenti Serj Sarkisyanın rejimi məğlubiyyət, uğursuzluq və cinayətlərini gizlətməyə, kriminal oliqarxiya ilə hakimiyyəti qəsb etmiş dəstənin legitimləşmə cəhdlərini müxtəlif bəlağət səviyyəsindəki bəyanatlarla pərdələməyə çalışır.
Yerevandakı hakimiyyət bunu edə bilər, çünki Sarkisyan və onun dəstəsi həyatlarını çətinliklərdən qoruyur, daha da varlanır, bu varlanma sayəsində isə yerdə qalanları müflisliyə sürükləyirlər. Qazananlar hakim dəstənin həyatını təmin edənlərdir.
Bunlar reallıqdır. İnsanları reallıqdan yayındırmaq üçünsə hakimiyyət hansısa yalanlara əl atmalı, insanların başlarını nə iləsə qatmalıdır. Həmin baş qatqısı isə Dağlıq Qarabağ problemidir ki, Sarkisyan iqtidarı üçün bu problem mövcudluğun yeganə təminatıdır.
Çünki qarşıda yeni müharibə gəlir. Bu dəfə Sarkisyanın harınlamış məmurları, əliqanlı hüquq-mühafizə orqanları və güc strukturları, yalançı və bivec siyasətçiləri sabiq prezident Robert Köçəryanın goreşənləri xatırladan hirsli, qəzəbli, pullu adamları ilə üzbəüzdürlər.
Ermənistan xalqına gəldikdə - insanlar ölkənin 20 illik nisbi müstəqillik tarixində ən iyrənc və rəzil qarşıdurmalarda, sadəcə, statistik vahid qismində istifadə olunacaqlar.
Adi vətəndaşların heç bir şansı yoxdur. Nədən ki, Sarkisyanla Köçəryan bir-biriləriylə didişməklə yanaşı, təhlükə hiss etdikləri anda xalqa daraşacaqlar. Həmişə və hər şəraitdə olduğu kimi.
Belədirsə, Ermənistan siyasətinin əlifbasına nəzər salaq.
A hərfi: adamları
azaldan aqoniya
Ermənistanda iqtisadi cəhətdən aktiv əhali 1,4 milyon nəfər və ya ölkə vətəndaşlarının ümumi sayının 45 faizinə bərabərdir. Ölkənin Milli Statistika Xidmətinin yaydığı məlumat belədir.
"İqtisadi cəhətdən aktiv əhali" 17-75 yaşlı adamlardır ki, onlar ya çalışır, ya da işsizdirlər. İşsiz adamlar da aktiv sayılırlar, çünki onlar klassik iqtisadiyyatın təmrinlərinə görə, işçi qüvvəsi təklifidir.
Belədirsə, Ermənistanda işləyən və ya işsiz olan, amma işləməyə hazır adamların sayı ilə bağlı statistika iqtisadiyyatdakı böhranın fasiləsiz güclənməsindən xəbər verir.
Yetər ki, postsovet məkanındakı başqa ölkələrlə müqayisə aparaq. Məsələn, Rusiyada iqtisadi cəhətdən aktiv əhalinin payı vətəndaşların ümumi sayı ilə müqayisədə 53 faiz, Qazaxıstanda 52 faiz, Belarusda 50 faizdir. Bəhs etdiyimiz göstərici baxımından Ermənistan MDB məkanında yalnız Tacikistanı qabaqlayır.
Serj Sarkisyan rejimi üçün aktiv adamlar yalnız bir sahədə gərəkdirlər: onlar işləməyə yarayırlarsa, işləməli və başqa heç nə barədə düşünməməlidirlər. Bu adamlar qarşılarına qoyulanı yeməli, başlarını qaldırıb çiyinlərində oturanlara baxmamalı, təkdırnaqlılar təki yük dartıb, cütdırnaqlılar kimi yatmalı, Afrikadakı Serengeti və ya Krüger Milli Parkındakı qnu antilopları kimi hər yerə sürü ilə hərəkət etməlidirlər.
Vəziyyətlə barışmayanlar səslərini çıxarsalar, başları əzilməlidir. Baş dikdirsə və onu əzmək asan deyilsə, onun çarəsi tapılmalıdır. Yerdə qalan narazılar ölkədən rədd olub gedə bilərlər: onlar mühacirət statistikasını artırsalar da, kimin nə vecinə...
B hərfi: bərbad
bankların biçarəliyi
İbtidai icma quruluşu, quldarlıq və feodalizmdən fərqli olaraq, indi istənilən ölkənin yaşadığı şəraitin səviyyəsini müəyyənləşdirən ünsürlərdən biri də bankların fəaliyyəti, bankinq sisteminin durumudur.
Ermənistandakı kommersiya banklarının aktivləri hazırda 2 trilyon 37 milyard dram və ya təqribən 5,2 milyard dollardır. Bunu Ermənistanın Mərkəzi Bankı bəyan edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya banklarının aktivləri 30 milyard dram azalıb.
Ölkədəki bankinq sisteminin bərbad vəziyyətdə olmasını kommersiya banklarının aktivlərinin çoxunu kreditlərin təşkil etməsi də aşkar göstərir. Belə ki, 1,25 trilyon dram və ya bütün aktivlərin təxminən 61 faizi kreditlərdir. Hüquqi şəxslərə verilmiş kreditlərin ümumi məbləği təxminən 777 milyard dramdır.
Sarkisyan rejimi ölkədəki maliyyə vəsaiti dövriyyəsi və daxili investisiyaların artmasından bəhs edərək iqtisadi inkişafı vurğulaya bilər. Lakin rəqəmlər tam tərsini göstərir və bu əks mənzərə Yerevan hakimiyyətinin əxlaqi deqradasiyası ilə mənəvi tənəzzülünü də ortaya qoyur.
Rəsmi statistika belə, daxili investisiyalar həcminin son illər fasiləsiz azaldığını etiraf edir, çünki belə rəqəmləri bütün səylərə və saxtalaşdırmalara rəğmən, gizləmək çox çətin, hətta mümkünsüzdür.
Klassik "ət-pişik" dilemmasının Ermənistan bank sistemindəki izharı hüquqi şəxslərə verilən kreditlərin ayrılması, həmin kreditlərin təkrar investisiya, ilkin kapital, inşa mənşəyi və s. formasında iqtisadiyyata "sızdırılması" isə çox zəifdir. Səbəb bəlli: hüquqi şəxslərə verilən kreditlərin tam əksəriyyəti, daha doğrusu, təxminən 82 faizi kriminal oliqarxiyanın inhisarında olan iqtisadiyyat və sənaye sahələrindəki şirkətlər, strukturlar və müəssisələrin payına düşür.
Bankinq sistemi müstəqil olmadığından kredit faizləri çox yüksəkdir və bankların ayırdıqları maliyyə vəsaitləri faktiki olaraq pulu alan strukturların hansısa konkret layihəni reallaşdırmaları əvəzinə, əksər hallarda mərhələli proqramların icrasına sərf olunur.
Rəsmi baxımdan sənədləşdirmələr qaydasındadır və ölkədə keçirilən primitiv audit təftişləri pulların məqsədli şəkildə xərclənməsi ilə yanaşı, ayırmaların işləndiyini göstərir. Belə deyil.
Ermənistan iqtidarındakı yüksəkçinli məmurların birbaşa nəzarətində olan, lakin üzdə müstəqil maliyyə-bankinq strukturu kimi təqdim edilərək guya fəaliyyət göstərən bankların total əksəriyyəti çirkli pulların yuyularaq təmizlənməsi, başında Serj Sarkisyanın durduğu çoxşaxəli mütəşəkkil cinayətkarlığın kriminal gəlirlərinin legitimləşdirilməsi ilə məşğuldur.
Belə tələblərə riayət etməyən banklar isə ölkədə ümumiyyətlə mövcud deyil.
C hərfi. Canı
cəzalı cəmiyyət
Ermənistan rəhbərliyi idarə etdiyi ərazini istədiyi qədər "dövlət" adlandıra bilər, əhalini də "vətəndaşlar" kimi qələmə verər. Lakin bu ərazinin vətəndaşlar yaşayan dövlət olması üçün ən zəruri nəsnələrdən biri olsa da, yoxdur.
Sanki bazardakı gözbağlayıcının ətrafına yığdığı adamları potensial müştəri sayaraq aldatmağa başladığı dönəmdə göstərdiyi fəndlərdən biridir.
Fəndgir gözbağlayıcı əlində tutduğu əşyanı adamlara göstərir və sonra qəflətən əlini aşağı salıb saxlayır, sonra ovcunu açır.
Budur, ovuc tərtəmizdir. Az sonra isə o, ovcunu sıxır və açır - itmiş nəsnə yerindədir. Serj Sarkisyan da 2008-ci ilin martından bəri ermənilərlə belə oyun oynayır.
Kağız üzərində demokratiya var, erməni bu kəlməni "de-mo-kra-ti-ya" deyərək höccələyib oxuyur, amma başını qaldıranda ətrafında həmin kəlmənin heç olmasa, "d" hərfinə dəlalət edə biləcək nə isə görmür.
Amma yox - "d" var, "dik-ta-tura"nın ilk hərfi təki. "D" olan yerdə "B" də var. Məsələn, "bank" kəlməsinin ilk hərfi təki...
Hələlik Ermənistanda canı cəzalı cəmiyyət var. O canda ruh qalmayıb və bu səbəbdən də cəzası cinayətkarlara dözməkdir.
Susqunların aqibəti başqa nə cür ola bilər ki...
Novruz Sultanov
Digər Xəbərlər
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01
2024-12-24 10:12:02
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55
2024-12-23 23:55:40
2024-12-23 23:44:02
2024-12-23 23:19:16
2024-12-23 22:36:17
2024-12-23 22:20:17
2024-12-23 21:48:02
2024-12-23 21:02:17
2024-12-23 20:58:32
2024-12-23 19:44:32
2024-12-23 19:33:30