Sabiq nazirə seçkiöncəsi böyük şok
10:48 01-09-2015
CƏMİYYƏT
Onlarla cüdoçu Füzuli Ələkbərovdan ölkə başçısına şikayət etdi
Bu günlərdə "Unikal" qəzetində dərc edilən məqalədə ("Sabiqlər deputat mandatı uğrunda hərəkətə keçir", 18 avqust, 2015) bildirilirdi ki, payızda keçiriləcək parlament seçkilərində bəzi sabiq deputatların və keçmiş məmurların da iştirakı gözlənilir. Onlar bu istəklərini hələlik açıq şəkildə biruzə vermirlər. Bunun da səbəbi həmin keçmiş millət vəkillərinin seçkidə iştirak üçün "yuxarılar"dan hələlik heç bir razılıq ala bilməmələridir.
Həmin yazıda deputat olmağa iddia edən sabiqlər arasında keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun da adı çəkilmişdi. Maraqlıdır ki, Ələkbərovun deputatlığa iddia etməsi barədə söz-söhbətlərin ortaya çıxmasının ardından onun adı ətrafında qalmaqallı xəbərlər çoxalıb.
Əvvəlcə təxminən on gün əvvəl xəbər yayıldı ki, sabiq nazirin oğlu Vüqar Ələkbərov Beynəlxalq Banka borcu olduğuna görə saxlanılıb. Sonradan onun haqqında həbs-qətimkan tədbiri seçilib. V.Ələkbərovun hazırda Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanıldığını bildirilib. Amma həmin xəbərin yayılmasından az sonra V. Ələkbərov öz növbəsində barəsində yayılan bu informasiyaları qəti şəkildə təkzib edərək bildirib ki, hazırda ailəsinin yanında, evdədir.
Xatırladaq ki, Vüqar Ələkbərovun adı 2012-ci il yanvar ayında baş vermiş, "İsmayıllı hadisələri" kimi yadda qalan iğtişaşda da hallanmışdı. Belə ki, həmin vaxt atası nazir, əmisi Nizami İsmayılovun icra başçısı olan Vüqar Ələkbərovun İsmayıllıda "Çıraq" oteli fəaliyyət göstərirdi. Avtomobillə otelin yaxınlığında qəza törədən Vüqar Ələkbərovun sərxoş vəziyyətdə söyüş söydüyü və buna görə də əhalinin qəzəblənərək "Çıraq" otelini və bir neçə avtomobili yandırdığı bildirilirdi. Bundan sonra hadisənin miqyası daha da genişlənərək, kütləvi iğtişaşa çevrilmişdi. V.Ələkbərov və onun yaxınlarını istintaq zərərçəkən kimi tanımışdı və məhkəmədə ifadə vermişdilər. Qeyd edək ki, Füzuli Ələkbərovun "vurulmasında" məhz onun oğlunun səbəb olduğu bu hadisə həlledici rol oynayıb.
Dünənsə onlarla cüdoçu Füzuli Ələkbərovdan ölkə başçısına şikayət məktubu ünvanlayıblar. Belə ki, cüdo üzrə gənclər millimizin üzvləri onlara yaradılan şərait və göstərilən diqqətdən narazıdırlar. Cüdoçular etiraz əlaməti olaraq, avqustun 17-də etiraz aksiyası da keçirmişdilər.
Buna səbəb cüdoçulara əziyyətlərinin qarşılığında lazımı diqqətin ayrılmaması idi. Bundan əlavə, cüdoçular beynəlxalq yarışlarda iştirak etmək üçün heç bir dəstək görmədiklərini də bildirirdilər.
Aksiya keçirən cüdoçular bildirmişdilər ki, Azərbaycan Cüdo Federasiyasından idmançılara Dünya və Avropa birinciliklərinə aparılmayacaqları söylənilib. Onlara "Pul yoxdur, gedin nə istəyirsinizsə, onu da edin" deyə cavab verilib. Buna etiraz edən cüdoçular lazımi tədbirlər görülməyəcəyi təqdirdə, ölkə başçısına müraciət edəcəklərini açıqlamışdılar.
Cüdoçular etirazlarına cavab verilmədiyindən Prezident İlham Əliyevə müraciət ediblər. Ölkə başçısına ünvanlanan müraciətdə onlar qarşılaşdıqları problemləri qeyd ediblər. Cüdoçular cüdo idman növündə əldə edilən uğurları prezidentin diqqətinə çatdırıblar, son illərdə gördükləri münasibətin nəticəsi olaraq, uğursuzluğa düçar olduqlarını və çıxış yolu olaraq, ölkə başçısından dəstək gözlədiklərini qeyd ediblər.
Müraciət cüdo idman növündə nailiyyəti olan 25 idmançı tərəfindən imzalanıb.
Xatırladaq ki, Bakıda keçirilən I Avropa Oyunları zamanı 18 cüdoçumuzdan yalnız 1 nəfər mükafata layiq yer tuta bilmişdi.
Qeyd edək ki, federasiyanın prezidenti məhz keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur.
Son 10 gündə Ələkbərovun adı ətrafında belə qalmaqallı xəbərlərin dolaşması isə onun deputat mandatı alması imkanlarını xeyli azaldır. Hesab etmək olar ki, belə xəbərlər keçmiş nazirin hökumət içindəki rəqiblərinin əlinə onun öz vəzifə karyerasını davam etdirməsini önləmək üçün fürsət verir və belə fürsətdən Ələkbərova qarşı maksimum istifadə ediləcəyi şübhəsizdir.
Əgər keçmiş nazirin deputat olmaq iddiası barədə deyilənlər realdırsa, o zaman onun adının intensiv şəkildə qalmaqallı xəbərlərdə hallanmasının təsadüf olmadığını da ehtimal etmək mümkündür.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22