Prezident İlham Əliyevin Ucar və Göyçay səfəri
11:52 07-10-2015
CƏMİYYƏT
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar rayonuna səfərə gedib.
Dövlətimizin başçısı əvvəlcə Ucar şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub. Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov abidənin ətrafında görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirildi ki, Ulu Öndərin abidəsinin ucaldıldığı ərazidə son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bura rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.
Eyni zamanda İlham Əliyev "Ucar Aqro" MMC-nin quşçuluq sənaye kompleksi ilə tanış olub. Dövlətimizin başçısına məlumat verildi ki, müəssisənin illik quş əti istehsalı gücü 9,5 min ton təşkil edir. Müəssisədə 65 çeşiddə istehsal edilən quş əti məhsulları "Mərcan" brendi ilə təqdim olunur. Qeyd edildi ki, əsas istehsal prosesi beş sahədə - kəsim, soyutma, bölünmə, qablaşdırma və şoklama sahələrində aparılır.
Sonra Prezident İlham Əliyevə Aran iqtisadi rayonu üzrə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən investisiya layihələri barədə məlumat verildi. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Prezident İlham Əliyevə məlumat verdi ki, Aran iqtisadi rayonu üzrə 11 min 400-dək sahibkara 620 milyon manat civarında kredit verilib. Bunun 445 milyon manatını güzəştli kreditlər təşkil edir.
Daha sonra dövlətimizin başçısı quş əti emalı müəssisəsində və quş yetişdirmə fabrikində yaradılan şəraitlə tanış oldu. Azərbaycan Prezidenti İlham Əliyev həmçinin Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında da iştirak edib. Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib. Bildirilib ki, yeni xəstəxana üçün 4,4 hektar torpaq sahəsi ayrılıb. Bu ərazinin 1,2 hektarında 4 korpusdan ibarət ikimərtəbəli kompleks tikilib. Xəstəxana kompleksi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.
Prezident İlham Əliyev tibb ocağında yaradılan şəraitlə tanış olub. Burada ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotostendlər quraşdırılıb. Kompleksə cərrahiyyə, terapiya, pedriatriya, reanimasiya, ginekologiya, reanimatalogiya, diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinetal mərkəz, labaratoriya, təcili tibbi yardım stansiyası və inzibati korpus daxildir. Xəstəxana 118 çarpayılıqdır. Şöbələrin hamısı ən müasir tibbi avadanlıqla təmin olunub. Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucara səfərini başa çatdıraraq Göyçay rayonuna gəlib. Dövlətimizin başçısı əvvəlcə Göyçay şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu. Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rayonda görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. İlham Əliyev Göyçayda Gənclər Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu. Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
Prezident İlham Əliyev daha sonra Göyçaya səfəri çərçivəsində Bayraq Meydanı kompleksində yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyev Bayraq Muzeyi ilə də tanış oldu. Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Göyçaya səfəri çərçivəsində rayon mərkəzinə təmiz içməli suyun verilməsinə başlanılıb. Dövlətimizin başçısı əvvəlcə "Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi ilə tanış oldu. "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, layihə Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Şəhər su təchizatı və kanalizasiya layihəsi" və "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Göyçay şəhərində 43 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Prezident İlham Əliyev Göyçay şəhərinə təmiz içməli suyun verilməsini bildirən düyməni basdı. Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra Göyçay Şəhər Uşaq Musiqi Məktəbi binasının açılışı olub. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18