Şeyx molla və axundları qorxaqlıqda suçladı
08:45 15-10-2015
CƏMİYYƏT
"Axundların bəziləri onlar qarşısında qorxaqlıq nümayiş etdirərək səslərini çıxarmırlar..."
Bütün dünyanı təhdid edən dini radikalizm artqı qlobal problemə çevrilib. Aparıcı dünya dövlətləri güclərini birləşdirərək həmin təhlükəyə qarşı effektiv mübarizəyə start veriblər. Amma sevindirici haldır ki, sözügedən dini ekstremistlər Azərbaycanda istədikləri formada təşkilatlanmağı və qarşısıalınmaz gücə çevrilə bilməyiblər. Azərbaycanın xüsusi xidmət orqanlarının mütəmadi olaraq həyata keçirdikləri əməliyyatlar nəticəsində onlarla radikal dini təmayüllü şəxslər həbs olunub, bütün mümkün vasitələrlə onların təşkilatlanmasının və cəmiyyət üçün təhlükəyə çevrilməsinin qarşısı alınıb.
Bununla belə sözügedən təhlükəni ölkəmiz üçün tamamilə mümkünsüz saymaq da doğru olmazdı. Dünyanı bürüyən bu təhlükə hər an ölkəmizdə də görünə və ciddi fəsadlar yarada bilər. Elə bu üzdən də müvafiq qurumlar təhlükəni önləmək üçün lazımi tədbirlərin icrasını bir an da olsa dayandırmamalıdır. Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin dini radikalların məscidlərdə sərbəst fəaliyyət göstərməsini tənqid edən fikirləri müsbət qarşılanmalıdır.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə dini radikalizm və terror hadisələri, İslam adından sui-istifadə edilərək terror və işğalların həyata keçirilməsi haqqında fikirlərini bölüşüb. O, məscidlərin axund və imamlarına, ruhanilərə xitabən bildirib ki, yalnız daxili vəhdəti qorumaqla, milli-mənəvi birliyi daha da möhkəmləndirməklə, vətənin maraq və mənafelərinə sadiq olmaqla bu bəlalardan qorunmaq mümkündür: "Məlumatlar daxil olur ki, yerlərdəki bəzi məscidlərə dəstə-dəstə bəzi adamlar gəlir. Kimsə hansısa fikirlərin daşıyıcılarını din adı altında başına toplayıb, yaxınlıqdakı məscidə gedir. Əvvəl görmüşdük ki, adam tək-tək məscidə gələr, indi topa-topa gəlirlər. Bizim oradakı axund və imamların bəziləri də onlar qarşısında qorxaqlıq nümayiş etdirərək səslərini çıxarmırlar. Sən nədən qorxursan axı? Qorxursansa, deməli sən ruhani deyilsən! Sənin arxanda Allah var, Azərbaycan dövləti var. Sən onlardan qorxmaqla dövlətinə, dininə xəyanət etmiş olursan".
Qeyd edək ki, hazırda Qərbdən qidalandığı ehtimal olunan dini radikalizm bir sıra islam dövlətlərinin başlıca başağrısına çevrilib. Bu baxımdan ölkəmizin düşünülmüş dini siyasət həyata keçirməsini böyük ehtiyac var. Əks halda isə bizi nələrin gözlədiyini təsəvvür etmək belə qorxuncdur. Buna misal olaraq təkcə Suriyanın son illər ərzində yaşadıqlarına göz atmaq yetərlidir. Məlumat üçün bildirək ki, iqtidar – müxalifət qarşıdurması kimi başlayan Suriyadakı vətəndaş müharibəsi sonradan dini təriqət, terrorçu və digər qruplaşmaların bura qoşulması ilə davam etməyə başladı. Belə bir vaxtda isə ABŞ-ın terrorizmlə mübarizə xidməti Suriya döyüşləri ilə bağlı xüsusi məlumat yaymışdı. Həmin məlumatlarda bildirilirdi ki, Suriya döyüşləri göstərir ki, radikal dindarların elan etdiyi islam cihadının tərəfdarı olan nəsil digər nəsilləri sıxışdırıb aradan çıxardır: "Bu terrorçuların yeni nəsli daha təkəbbürlüdür. Onlar təkcə Qərbə qarşı hücuma keçmir, həm də öz islam dövlətlərini yaratmaq niyyətindədirlər. "İraq-Şam İslam Dövləti" qruplaşmasının apardığı müharibələr dünyada diqqəti cəlb etməyə bəs etdi. Şimali Suriya və İraqın kiçik əraziləri hazırda onların idarəsindədir. Əsir götürdüyü düşmənlərin kütləvi edamları, baş kəsmələr onlar üçün gündəlik əhəmiyyətsiz işlərə çevrilib".
ABŞ kəşfiyyatının əsas narahatçılığı belə qüvvələrin Suriyada dövlət yaradacağı təqdirdə bölgədəki ölkələrə və digər islam dövlətlərinə qarşı daha ciddi təhlükə ola biləcəyidir: "Terrorçuların bu yeni nəsli daha yaxşı təşkil edilmiş və öz hədəflərinə fokuslaşmışlar. Biz ehtiyat edirik ki, onlar əgər kiçik də olsa islam dövləti qurmağı bacaracaqsa, ondan bu ərəb dünyasının bütünlüklə fəth edilməsinə tramplin olacaq".
Qeyd edək ki, radikal qruplaşmaların sırasında xeyli sayda başqa ölkələrdən olan gənclər də yer alır. Azərbaycandan Suriyaya gedən gənclərin olmasını nəzərə alsaq, təhlükə ölkəmizdən də yan keçmir. Həmin şəxslərin ölkəmiz üçün ən böyük təhlükəsi Azərbaycana qayıtmaları və burada təhdid mənbəyinə çevrilmələridir. Bu istiqamətdə qanunvercilikdə də dəyişiklik edildi. Xaricdə silahlı münaqişələrdə iştirak edənlər qanuna əsasən cəzalanacaq. Lakin mütəxəssislərin fikrincə, tək qanunverciliklə yox, cəmiyyət olaraq bu işdə aktiv olmalıyıq.
Xatırladaq ki, Suriya məsələsi başalanandan bu günə qədər Azərbaycandan həm ideoloji cəhətə görə, həm də pul müqabilində ora döyüşməyə gedən şəxslər var. Hətta bəziləri ailələri ilə bərabər gediblər. Bu insanların Azərbaycana ən böyük təhlükəsi odur ki, onlar fərdi şəkildə yox, şəbəkələşmiş formada gedirlər. Bunları istiqamətləndirən təşkilat var. O təşkilat lazım gələndə həmin adamları Azərabyacanın özünə qarşı da yönəldə bilər. Ən böyük təhlükə bundan ibarətdir. Radikal dindarların zaman- zaman dünyəvi dövlət quruluşunu dəyişib, şəriət dövləti qurmaq planlarının mövcud olduğu bəllidir. Suriyaya gedib-gələnlər müharibədən çıxanlar deməkdir. Onlar daha da radikallaşırlar. Təbii ki, sağ-salamat geri qayıtsalar, həmin şəbəkələrin tapşırığını Azərbaycanda da yerinə yetirmək istəyəcəklər. Ona görə də Azərbaycan üçün Suriyaya gedib gələnlər təhlükəlidir. Qanunvericilikdə müəyyən dəyişikliklər oldu. Əvvəllər də qanunvercilikdə qeyri-qanuni silahlı dəstələrdə iştirak etmə cinayət məsuliyyəti idi. Artıq ölkənin daxili ilə bərabər ölkənin xaricində də mövcud olan dəstələrdə iştirak etmək cinayət xarakteri daşıyır. Ona görə də həmin insanların orada iştirakı sübut olunsa, cinayət sayılacaq. Bu işləri sərtləşdirmək, nəzarətə götürmək hüquqi və maarifləndirmə müstəvisində ciddi addımlar atmaq vacibdir.
Ona görə də nəinki dövlət, bütövlükdə cəmiyyət bu məsələyə həssas yanaşmalıdır. Əks təqdirdə biz belə problemlə qarşılaşa bilərik. Azərbaycanın da bu gün ən böyük silahı məhz stabillikdir. Terror hadisələri Azərbaycanda törədilmir. Stabilliyi qorumaq, belə təhlükəli faktorları zamanında cəmiyyət olaraq neytrallaşdırmaq üçün isə hamı çalışmalıdır.
Bu baxımdan Şeyxin məscidlərə dini radikalların ayaq açmasından narahatlığını ifadə etməsi, buna görə bəzi axund və ruhaniləri tənqid etməsi təsadüfi sayılmamalıdır. Hər halda dini durumla bağlı Şeyx digərlərindən daha məlumatlı şəxsdir və görünür, ittihamları da səbəbsiz olmayıb, konkret faktlara söykənir.
Orxan
Digər Xəbərlər
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 14:44:02
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15