Deputatlığa namizəd Adil Əliyev ona qarşı ittihamlara cavab verib
12:37 17-10-2015
CƏMİYYƏT
"Aslan İsmayılovu özümə rəqib saymıram. Çünki cəmiyyətdə nüfuz qazana bilməyən birinin mənimlə mübarizə aparmaq üçün nə savadı, nə də ictimai nüfuzu bəs edər".
Bu sözləri 20 saylı Nərimanov II Seçki Dairəsindən deputatlığa namizəd Adil Əliyev rəqibi Aslan İsmayılova cavabında deyib. Adil Əliyev bildirib ki, o, cəmiyyətdə nüfuz qazananda bəziləri mədə xorasını müalicə etdirirdi: "Bu şəxs nə vəkil kimi vəkildir, nə də siyasətçi kimi siyasətçi. Hüquq müstəvisində də, siyasətdə də məğlubiyyətlərindən başqa heç bir "uğuru" yoxdur. Vəkillər Kollegiyasından iki dəfə qovublar, hətta "Hyatt Regency" otelində qarışıqlıq yaradıb, ordan da qovublar. Bu necə millət vəkilliyinə namizəddir ki, nə seçki kampaniyası keçirir, nə də seçicilərlə görüşür? Bu işləri görmək bacarığına və qabiliyyətinə malik deyilsə, gəlsin, mənim keçirdiyim görüşlərə baxsın, izdihamı müşahidə etsin. Saytlardan birinə verdiyi müsahibədə deyib ki, 2005-ci ildə bütün Bakının resursları 20-ci dairədə cəmləşmişdi. Bəli, bu belədir və bu dairədə mən onun və İsa Qəmbərin üzərində qələbə çaldım. Çünki seçkiyə hər ikisindən yaxşı hazırlaşmışdım. Seçki məsuliyyətdir, boş-boş danışmaq, sosial şəbəkələrdə çarxlar yaymaq deyil.
O ki qaldı Aslan İsmayılovun "Adil Əliyev İsa Qəmbər üzərində qələbə çala bilməzdi" fikrinə, özüm heç nə demirəm, müxalifət nümayəndəsi, özlərinin həmkarları Qurban Məmmədovun mətbuata açıqladığı fikirləri xatırlatmaq istəyirəm. Görün, Qurban Məmmədov nə deyib: "Mən Adil Əliyevin seçki texnologiyasına heyran qalmışdım. Təsəvvür edin ki, Adil Əliyevin 2 gənc - bir qız, bir oğlan nümayəndəsi bizim evimizə 5 dəfə gəldi! Hər dəfə yenə də hansısa şəkillər, broşürlər gətirirdilər və seçkiyə 3 gün qalmış gəlib yadımıza salacaqlarını dedilər. Onlar bu qaydada məhəlləmizdəki bütün ailələri "narahat etdilər" - kampaniya apardılar. "Azadlıq" blokundan - İsa Qəmbərin adından isə bir dəfə də olsun məhləmizə gələn olmadı. Yəni 2005-ci ildə Adil Əliyevin 20-ci dairədən qalib gəlməsi mübahisəsizdir. Bu isə bizim öz səhvimizdir. 2010-cu ildə isə Adil Əliyevin qarşısında durmaq daha da çətinləşdi. Çünki bu 5 ildə A.Əliyev seçki dairəsində yaşayan hər bir ailənin üzvünə çevrildi. Hamı onu tanıdı. Mən o vaxt Aslan bəyin vəkili kimi Adil Əliyevin görüşlərini də izləyir, lazımı qeydlərimi edirdim. Təəssüf ki, 2010-cu ildə də nəticəni dayişmək bizə qismət olmadı və Adil Əliyev 20-ci dairənin əbədi namizədinə çevrildi".
Bunu o şəxs deyir ki, həm "Azadlıq" blokunun təmsilçisi, həm də elə Aslan İsmayılovun seçkidə vəkili olub. Bundan sonra Aslan İsmayılovun "mənim topladığım səs respublikada bütün dairələr üzrə ən yüksək olar" fikrinə kim inanar? Deyir ki, guya 20 saylı Nərimanov II Seçki Dairəsi ərazisində yaşayan seçicilərin çoxu uzun illərdir, onun yanına gedirlər. Bu illərdə minlərlə seçici ilə görüşmüşəm, birindən eşitmədim ki, hansısa probleminə görə Aslan İsmayılova müraciət etsin və ondan dəstək alsın. 10 ildir, qərargahımda minlərlə vətəndaşı qəbul etmişəm, qəbul günlərim var. Əlimdən nə gəlirsə, vətəndaşlara kömək etməyə çalışıram. Bunu özümə borc bilirəm! Bəs o, bu vaxta qədər dairəmizin nə qədər insanına kömək edib, kimsəsizlərə və ehtiyacı olanlara yardım əli uzadıb? Mən imkanlı iş adamlarından böyük pullar alıb, onlara hüququ yardım göstərilməsini nəzərdə tutmuram, kimsəsizlərə, ehtiyacı olanlara, müharibə veteranlarına dəstəkdən, köməkdən danışıram. Heç üzərinə götürdüyü işləri də doğru-dürüst sona çatdırmayıb, məhkəmədə hansısa işi uğurla başa çatdırdığını eşitməmişik. Cəmiyyətdə və mediada Azərbaycanda ən uğursuz vəkili kimi ad qazanıb. Seçicilər kimin meydanda olduğunu da yaxşı görür, kimin hansı işlər gördüyündən də xəbərdardır. Aslan İsmayılovun virtual qəhrəmanlığından başqa bir işini görmədim. Milli Şuranın seçkini boykot qərarını bəyənmir ki, fürsətdən istifadə edib insanlarla ünsiyyət yaradıb mitinqlər keçirməli idilər. Guya özü namizəd kimi seçicilərlə ünsiyyət qurub? Nə zaman açıq və qapalı zalların birində seçicilərlə görüş keçirdi ki, bizim xəbərimiz olmadı? Deyir, nə hakimiyyətdənəm, nə də müxalifətdən. Əlbəttə, mövqeyi olmayan ömrü boyu ortada qalmağa məhkumdur. Özünə hörmət edən insan ardıcıl 2 məğlubiyyətdən sonra özünə başqa dairə axtarardı. Necə ki, 2005-ci ildə müxalifətdən olan əsas rəqibim – İsa Qəmbər məğlubiyyətdən sonra başqa dairədən namizədliyini verdi. Yeri gəlmişkən, 2005-ci ildə mənim Aslan İsmayılov adında rəqibim yox idi. Rəqabət mənimlə İsa Qəmbər arasında gedirdi və media məhz bizim rəqabəti işıqlandırdı. Doğrusu, mənə Aslan İsmayılov kimi rəqib də məqbuldur. Qoy yenə də böyük hesabla onu məğlub edim və 5 il sonra yenə namizədliyini 20-ci dairədən versin. Heyf deyil belə rəqib! Bir rəqib ki, Adil Əliyevin fəal millət vəkili və parlamentdə fəallığına görə ilk 10-luqda yer aldığını etiraf edir, belə rəqibi kim arzulamaz?"
Adil Əliyev onu da qeyd edib ki, Aslan İsmayılov onun başını qatmağa çalışır: "Mən ondan fərqli olaraq gündəlik işlərlə məşğulam, seçkiyə hazırlaşıram, seçicilərlə görüşürəm, insanların dərdlərini dinləyirəm, o isə iftiralarına, böhtanlarına davam edir. Sonuncu izdihamlı mitinqimdə Aslan İsmayılovu yenə görüşə dəvət etdim. Aslan İsmayılov özünə belə arxayındırsa, gəlsin, camaatın qarşısında çıxış etsin, fikirlərini bildirsin. Bunun əvəzinə sağdan-soldan iftira yağdıracaqsa, buna hər dəfə cavab verməyə mənim nə vaxtım, nə də həvəsim var. Ancaq iftiralarının genişləndirməkdə davam edəcəksə, tutarlı cavablarını da alacaqlar".
T.Əliyev
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18