Səlim Müslümov BMT-nin Əhali Fondunun direktorunu qəbul edib
11:23 20-10-2015
CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurumun yeni təyin olunmuş regional direktoru ilə görüş olub
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə yenu təyin olunmuş regional direktoru Karl Kulessa ilə tanışlıq görüşü olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hazırda dünyada və bölgədə gedən böhran proseslərinə baxmayaraq, Azərbaycanın sabitlik və inkişaf məkanı olduğunu, Prezident cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin ölkədə bütün sahələrdə tərəqqi proseslərinin, o cümlədən sosial proqramların davamlı xarakter almasına imkan yaratdığını vurğulayıb. Cari ilin ötən dövründə də ölkəmizin uğurlu makroiqtisadi inkişaf göstəricilərini diqqətə çatdıran nazir sosial-iqtisadi inkişafın respublikada rifah səviyyəsinin yaxşılaşmasına və nəticə etibarilə demoqrafiya və əhali sakinliyi sahəsində müsbət proseslərə səbəb olduğunu bildirib: "Əhalinin illik artım tempinin 1,3 faiz təşkil etdiyi və bu göstəriciyə görə Avropada ilk yeri tutan Azərbaycanda sabit demoqrafik vəziyyət hökm sürür. Ölkə əhalisinin sayı 2005-2015-ci ilə qədər olan dövrdə 1 milyon 145 min 600 nəfər artıb və təkcə bu ilin əvvəlindən daha 73 min nəfər artaraq 2015-ci il sentyabrın 1-i vəziyyətinə 9 milyon 666 min nəfər təşkil edib. Aparılan təhlillər əsasında 2025-ci ildə ölkəmizdə doğulanların sayının 205 300 nəfərə, əhalinin sayının 10 milyon 970 min nəfərə çatacağı proqnozlaşdırılır".
Ölkədə müsbət demoqrafik proseslərin daha bir təzahürü kimi körpə və uşaq ölümü hallarının kəskin şəkildə azalmaqda, doğulanda gözlənilən ömür uzunluğunun, yeni qurulan ailələrin artmaqda olduğunu nəzərə çatdıran S.Müslümov nazirlik tərəfindən 2014-2025-ci illəri əhatə edən növbəti «Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı»nın layihəsinin hazırlandığını bildirib: "Respublikada demoqrafiya və əhali sakinliyinin inkişafını yaxın on il ərzində stimullaşdıracaq tədbirləri əhatə edən bu layihə elə ilk vaxtlardan ictimai müzakirəyə təqdim olunub. Ayrı-ayrı hökumət və qeyri-hökumət qurumları ilə birgə layihənin geniş müzakirələri aparılıb. İrəli sürülən çoxsaylı rəy və təkliflər dəyərləndirilməklə layihə xeyli təkmilləşdirilərək hökumətə təqdim olunub". Yeni Dövlət Proqramı layihəsinin qiymətləndirilməsi işlərində BMT-nin Əhali Fondu tərəfindən göstərilmiş ekspert dəstəyinin əhəmiyyətinə toxunan nazir ümumən birgə icra olunan layihələrin önəmindən bəhs edib. S.Müslümov ölkədə müvafiq sahədə siyasətin hazırlanması və icrasında BMT-nin "Əhali və İnkişaf" üzrə Fəaliyyət Proqramının prinsiplərinə xüsusi önəm verildiyini bildirib.
K.Kulessa Azərbaycanda bütün sahələrdə dinamik inkişafın demoqrafiya və əhali sakinliyi sahəsində də müşahidə olunmasından, ölkədə dövlətin bu sahəyə xüsusi diqqət ayırmasından, respublikanın müsbət demoqrafik göstəricilərindən məmnunluğunu ifadə edib. O, UNFPA ilə Azərbaycan arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu və qarşıdakı dövrdə bu əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Görüşdə demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində ölkəmizdə görülən işlər, habelə yeni Dövlət Proqramı layihəsi, qarşıdakı dövrdə əməkdaşlıq istiqamətləri və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18