Parlament seçkilərində gənclərin iştirakına həsr olunmuş görüş keçirildi
11:00 21-10-2015
CƏMİYYƏT
Əli Həsənov: "Seçki reallığını təhrif etməyi qarşısına məqsəd qoyanlara müqavimət göstərin"
Prezident Administrasiyası, Prezident yanında Gənclər Fondu və Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə parlament seçkilərində gənclərin iştirakı mövzusunda gənclər təşkilatları ilə görüş keçirilib.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev müstəqilliyinin 24 ili tamam olan Azərbaycanın böyük inkişaf yolu keçdiyini bildirib. O, Milli Məclisə seçkilərdə gənclərin iştirakının, Azərbaycanın müstəqilliyinə, sabitliyinə səs verməsinin bir vətəndaş borcu olduğunu söyləyib.
MSK sədri Məzahir Pənahov deyib ki, həmişə Azərbaycanın müstəqilliyi arzusu ilə yaşayıb: "Bugünkü gənclər isə müstəqil Azərbaycanın vətəndaşlarıdır, belə arzu ilə yaşamırlar. Arzu edirik ki, gənclər müstəqilliyimizin qədrini bilsinlər. Digər tərəfdən, müstəqillik qazanmaqla bərabər, dövlətin suverenliyini qorumaq da vacibdir. Suverenliyin qorunması gənc nəslin necə yetişməsindən asılıdır. Əvvəllər dövlətləri suverenlikdən, müstəqillikdən məhrum etmək üçün hərbi hücum edirdilərsə, indi ölkələrin suverenliyinə müxtəlif yollarla müdaxilə edirlər. Bura "beşinci kolon" və seçkilər də daxildir. Nəzərə almaq lazımdır ki, hər bir cəmiyyətdə həmişə müxtəlif səbəblərdən müəyyən narazı kəsim olur. "beşinci kolon" da olur. Bu və ya digər səbəbdən narazı qalan insanları müəyyən kənar qüvvələr öz tərəflərinə çəkir və sonra öz maraqları üçün istifadə edir, "beşinci kolon" yaradırlar. Bu baxımdan gənclər həssas təbəqədir. Gənclər dünyaya daha çox çıxırlar və onlar mürəkkəb dünyada Azərbaycanı qiymətləndirməyi bacarmalıdırlar. Gənc müstəqil ölkələrin gələcəyi yetişdirdiyi gənclərin əlindədir".
M. Pənahov qeyd edib ki, bu il ilk dəfə səs verəcək gənclər 1998-ci ildə dünyaya göz açanlardır: "Əgər kimsə seçkiyə biganə münasibət bildirirsə, gənclər dərhal buna reaksiya verməlidir. Bu seçkilərdə 63 min 555 min nəfər ilk dəfə səs verəcək. Səsvermə günü isə 257 seçicinin 18 yaşı tamam olacaq. Mən o gəncləri də səs verməyə çağırıram. Siz ölkənizin gələcəyinə səs vermiş olacaqsınız".
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda 300-dən artıq gənclər təşkilatının fəaliyyət göstərdiyini xatırladıb: "Azərbaycan əhalisinin 66 faizi 35 yaşına qədər olan insanlardır. Ona görə də Azərbaycanda gəncləri seçkilərə cəlb etmək çox vacibdir. Gənclər və İdman Nazirliyi bu istiqamətdə treninqlər, tədbirlər keçirir. İstərdik ki, gənclər təşkilatları da gəncləri seçkilərdə aktiv iştiraka çağırsın, bu yöndə tədbirlər keçirsinlər".
"İnanıram ki, gənclər təşkilatları yeni seçkiyə qatılacaq gənclər, ümumiyyətlə, gənclərin seçkilərdə iştirakı ilə bağlı iş aparacaqlar. Prezident İlham Əliyev də deyib ki, bizə məsuliyyətli gənclik lazımdır". Bunu Prezident Administrasiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə parlament seçkilərində gənclərin iştirakı ilə bağlı gənclər təşkilatları ilə keçirilən görüşdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib.
Ə. Həsənov deyib ki, I Avropa Oyunlarında gənclər üzərlərinə böyük məsuliyyət və yük götürüb. Avropa Oyunlarında formalaşan könüllülər avanqard kimi digər gəncləri arxasınca aparmağa qadirdir: "Biz çağırış edirik ki, bütün Azərbaycan gəncliyi seçkilərdə yaxından iştirak etsin. Bu gün sosial şəbəkələrdə, daxili və beynəlxalq mətbuatda Azərbaycandakı seçkilərlə bağlı müzakirələr gedir. O cümlədən seçkidən sonra seçkinin, "exit-poll"ların nəticələri ilə bağlı müzakirələr gedəcək. Azərbaycanda seçki reallığını təhrif etməyi qarşısına məqsəd qoymuş yerli və xarici qurumlara və şəxslərə müqavimət göstərin. Sadəcə, gördüklərinizi təbliğ edin, sizdən başqa heç nə istəmirik. Namizədlərlə görüşlərdə fəal olub, problemlərinizi nəzərə çatdırın ki, gənclərlə bağlı iş deputat seçildikdən sonra fəaliyyətlərində əsas istiqamətlərdən biri olsun. Arzu edirəm ki, hər biriniz vətəndaş məsuliyyəti dərk edərək seçkilərdə fəal iştirak edəsiniz". Ə.Həsənov qeyd edib ki, prezident İlham Əliyev Azərbaycanın milli maraqlarının, suverenliyinin qorunması üçün qətiyyətli mövqe nümayiş etdirir. Bizim vəzifəmiz odur ki, Azərbaycan dövlətini qoruyaq. Hər bir dövlət vətəndaşlarının maraqlarını təmsil edir və beynəlxalq münasibətlərdə də bu marağa söykənərək siyasət yürüdür. Siz gənclər də Azərbaycan dövlətinin qorunmasında, seçkilərdə iştirakda fəal olmalısınız".
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18