Hüquqi dövlətdə seçkinin şəffaflığına nəzarət mexanizmi
11:38 24-10-2015
KRİMİNAL
M. Baxışov: "Qanunda yerli və beynəlxalq müşahidəçilərin, eləcə də, KİV-in seçkini izləyərkən hüquq və vəzifələri göstərilib"
Parlament seçkilərinə sayılı günlər qalıb. Hüquqi dövlətdə seçki keçirməyin əsas tələblərindən biri də demokratik mühitin yaradılmasıdır. Hansı ki, buraya seçki prosesinin şəffaf keçməsini izləmək və nəzarət etmək üçün müşahidəçilərin və KİV-in seçki məntəqələrində iştirakını təmin etmək də aiddir. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 41-ci maddəsində müşahidə aparılmasının prinsipləri öz əksini tapıb. Bəs görəsən qanunla bu məsələ hüquqi dövlət olan, eləcə də seçki ərəfəsində olan Azərbaycanda necə tənzimlənir?
Hüquqşunas Müzəffər Baxışov deyir ki, Seçki Məcəlləsinin 41-ci maddəsinə əsasən müşahidənin aparılması aşağıdakı prinsiplərə əsaslanmalıdır: "Seçki prosesinə bir namizədin və ya siyasi partiyanın mənafeləri naminə təsir göstərilməməlidir, müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalıdır, müşahidə açıq aparılmalıdır eləcə də müşahidənin yekunları faktlara əsaslanmalıdır. Sadalanan prinsiplər müşahidəçinin lövhəciyinin arxasında göstərilməlidir. Müşahidə seçkilər elan olunduğu gündən başlana bilər və müvafiq məhkəmələrdə seçkilərlə əlaqədar bütün mübahisələrə baxıldıqdan sonra, seçkilərin yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edildiyi gün bitir".
Hüquqşunasın sözlərinə görə, qanunvericiliyin 42-ci maddəsində, müşahidəçilərin hüquq və vəzifələri göstərilib. M. Baxışov deyir ki, yerli və beynəlxalq müşahidəçilər eyni hüquqlara malikdirlər və eyni vəzifələr daşıyırlar: "Müşahidəçinin, o cümlədən beynəlxalq müşahidəçinin bu Məcəllənin 40.12-ci və 40.13-cü maddələrində göstərilən hüquqlarla yanaşı aşağıdakı hüquqları var. Bura seçici siyahıları ilə tanış olmaq, səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq, seçki bülletenlərinin verilməsini müşahidə etmək, səsvermə yerindən kənarda seçicilərin səs verməsini müşahidə etmək, seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək, müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək, müşahidə aparmağı təmin edən şəraitdə və müəyyən məsafədən seçicilərin səslərinin hesablanmasına seçicilərin səsləri hesablanarkən doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlılığını yoxlamaq məqsədi ilə baxmaq, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında seçki komissiyasının protokolu və digər sənədlərlə tanış olmaq daxildir. Həmçinin səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə müraciət etmək, seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə başladığı və seçki qutularının möhürləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara daxil olmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə çıxarmaq və ya almaq səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq da müşahidəçinin hüquqlarına daxildir. Müşahidəçinin müvafiq seçki komissiyalarında seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək, seçki sənədlərinin dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına göndərilməsini müşahidə etmək də hüquqları sırasına daxildir".
Həmsöhbətimiz deyir ki, müşahidəçiyə seçicilərə seçki bülletenləri vermək, seçiciyə necə səs verəcəyi və ya necə səs verdiyi haqqında sual vermək, seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək, seçicinin xahişi ilə seçki bülletenini doldurmaq, seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək, seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək, seçicilər arasında təşviqat aparmaq, bu və ya digər namizədin, siyasi partiyanın, referenduma çıxarılan sualın dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək, müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək, seçicilərin suallarına cavab vermək qadağan edilən hərəkətlər hesab edilir. M. Baxışovun sözlərinə görə, bu məcəllənin 42.3-cü maddəsində göstərilən tələblərə riayət etməyən müşahidəçinin qeydiyyatı onu qeydə almış seçki komissiyasının müraciəti əsasında müvafiq məhkəmə tərəfindən ləğv edilə bilər. Müşahidəçilər müşahidənin yekunlarına dair rəylərini Mərkəzi, dairə və ya məntəqə seçki komissiyasının sədrinə təqdim etdikdə həmin rəy səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında protokola əlavə edilməlidir.
O ki, qaldı KİV-in seçki prosesində iştirakına, həmsöhbətimiz bildirir ki, bu barədə qanunvericiliyin 43 -cü maddəsində ətraflı göstərilib. 43.1. bəndi, kütləvi informasiya vasitələrinin nümayəndələri bütün seçki komissiyalarının iclaslarını işıqlandıra, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolları və qərarları ilə tanış ola bilər, habelə müvafiq seçki komissiyasının qərarının, protokolunun və onlara qoşulan digər sənədlərin surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxara və ya ala bilər, əlavə nüsxələri isə Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə ala bilərlər. Kütləvi informasiya vasitələri nümayəndələrinin tələbi ilə seçki komissiyası qərarların, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolların surətləri seçki komissiyası tərəfindən təsdiq olunmalıdır.
Beynəlxalq müşahidəçilərin seçkini izləməsi isə qanunda 4.11 bəndi ilə tənzimlənir. M. Baxışov bildirir ki, beynəlxalq müşahidəçilər qanunla müəyyənləşdirilmiş qaydada və müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçirlər. Amma, Azərbaycan Respublikasının vətəndaşları beynəlxalq müşahidəçi statusu ala bilməzlər: " Dəvətlər seçkilərin təyin edilməsi barədə qərar rəsmi dərc edildikdən sonra Milli Məclis, müvafiq icra hakimiyyəti orqanları və Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilə bilər. İnsan və vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində nüfuzu olan qeyri-hökumət təşkilatları da beynəlxalq müşahidəçilərin dəvət olunması haqqında öz təkliflərini Milli Məclisin deputatlarına, Mərkəzi Seçki Komissiyasına və ya müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Beynəlxalq müşahidəçi qeydə alınmaq üçün bu Məcəllənin 40.7-ci maddəsində göstərilən sənədləri təqdim edir. Mərkəzi Seçki Komissiyası beynəlxalq müşahidəçiyə dövlət dilində və xarici dillərin birində onun təqdim etdiyi sənədlərə uyğun tərtib edilmiş vəsiqə - lövhəcik verir. Yalnız belə lövhəciyin olması beynəlxalq müşahidəçiyə seçkilərin hazırlanması və keçirilməsi dövründə bu Məcəllənin 40-42-ci maddələrinə uyğun olaraq fəaliyyət göstərmək imkanı verir. Beynəlxalq müşahidəçinin səlahiyyət müddəti Mərkəzi Seçki Komissiyasında qeydə alındığı gündən başlayır və seçkilərin rəsmi dərc edildiyi gün tamam olur. Beynəlxalq müşahidəçi öz fəaliyyətini müstəqil və sərbəst həyata keçirir, onun fəaliyyəti müşahidəçini göndərən tərəfin hesabına və ya onun öz şəxsi vəsaiti hesabına maliyyələşdirilir. Beynəlxalq müşahidəçi Azərbaycan Respublikası ərazisində olduğu müddətdə dövlətin mühafizəsi altına alınır. Seçki komissiyaları, dövlət hakimiyyəti orqanları və bələdiyyə qurumları ona zəruri yardım göstərməyə borcludurlar. Beynəlxalq müşahidəçilər səsvermə günündən sonra seçki qanunvericiliyi, seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar mətbuat konfransı keçirə və kütləvi informasiya vasitələrinə müraciət edə bilərlər. Beynəlxalq müşahidəçilərin seçicilərlə, namizədlərlə, qeydə alınmış namizədlərlə, seçki komissiyalarının üzvləri ilə, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri ilə, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri ilə görüşmək hüququ vardır. Beynəlxalq müşahidəçilər seçki kampaniyasının gedişi, seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar olmayan fəaliyyətlə məşğul olmaq üçün öz statusundan istifadə edə bilməzlər. Beynəlxalq müşahidəçi qanunları, beynəlxalq hüquq normalarını pozduğu hallarda Mərkəzi Seçki Komissiyası onun qeydiyyatını ləğv edə bilər".
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16