Azərbaycanda parlament seçkiləri keçirildi və bütün gözləntilər özünü doğrultdu. Belə ki, hakim Yeni Azərbaycan Partiyası uğurlu qələbəsini qazandı. Əksər ekspertlər hesab edir ki, bu seçkilər Azərbaycanda dövlət quruculuğu prosesində mühüm addım oldu. Çünki bu gün dünyada baş verən proseslər sübut edir ki, ölkələrin siyasi həyatı kifayət qədər gərgindir və əksər ölkələrdə hakimiyyət inqilab yolu ilə devrilir.
Hətta elə xarici qüvvələr var idi ki, onlar da Azərbaycanda çevriliş etməyə cəhdlər etdilər, vətəndaş cəmiyyətini parçalamaqla bahar inqilabını Azərbaycanda təkrarlamağa çalışdılar. Amma Azərbaycan xalqının hakimiyyətin yanında olması, vətəndaş cəmiyyətinin kənar qüvvələrə inanmaması bu prosesin qarşısını aldı. Nəhayət ölkədə parlament seçkiləri keçirildi və Azərbaycan xalqı bir daha sübut etdi ki, inqilab yolu ilə hakimiyyətin dəyişməsində maraqlı deyillər və seçkilər yolu ilə hakimiyyətin və qanunvericilik bazasının formalaşmasında maraqlıdırlar. Düzdür müəyyən qüvvələr çalışdılar ki, seçkilərdən sonrada Azərbaycana təzyiqlərini artırsınlar. Amma xalqın hakimiyyətlə bir yerdə olması səbəbindən bu baş tutmadı və aydın oldu ki, xalq öz seçimində qətidir. Elə prezident İlham Əliyev də açıq şəkildə bəyan etdi ki, seçkilər xalqın iradəsini əks etdirir və bunu kimsə dəyişə bilməz:" Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Sabitlik möhkəmlənir, xalq ilə iqtidar arasındakı birlik daha da güclənir. Son parlament seçkiləri bunu bir daha təsdiqlədi. İlk növbədə, qeyd etməliyəm ki, parlament seçkiləri yüksək fəallıqla müşahidə olunurdu. Eyni zamanda, bütün demokratik normalar təmin edilmişdir. Ədalətli, şəffaf keçirilən seçkilər Azərbaycanın demokratik inkişafa nə qədər sadiq olduğunu bir daha göstərdi. Beş yüzdən çox xarici, on minlərlə yerli müşahidəçi dediyim bu sözləri təsdiqlədilər. Bütün beynəlxalq müşahidəçilər seçkilərin yüksək səviyyədə keçirildiyini qeyd etdilər. Onu da qeyd etdilər ki, bu seçkilər Azərbaycan xalqının iradəsini ifadə edib.
Bu, doğrudan da böyük nailiyyətdir, böyük uğurumuzdur. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ölkədə aparılan siyasəti bəyənir, dəstəkləyir və seçkilər vasitəsilə öz fikrini ifadə edir. Biz də çalışmalıyıq ki, bundan sonra da xalqın etimadını doğruldaq, ölkəmizdə aparılan prosesləri sürətləndirək ki, bir dənə də olsun sosial və iqtisadi problem qalmasın.
Son illər ərzində bu istiqamətdə çox böyük işlər görülmüşdür. Bütün beynəlxalq qurumlar bunu təsdiqləyir. Ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 40-cı yerdədir, bir çox inkişaf etmiş ölkələri də qabaqlayır. Eyni zamanda, yoxsulluğa, işsizliyə qarşı mübarizəmiz beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir. Bu yaxınlarda - sentyabr ayında BMT Azərbaycanı bu nailiyyətlərə görə yüksək mükafatla təltif etmişdir.
Cəmi on il ərzində Azərbaycanda yoxsulluq 50 faizdən 5 faizə düşüb. Mən, ümumiyyətlə, qarşıya vəzifə qoymuşam ki, Azərbaycanda yoxsulluq olmamalıdır. Azərbaycanda bir nəfər də olsun yoxsul şəraitdə yaşayan insan olmamalıdır və biz bu hədəfə yaxınlaşırıq.
Son vaxtlar işsizliklə bağlı böyük addımlar atılmışdır. İşsizlik çox aşağı səviyyədədir. Ancaq dünyada gedən maliyyə böhranı nəticəsində işsizlik bir qədər arta bilər. Yəni, bəzi iş yerləri bağlanır. Ancaq açılan iş yerləri bağlanan yerlərdən daha da çoxdur və müsbət dinamika burada da özünü göstərmişdir. Əgər 30 min iş yeri bağlanıbsa, 67 min iş yeri açılıbdır.
Əlbəttə ki, gələcəkdə iqtisadi islahatların aparılması da prioritet olaraq qalacaq - sahibkarlığın, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi. Bu sahələrdə Zaqatala rayonunun çox böyük potensialı var. Biz indi çalışmalıyıq ki, öz təbii imkanlarımızdan maksimum dərəcədə istifadə edək. Biz sahibkarlara daha da yaxşı şərait yaratmağa çalışmalıyıq ki, onlar daha da çox məhsul yetişdirsinlər və məhsulu daxili və xarici bazarlarda sata bilsinlər. Bu məqsədlə çox ciddi addımlar atılmışdır, mənim tərəfimdən Sərəncam imzalanmışdır, qanun qəbul edilmişdir ki, biznes mühitini biz daha da yaxşılaşdıraq, sahibkarlara heç kim mane olmasın, onların işinə heç kim müdaxilə etməsin.
Mən əminəm ki, görülən işlər nəticəsində Azərbaycan gələcəkdə də müsbət iqtisadi inkişaf dinamikasını saxlaya biləcək. Bunu etmək indiki şəraitdə o qədər də asan deyil. Bir çox ölkələrdə, həm qonşuluqda, həm dünyada iqtisadi tənəzzül, Azərbaycanda isə iqtisadi inkişaf yaşanır. Bu ilin doqquz ayında iqtisadiyyat təxminən 4 faiz, qeyri-neft iqtisadiyyatı 6 faizdən çox artmışdır. Əlbəttə ki, bu, görülən işlər nəticəsində mümkün olub. Ancaq əldə edilmiş nailiyyətlər bizi arxayınlaşdırmamalıdır. Bizim hər birimiz daha da fəal olmalıyıq, çalışmalıyıq ki, doğma Vətənimizi daha da irəliyə aparaq, Azərbaycanda bu gözəl ictimai-siyasi mühit daimi olsun. Əminəm ki, belə də olacaq.
Bir çox beynəlxalq təşkilatlar, siyasətçilər, politoloqlar, alimlər Azərbaycanda dinlərarası, millətlərarası münasibətləri nümunə kimi göstərirlər. Bu, həqiqətən də belədir və Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir millətin nümayəndəsi dəyərli vətəndaşdır, eyni hüquqlara malikdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma olmamışdır və biz bu siyasətə sadiqik. Harada ki, bu məsələlər müsbət istiqamətdə getmir, o ölkələr fəlakətlə üzləşir. Azərbaycanda isə bu sahədə mövcud olan vəziyyət, ilk növbədə, ölkəmizi gücləndirir, digər tərəfdən başqa ölkələrə də yol göstərir ki, bu, mümkündür - birgə yaşamaq, bir-birinə dəstək olmaq, bir-birinin dininə, adət-ənənələrinə, milli dəyərlərinə hörmət etmək mümkündür.
Baxın, bu gün Avropada mənəvi böhran yaşanır. Avropa bəyan etdiyi dəyərlərə sadiq çıxa bilmir, miqrantlara - müsəlman qaçqınlarına nə qədər böyük əzab-əziyyət verilir, onların ləyaqəti alçaldılır, onlara qarşı çox dözülməz, qəbuledilməz addımlar atılır. Mən dəfələrlə demişəm, o insanların heç bir günahı yoxdur. Xarici müdaxilə nəticəsində onların ölkələri darmadağın edildi, onlar on minlərlə, yüz minlərlə yaxınlarını itirdilər, milyonlarla insan qaçqın vəziyyətinə düşdü və indi onlar Avropaya pənah aparırlar. Orada isə onların qarşısında sədlər tikilir, tikanlı məftillər çəkilir, onlara itlərlə hücum edilir, onlar qəfəsə salınır. Sonra isə insana yaraşmayan o qəfəsin üstündən onlara yemək atılır. XXI əsrdə bu qədər dözülməz hərəkət heç kimə şərəf gətirmir. Bu, bir sınaq dövrüdür. Avropa indi bu sınaqdan çıxmalıdır, bəyan etdiyi dəyərlərə sadiq qalmalıdır. Yoxsa, əgər bu vəziyyət davam edərsə heç bir başqa ölkə qarşısında heç bir tələb qoyula bilməz. İlk növbədə, sən özün daxildə bu prosesləri normal məcraya salmalısan, özün daxildə bəyan etdiyin dəyərlərə sadiq çıxmalısan, ondan sonra kimdənsə nəsə tələb edə bilərsən.
Bu proseslər bizi çox narahat edir, incidir, ürəyimizi ağrıdır. O yazıq insanları bu vəziyyətdə görəndə əminəm ki, hər bir normal insan çox ağır hisslər yaşayır. Digər tərəfdən, bu, dini qarşıdurmadır, - mən bunu belə adlandırardım, - bu, miqrant böhranı deyil, bu, dini qarşıdurmadır, bu, islamafobiyanın əlamətidir. Bu, son illər ərzində anti-müsəlman təbliğatının nəticəsidir və bu, daha da böyük problemlərə və dünyada sivilizasiyalararası toqquşmaya gətirib çıxara bilər". Beləliklə hesab etmək olar ki, heç bir təzyiqə baxmayaraq Azərbaycan xalqı öz seçdiyi dövlət quruculuğu xəttinə sadiqdir və günbə-gün bu proses daha da dərinləşir. Bunu da qeyd edək ki, ölkədə vətəndaş cəmiyyətinin də aktiv olması, proseslərə ciddi reaksiya verilməsi kənar qüvvələrin müdaxiləsini sıfıra endirir. Amma bir neçə il öncə ölkədə elə QHT-lər var idi ki, kənar qüvvələr tərəfindən maliyyələşirdi və bu səbəbdən onların sifarişlərini həyata keçirirdilər. Amma vaxtı yetişdi və dövlət vətəndaş cəmiyyətinə sahib çıxdı və bununla da xarici qüvvələrin gizli maraqlarının üstündən xətt çəkildi.
E.Əliyev
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16