İsgəndər Xəlilov NİKOYL Banka görə Vahid Ələkbərova minnətçi düşdü
01:56 18-11-2015
İQTİSADİYYAT
Bankın maliyyə durumu ağırdır, "Lukoyl" prezidenti də bank rəhbərliyinə "yox" deyir...
Ötən yazımızda NİKOYL/Bankda baş verən maraqlı proseslər haqda yazmış və həmin məqalə böyük rezonans doğurmuşdu. Ölkənin əksər nüfuzlu informasiya daşıyıcılarında da dərc olunmuş sözügedən məqalədə bildirilirdi ki, Azərbaycanın bank sektoruna 1994-cü ildən daxil olan və kifayət qədər populyarlıq qazanan NİKOYL/Bank ciddi sınaq qarşısındadır və hazırda ağır günlərini yaşayır. Hazırda bankda ciddi maliyyə krizisi yaşanır. Bankın ciddi pul qıtlığı yaşadığı, müştərilərin bir-birinin ardınca bankdakı pullarını geri çəkmək üçün müraciət etdiklərini, lakin NİKOYL/Bankın həmin məbləğləri ödəməkdə zorlandığı da səsləndirilən iddialar arasında idi.
Həmin yazının işıq üzü görməsindən dərhal sonra isə NİKOYL/Bankın mətbuat xidməti bankın çökməsi ilə bağlı xəbərlərə reaksiya verib. KİV haqqında qanunun müvafiq bəndini, eləcə də jurnalist etikasını əsas götürən "Unikal" qəzeti qarşı tərəfin mövqeyi olan məlum açıqlamanı da dərc etdi. Redaksiyamıza adıçəkilən bank tərəfindən daxil olan məktubda bildirilirdi ki, NİKOYL/Bank ölkənin bank sektorunda öz stabil inkişafını qoruyub saxlayır və deyilənlərin əksinə olaraq ildən- ilə inkişaf strategiyası qurur və NİKOYL/Bankın nağd pul vəsaitləri ilə heç bir çatışmamazlığı yoxdur. Açıqlamada iddia olunurdu ki, NİKOYL/Bank müştəri itkisi ilə deyil, əksinə ölkədən və xarici ölkə vətəndaşlarından depozitlər qəbul edir və bütün bank xidmətlərinin müştərilərə göstərilməsində heç bir məhdudiyyət müşahidə olunmur.
Biz NİKOYL/Bankın mövqeyini dərc etməklə yanaşı oxucularımızın diqqətinə bir müddət öncə adıçəkilən bankın vətəndaşlara qarşı haqsızlığı ilə bağlı şikayətləri də təqdim edirik. Qeyd edək ki, 2015-ci ildə Azərbaycanda vətəndaşların ən çox şikayətləndiyi banklardan biri NİKOYL/Bank olub. Bankla bağlı il ərzində çoxsaylı şikayətlər ictimailəşib.
Məsələn, bu ilin iyulunda şikayət məktubu yazan Salman Məmmədov bildirib ki, NİKOYL/Bank ASC-nin Sumqayıt filialının əməkdaşı onun 958 AZN pulunu mənimsəyib. Sitat: "NİKOYL/Bank ASC-nin Sumqayıt filialından şəxsi özəl mənzilimin girovu müqabilində 21600 ABŞ dolları məbləğində kredit götürmüşdüm. Götürülən kredit məbləğinə görə aylıq ödənişləri də hər ay ödəmişəm.
2015-ci ilin mart ayında aylıq ödənişi həyata keçirmək istədiyim zaman həmin bankın səlahiyyətli işçisi Fərhadov Vüsal Əsəd oğlu məndən və oğlumdan 520 AZN və 438 AZN aldı və bildirdi ki, ABŞ dollarının kursu hələ müəyyən olunmayıb və may ayında AR Konstitusiya Məhkəməsi bu işə baxacaq. O zaman qəbul ediləcək qərara əsasən mən özüm ödənişi müəyyənləşən faizlə (kursla) ödəyəcəm. Bu zaman Vüsal Fərhadov heç bir qəbz verməmişdir. Sonra məlum olmuşdur ki, V.Fərhadov bizdən qəbul etdiyi ümumilikdə 958 AZN ödənişi mənimsəmiş, bizim hesabda olan depoziti icazəsiz götürərək ödəniş etmişdir.
Bu günlərdə məlum olmuşdur ki, V.Fərhadov bizimlə yanaşı daha bir neçə nəfəri də aldatmış və qonşu Türkiyəyə qaçmışdır. NİKOYL/Bank rəhbərliyi isə işçisinin bu məsuliyyətsizliyindən boyun qaçıraraq cinayəti ört basdır edərək müştərilərinə etinasız yanaşır. Bizə bildirirlər ki, gedin özünüz V.Fərhadovdan pulunuzu tələb edin. V.Fərhadov mənim ödənişlərimi qeydiyyata salmadığına və nəticədə aylıq ödəniş gecikmələri yarandığına görə bank əməkdaşları mənim mənzilimi Məhkəməyə verməklə hədələdilər və bildirdilər ki, mənzil ipoteka müqaviləsində göstərilən qiymətdən də aşağı qiymət ilə satışa çıxarılacaq. Bu halın baş verməsindən narahat olaraq biz təkrarən ödədiyimiz məbləği yenidən banka ödəməli olduq". Şikayətçi baş verənlərlə bağlı şikayətlərinin hüquq-mühafizə orqanları tərəfindən də obyektiv araşdırılıb tədbir görülməməsindən gileylənib.
Bundan bir qədər əvvəl isə Gürcüstan vətəndaşı İbrahimov Füzuli Məhəmməd oğlu NİKOYL/Bank əməkdaşının ona 80 min manat ziyan vurması ilə bağlı şikayət edib.
Bütün bunları təkrarən xatırlatmaqda məqsədimiz NİKOYL/Bankın onların işgüzar nüfuzuna guya zərər vurmağımız haqda iddialarının əsassızlığını isbatlamaqdır. İndi isə adıçəkilən bankla bağlı "Unikal" qəzetinə daxil olmuş yeni informasiyaları təqdim edirik. Qəzetmizi məlumatlandıran mənbə iddia edir ki, NİKOYL/Bank həqiqətən özünün ən ağır dövrünü yaşayır. Bankın sahibi, qalmaqallı iş adamı İsgəndər Xəlilovun bütün səylərinə baxmayaraq bankın düşdüyü "qara zolaqdan" çıxartmağın hələ də mümkün olmadığını söyləyən mənbəmiz prosesə digər nüfuzlu iş adamının cəlb edilməsi planı da iflasa uğrayıb: "Bilindiyi kimi, İsgəndər Xəlilov "LUKOİL" şirkətinin prezidenti Vahid Ələkbərovla yaxındır. Hətta bankın səhmdarları arasında "LUKOİL"-in də payı var. Bu günlərdə isə İsgəndər Xəlilov bankın düşdüyü acınacaqlı durumla bağlı Vahid Ələkbərova məlumat verib və ondan kömək istəyib. Vahid Ələkbərov isə ona heç cür köməklik göstərə bilməyəcəyini deməklə köhnə dostunun son ümidlərinin üstündən də xətt çəkmiş olub".
Sonda bir daha xatırladaq ki, hazırda NİKOYL/Bankın problemli kreditlərinin çəkisi də xeyli yüksəkdir. Bu isə bankı ciddi risklərlə üz-üzə qoya bilər.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53