Mübariz

Azərbaycanlı milyarder digər həmyerlimiz "AST Telman"ın aqibətini yaşaya bilər!

Azərbaycanlı oliqarx Mübariz Mənsimovun dünyanın ən qəddar terror təşkilatı olan "İslam Dövləti" (İŞİD) ilə razılaşdırılmış neft biznesinə dair yeni məlumatlar yayılıb.
Belə ki, İspaniya mənbələri İraq Kürdüstanından hazırda İŞİD-in nəzarətində olan Kərkük-Ceyhan neft kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına Bağdad hökumətinin razılığı olmadan nəql edilən neftin Mənsimovun tankerləri ilə daşındığını bildirir.
"El Economista" qəzetində yer alan məlumatda deyilir ki, neft qaçaqmalçılığı İŞİD-in əsas gəlir qaynaqlarından biridir. Bu terror təşkilatının nəzarətində olan ərazilərdən nə qədər neft hasil olunduğuna dair müxtəlif rəqəmlər var.
Lakin təxmini hesablamalara görə hazırda İŞİD İraq və Suriya ərazisindəki yataqlardan gündə 1,5-2 milyon barrelə qədər neft hasil edə bilər. Müqayisə üçün qeyd edək ki, bu, Azərbaycanın BTC ilə ixrac etdiyi neftin həcmindən az qala iki dəfə çoxdur.
İŞİD-in bu neft hasilatından əldə etdiyi gəlir isə OPEC-ə üzv olan bəzi ölkələrin neft gəlirləri ilə müqayisə oluna bilər.
İŞİD nefti bazar qiymətindən az qala iki dəfə ucuz satır. Treyderlərin yanacaqdaşıyan maşınları İŞİD-dən neft almaq üçün həftələrlə növbədə dayanırlar. Onlar İŞİD-dən nefti 25-30 dollara alır, daha sonra neftayırma zavodlarına, yaxud vasitəçilər üzərindən dünya bazarı qiymətlərinə satır. Bu səbəbdən İŞİD-lə neft alveri olduqca sərfəli biznesdir.
Bundan əvvəl Qərb mənbələrində Mənsimovun şirkətinə aid tankerlərin İŞİD neftini daşıdığı haqda xəbərlər yayılıb.
"El Economista" qəzetində yer alan məlumatda isə deyilir ki, İraq kürdləri Bağdadın icazəsi olmadan Kərkük-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına neft nəql edir. Və bu neft nəqli üçün İŞİD-dən icazə almaq lazımdır. Çünki kəmər İŞİD-in nəzarətindədir.
Bu günlərdə "Palmali Shipping & Agency" şirkəti tərəfindən kirayələnmiş iki tanker Ceyhan limanından Kürdüstan nefti ilə doldurularaq yola salınıb.
Daha iki tanker isə İŞİD-in icazəsi ilə hazırda yüklənməkdədir. ABŞ-ın və İraq hökumətinin xəbərdarlığından sonra aparıcı şirkətlərdən heç kim bu nefti almır. Ancaq tankerlərin yüklənməsi və yola salınması göstərir ki, İraq Kürdüstanı və İŞİD qaçaq neftə alıcı tapa bilirlər.
Qeyd edək ki, Mübariz Mənsimovun İŞİD-lə bağlantılarına dair iddialar bir müddət əvvəl də gündəmə gəlmişdi. "Unikal"a danışan adının açıqlanmasını istəməyən mənbə azərbaycanlı milyarderin adının hazırda dünyanın bir nömrəli terror örgütü sayılan "İslam Dövləti" ilə bağlanılmağa çalışmasını təsadüfi saymır.
"Hesab edirəm ki, bu iddialar məqsədlidir. Əgər onlar tamamilə həqiqəti əks etdirirsə, bu, Mübariz Mənsimova ciddi başağrısı yaradacaq. İddialar doğru deyilsə belə, onların davamlı şəkildə gündəmə gətirilməsi də təsadüfi sayılmamalıdır. İstisna deyil ki, bu proses onun qardaş ölkə Türkiyədəki biznesinin əl dəyişdirməsinə gətirib çıxaracaq proseslərə start versin" deyə qaynaq qəzetimizə açıqlamasında bildirib.
"AST Telman" kimi tanınan digər azərbaycanlı sabiq milyonçu Telman İsmayılovun aqibətini xatırladan mənbəmiz Mübariz Mənsimovun adı ətrafında qalmaqallı vəziyyətin yaranmasının pərdəarxası niyyətlərə xidmət edə biləcəyini mümkün sayıb: "Bu vəziyyət onun Türkiyədən çıxarılmasına, biznesinin isə əl dəyişdirməsinə gətirib çıxara bilər. Yəni "AST Telman" necə Rusiyadan baş götürüb getməli oldu və özünü bir daha dirçəltməyi bacarmadı, hazırda isə demək olar, müflisləşmiş vəziyyətdədir. Mübariz Mənsimovun davamlı şəkildə İŞİD-lə əlaqələndirilməsi də mümkündür ki, onun sonda sıradan çıxarılmasına hesablanıb".
Bir sözlə, Mübariz Mənsimovla bağlı qarşıda bizi sürpriz gəlişmələrin gözləməsi kifayət qədər realdır. Düzdür, o, müxtəlif vaxtlarda KİV-ə açıqlamalarında qanunsuz işlərdən tamamilə uzaq olduğunu xüsusi şəkildə vurğulayır, amma həmyerlimizlə bağlı davamlı sensasion iddiaların gündəmə gəlməsi də təsadüfi sayıla bilməz və həmin iddiaların özəl niyyət və məqsədlərə hesablanmış ola biləcəyi ehtimalını artırır.

Sənan Mirzə