Prezidentin köməkçisindən KİV-lərə ciddi xəbərdarlıq
11:52 19-11-2015
İQTİSADİYYAT
Əli Həsənov: "İnternet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri haqqında əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır"
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov kütləvi informasiya vasitələrinin son zamanlardakı fəaliyyəti ilə bağlı açıqlama verib.
Ə.Həsənov bəzi KİV-lərin yalan məlumat yaydığını deyib: "Azərbaycan Respublikasında söz və məlumat azadlığı, hər kəsin, o cümlədən kütləvi informasiya vasitələrinin, jurnalistlərin sərbəst şəkildə informasiya əldə etmək, hazırlamaq və yaymaq hüququ tam təmin edilib. KİV-lər Azərbaycanın daxili və xarici siyasəti, cəmiyyət həyatının müxtəlif sahələri, habelə dünyada baş verən mühüm hadisələr haqqında çoxsaylı məlumatlar, müxtəlif şərh və təhlillər hazırlayır və ictimai rəyə təqdim edirlər. Söz və məlumat azadlığı Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir və qarşıdan gələn dövrdə də Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək. Bununla yanaşı, təəssüflə qeyd etmək lazım gəlir ki, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb. Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən "kənarlaşdırılması", rəhbərlik etdikləri qurumlarda "yoxlamalar", evlərində "axtarışlar" aparılması, məmurların "həbsi", vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə "əməkdaşlığı" və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır".
Prezidentin köməkçisi deyib ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar: "Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur".
Ə.Həsənov əlavə edib ki, bəzi hallarda aparıcı KİV-lər də belə dezinformasiyaları tirajlayaraq öz oxucularını çaşdırırlar: "Sosial şəbəkələrdə və məqsədli şəkildə fəaliyyət göstərən internet saytlarında yerləşdirilmiş yalan məlumatlar yoxlanılmadan, həqiqiliyi araşdırılmadan həmin ciddi media orqanlarının səhifələrinə yerləşdirilir.
Nəzərə almaq lazımdır ki, mövcud hal dövlət orqanlarının nüfuzuna xələl gətirir, onların iş rejiminin pozulmasına, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olur və ümumilikdə, Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərir.
Hesab edirik ki, Azərbaycan KİV-ləri, jurnalistlər daim məsuliyyətli olmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməli, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməlidirlər. Jurnalist birlikləri, xüsusilə Mətbuat Şurası hazırda müşahidə olunan mənfi meyllərin aradan qaldırılması istiqamətində əməli tədbirlər görməlidirlər. Əks-təqdirdə qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək".
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53