Elman Rüstəmovun özünəməxsus bəhanəsi
11:54 19-11-2015
İQTİSADİYYAT
Əhalinin nağd vəsaitlərə meylli olmamasının məsuliyyətini kim(lər) daşıyır?
Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbəri Elman Rüstəmov ölkədə pul kütləsinin azalmasının əsas səbəblərindən biri kimi azərbaycanlıların nağd vəsaitlərə meylli olmasını göstərir. haqqın.az-a müsahibə verən AMB rəhbəri əhalinin həm dollar, həm də 50 və 100 manatlıqlar alaraq milyardlarla manat vəsaiti dövriyyədən çıxardığını vurğulayır.
Beləliklə, Elman Rüstəmov dolayısı ilə devalvasiya öncəsi ölkədə xarici valyutaya müşahidə edilən kütləvi marağın bu gün də davam etməsinin əsas səbəblərindən biri kimi azərbaycanlıların nağdsız ödənişlərə və kartda pul saxlamağa marağının az olması ilə izah etmişdi. "Təsəvvür edin, elə amerikalı tapmaq olarmı ki, cibində 10-20 dollardan artıq pul tapmaq mümkün olsun? Xırda pul onlarda çay pulu vermək üçün lazım olur, amerikalılar bütün hesablaşmaları bank kartı ilə həyata keçirirlər. Buna görə də onlarda pullar həmişə dövriyyədədir",- deyə AMB rəhbəri müqayisə də aparmışdı.
AMB rəhbərinin sözlərini ölkədə POS-terminalların sayı barədə yayılmış statistik göstəricilər də təsdiqləyir. Son illərdə ölkə üzrə POS-terminalların sayı ildən ilə artsa da, 2015-ci ildə bu göstərici azalıb. Əgər 2013-cü ildə ölkədə 38 min POS-terminal olubsa, 2014-cü ildə bu göstərici 82 minə qədər artırılmışdı. Bu ilin noyabr ayına isə həmin rəqəm 77 minə düşüb. Halbuki həmin müddət ərzində ölkədəki ticarət obyektlərinin sayı ilə ildən- ilə artaraq 104 minə çatıb.
Bunun bir izahı var. Əhali sadəcə POS-terminallardan istifadə etmək istəmir. Buna görə də bank hesablarında pul saxlamır. Müstəqil araşdırmalara görə, ölkədə olan 5 min plastik kartın 80%-i yalnız nağdlaşmada istifadə edilir.
Əhali banklarda pul saxlamaq istəmir və karta yüklənmiş maaşı və ya pensiyanı dərhal oradan çıxarır. Bunun əsas səbəblərindən biri kart sahiblərinin bankların təhlükəsizliyinə inanmamasıdır. Son vaxtlar əhali arasında bank kartlarına xaker müdaxilələri barədə söz-söhbət çox yayılıb. Hesabına müdaxilə edilmiş müştərilərə bankların heç bir yardım edə bilməməsi də əhalini ehtiyatlı davranmağa vadar edir.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev isə nağdsız ödənişlərdən istifadənin az olmasının əsas səbəbi kimi lazımi infrastrukturun olmamasını göstərib: "İş adamları POS-terminalları işlətməkdə maraqlı deyillər. Çünki POS-terminaldan istifadə dövriyyənin 1%-nə bərabər əlavə xərc deməkdir. Onları bu işə maraqlı etmək üçün lazımi stimullaşdırıcı tədbirlərə ehtiyac var".
İqtisadçı ekspert bu sahədə daha bir problemi isə əhalinin məlumatsız olmasında görür: "Əhali kartdan istifadəni bacarmır. Bu cür əməliyyatların hansı üstünlükləri olduğunu bilmir. Onların arasında geniş maarifləndirici işlər görülməlidir".
Təbii ki, bu maarifləndirici işlər məhz rəsmi dairələr tərəfindən görülməlidir. AMB həm də banklardan lazımi təhlükəsizlik tədbirləri görməyi də tələb etməlidir. POS-terminallara marağın artması ticarət sektorunda dövriyyəni xeyli artıra bilər və sahibkarları leqal işləməyə məcbur edər. Nəticə isə aydındır - qeyri-neft sektorundan dövlət büdcəsinə ödənişlər artar. Bu isə ölkənin bütün vətəndaşları üçün əlverişlidir.
Yəni Elman Rüstəmov ölkədə pul kütləsinin azalmasından danışarkən əhalinin nağd vəsaitlərə meylli olmamasından bəhs edib məsuliyyəti sadəcə sıravi vətəndaşların üzərinə yükləməsi absurddur. Hörmətli baş bankir bu istiqamətdə müəyyən işlərin görülməsində və müsbət dönüş yaradılmasında rəhbərlik etdiyi qurumun, ümumilikdə isə hökumətin digər əlaqədar strukturlarının məsuliyyətini də unutmamalıdır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52