Avropa haqqında həyəcanlı anons
11:55 19-11-2015
İQTİSADİYYAT
"Chatham House": "Bu qitədə islamı təhlükə sayan radikal ideologiya güclənib"
Böyük Britaniya Kral Araşdırmaları İnstitutu - "Chatham House" Avropada ultra-sağ radikal siyasətçilərin populyarlaşmasının səbəbləri barədə təhlillə çıxış edib.
Təhlildə Parisdə baş vermiş terror aktının fonunda Avropa cəmiyyətində baş qaldırmış dəyişikliklər və liberal düşərgənin problemləri araşdırılıb.
Təhlildə vurğulanır ki, terror aktı Avropanın ultra-sağ partiyalarının "əlinə oynayr". Təhlildə daha sonra deyilir:
"Bu müharibədir. Vəssalam!". Niderland Azadlıq Partiyasının lideri Gert Vilders Parisdəki terror xəbərindən sonra özünün tvitter səhifəsində bunu yazıb. Digər ultra-sağ populistləri kimi o da çoxdandır ki, "islam təhlülkəsi" və "Avropanı islamlaşdırmaq" planı barədə xəbərdarlıq yaymaqla məşğuldur.
ABŞ-dakı 11 sentyabr terrorundan sonra belə təhlükə barədə təkcə sağlar deyil, digər siyasi qüvvələr də danışmağa başlamışdılar. Bu nəzəriyyə hələ İŞİD-in meydana gəlməsindən, miqrant axınından əvvəl mövcud idi. Lakin son hadisələr bu nəzəriyyəyə qulaq asan auditoriyanın sayını xeyli genişləndirib.
Sağ ultra-millətçilər hesab edir ki, terror, müsəlman ailələrində yüksək doğum və miqrasiya ilə "Avropanı islamlaşdırmaq" barədə hansısa gizli planlar mövcuddur.
Onların fikrincə, siyasi elita ən yaxşı halda zəifdir, ən pis variantda isə multikulturalizm ideyasını dəstəkləməklə bu gizli sövdələşmənin rəhbərləri ilə əlbirdir.
Sağ radikallar öz siyasi fəaliyyətlərinə haqq qazandırmaq üçün bildirirlər ki, Avropa özünün mədəni və etnik mövcudluğu uğrunda mübarizə aparır. Paris hadisələri də bu konspiroloji çərçivədə yozulur və özlərinin haqlı olmalarının subutu kimi təqdim edilir.
Halbuki Avropada yaşayan müsəlmanlar açıq şəkildə fanatizmi və zorakılığı rədd edir, bu isə sağ millətçilərin "sui-qəsd nəzəriyyəsinin" səhv olduğunu aydın göstərir.
Buna baxmayaraq, liberal düşərgə artıq sağ marginalların bu ideyalarını rədd edə bilmir. Məsələn, Niderlandda aparılan rəy sorğusuna görə, əgər sabah bu ölkədə seçki keçirilsəydi, Vidlersin rəhbərlik etdiyi ultra-sağ partiya parlamentin əksər yerlərini götürərdi.
Avstriyada da "islamlaşdırma"nı "Qərbin xristian mədəniyyətinə" təhlükə hesab edən Azadlıq Partiyası ictimai rəydə birinci yerdədir. Onu 30 faiz seçici dəstəkləyir. İsveçrədə isə islama qarşı açıq çıxış edən Xalq Partiyası rekord miqdarda səs qazanıb. Bu isə Avropanın müharibədən sonra sağ-radikal partiyalarının tarixində ilk belə hadisədir.
Qaçqınlara liberal yanaşması ilə seçilən İsveçdə son 12 ərzində ultra-sağ "İsveç demokratları" partiyasının dəstəyi iki dəfə artaraq 25 faizə çatıb.
Fransanın özündə isə Paris terroruna qədər Marin Le Penin rəhbərlik etdiyi Milli Cəbhəni qarşıdakı seçkidə onsuz da böyük uğur gözləyirdi. Avropada sağ radikal ideologiyanın populyarılığı artıq göz önündədir.
İslamın qərb dəyərləri ilə bir araya sığmadığı və buna qarşı Avropa liderlərinin zəifliyi barədə ideya ultra - sağ düşərgəni populyarlaşdıran tək səbəb deyil. Lakin hədəf əsasən bu götürülür.
Hər şeydən göründüyü kimi, liberallar bu mübarizədə məğlub olurlar. Təəssüf ki, mütərəqqi qüvvələr sağ radikalların güclənməsi barədə təhlükədən danışsalar da, bunu seçicilər üçün cəlbedici edən səbəblərini analiz etməyiblər. Heç alternativ də təklif edilməyib.
Sağ radikallar bütün Avropa üzrə mövqelərini gücləndirirlər. Çünki onlar çoxdan anlayıblar: miqrasiya, qaçqınlar və islam cəmiyyəti qorxudur. Ona görə yox ki, avropalılar bunun sosial dövlətlərə əlavə yük olacağını bilir, həm də ona görə ki, onlar bunu öz mədəni təhlükəsizliyinə, dəyərlərinə və həyat tərzinə təhlükə kimi hiss edirlər. Məhz bu mədəni qorxu hissləri üzərində oynayan Vilders və Le Pen kimi siyasətçilər seçicilərdən dəstək ala bilirlər.
Məsələ ondadır ki, Avropa hazırda iki mövqe arasında qalıb: sosial dəyişikliklər, kosmopolitizim, şəffaflıq tərəfdarı olan liberallar və bu mədəni dəyişiklikləri təhlükə sayan, öz qrup dəyərlərinə sadiq olan mədəni mühafizəkarlar. Mühafizəkarlar islamın azad söz və cinslərin bərabərliyi kimi demokratik aspektləri ilə hesablaşacağına inanmırlar.
Liberal düşərgə heç vaxt rəqibləri ilə ciddi şəkildə mübahisələrə qoşulmayıb. Adətən onlar sağ radikal qüvvələrin liderlərini faşist, irqçi adlandıraraq əvvəlki siyasətlərini yürüdüblər.
Lakin sağ radikallar səhvlərə yol versələr də, onların baş verənlər barədə dəqiq təsəvvürləri var. Onlar hadisələrə çevik reaksiya verir, Suriya, miqrantlar haqqında xəbərləri miqrasiya təhlükəsi kimi təqdim edirlər. Bunun qarşısnda isə Avropa siyasi elitası gücsüz görünür. Məsələn, liberal düşərgənin liderləri qaçqın axını barədə danışana qədər ultra- sağlar dərhal İŞİD-in bu axından terror üçün istifadə edəcəyi ideyasını səsləndirməyə imkan tapdılar. Və onların bu ideyası təsdiqləndi.
Polşadakı son seçkilərdə öz mövqelərini möhkəmləndirən ultra-sağlar indi "açıq Avropa" ideyasının gələcək üçün yeganə variant sayan iberalları açıq şəkildə rədd edirlər. Tezliklə qaçqınların gəlməsi ilə cəmiyyətin narazılığı daha artacaq. Bunu isə radikal sağlar əldən buraxmayacaqlar.
Liberallar hazırda Feysbukda avatarlarını dəyişərək həmrəylikdən danışırlar. Nə qədər ki, liberallar özünəməxsusluq, dəyərlər və inteqrasiya barədə həlledici suallardan qaçacaqlar, bütün bunlar tamamilə əhəmiyyətsiz olacaq.
Əgər liberallar Avropanın üzləşdiyi böhrandan çıxış üçün öz variantlarını təklif etməsələr ( bunların heç də hamısı döyüşən islamla bağlı deyil) onlar bu mübahisədə birdəfəlik məğlub olacaqlar.
Hazırladı:
Xaqani Səfəroğlu
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52