Qərbin ölkəmizdəki parlament seçkiləri ilə bağlı məkrli planları necə alt-üst oldu?
12:00 20-11-2015
İQTİSADİYYAT
Azərbaycan bu dəfə də sübut etdi ki, kimsə onunla təzyiq dilində danışa bilməz
Sovet İttifaqının və Varşava müqaviləsi əsasında yaranan birliyin süqutundan sonra ABŞ və Avropa, geniş mənada Qərb dairələri dünyanın nəzarətə alınması, müstəqil dövlətlərin məhvi ssenarisini işə saldı və nə qədər acı olsa da, müəyyən mənada buna nail oldu.
"Parçala, hökm sür", "Harada boyun əydilərsə, orada demokratiya var, harda boyun əymədilərsə, orada insan haqları pozulur" fəlsəfəsi işə düşdü. Nyu-York Universitetinin professoru, bir çox kitabların, o cümlədən, sonuncusu "Müvəffəqiyyətsizliyə uğramış Xaç Yürüşü: Amerika və post-kommunist Rusiyasının faciəsi" kitabının müəllifi Stiven Koen hələ 7 il öncə mətbuata açıqlamasında deyirdi ki, müasir dünya və bu dünyanın müstəqil sakinləri ABŞ-ın ikiüzlülüyündən və ikili standartlarından cana yığılıblar. Bəli, S.Koen çox düzgün vurğulayırdı. Çünki o, sıradan amerikalı deyildi. Koen çox gözəl bilirdi ki, ABŞ-ın demokratiya çağırışlarının arxasında hansı səbəblər dayanır. ABŞ bir tərəfdən dünyaya demokratiya yaydığını, azadlıqların sərhədsiz olduğunu bəyan edir, digər tərəfdən isə bunun əksinə gedirdi.
Nə qədər qəribə də olsa, ABŞ bu prosesi iki mərhələdən ibarət aparırdı. Birinci mərhələdə diktatorların hamisi rolunda çıxış edir, ikinci mərhələdə onları yola salırdı. Ortada milyardlarla vəsait mənimsənilir, ölkələrin iqtisadiyyatı defolt vəziyyətinə salınırdı. Nəticədə isə təbii ki, hər zaman qazanan Amerika və onun müttəfiqləri olurdu. "Ərəb baharı"nın təsir altına aldığı ölkələrdə - Suriyada, Misirdə, Tunisdə, Yəməndə, ondan əvvəlcə İraq və Əfqanıstanda, "Məxməri inqilablar"ın tüğyan etdiyi Ukrayna, Gürcüstan və Qırğızıstanda bunun əyani şahidi olmuşuq.
Heç şübhəsiz, ikili standartlar siyasəti Azərbaycandan da yan ötməyib. Hər seçkiöncəsi heç bir real təsir gücü olmayan, fəaliyyətləri tövsiyə xarakterli bəyanatlar yaymaqdan o yana keçməyən beynəlxalq təşkilatların - "Freedom House", Human "Rights Watch", "Sərhədsiz Reportyorlar", son zamanlar isə beynəlxalq qurumların yaydığı hesabat və qətnamələr, üzərlərinə götürdükləri öhdəliklərin ziddinə gedərək, noyabrın 1-də keçirilmiş seçkiləri müşahidə etməkdən imtina etmələri göstərir ki, Qərb bütün gücü ilə ölkəmizi geri çəkilməyə təhrik etməyə çalışır.
"Demokratiya" adı altında pərdələnsə də, əsas məqsədi Azərbaycanı yürütdüyü müstəqil xarici siyasət kursundan imtina etməyə təhrik etmək, dövlətimizi dünya siyasətinə gətirdiyi "balanslaşdırılmış xarici siyasət" modelindən çəkindirməkdir. Buna nail olmadığına, regionda həlledici təsir gücünə malik olan Azərbaycanı öz əhatə dairəsinə ala bilmədiyinə görə, siyasi riyakarlıqla məşğul olur, ictimai rəyi çaşdırmağa, təxribatçı meyilləri işə salmağa cəhd edirlər. Bu qüvvələr yaxşı anlayırlar ki, Azərbaycan regionun lider, dünyanın isə önəmli dövlətlərindən biridir və ölkəmizin iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil.
Bütün bunlar isə deməyə əsas verir ki, Qərb Azərbaycanla bağlı da Yaxın şərqdə həyata keçirdiyi ssenariləri işə salmaq istəyirdi. Amma unudulur ki, Azərbaycan nə Suriya, nə də İraq deyil. Heç Gürcüstan və ya Qırğızıstan da deyilik. Həmin dairələr unudurdu ki, Azərbaycanda seçkilərin taleyini hansısa dövlət və onun nəzarətində olan beynəlxalq təşkilatlar, onların ölkəmizə yerləşdirdiyi "agent şəbəkəsi" və emissarları deyil, yalnız Azərbaycan xalqının iradəsi müəyyən edir. Bəlli olduğu kimi artıq seçki yarışı arxada qalıb və Azərbaycan xalqı kimləri seçdisə, kimlərə etimad göstərdisə, o namizədlər də parlament seçkilərinin qalibləri oldular. Qərbin Azərbaycandakı seçkilərlə bağlı planları isə başlamamış yekunlaşdı.
Bəllidir ki, Qərb texnoloqları illərdir ölkəmizdə keçirilən seçkiləri müşahidə edir, müəyyən siyasi təhlillər aparırlar. Onlar gözəl bilirlər ki, ölkəmizdə baş tutan bütün seçkilərin favoriti Prezident İlham Əliyev və onun rəhbəri olduğu Yeni Azərbaycan Partiyasıdır. Necə deyərlər, bunu anladıqlarına görə, təşviş keçirir, hər vəchlə seçki prosesinin gedişinə kölgə salmağa çalışırlar.Yaxşı başa düşürlər ki, təxribatçı ssenarilərini həyata keçirməyə müvəffəq olmayacaqlar. Elə bu səbəbdən də onlar yalnız "suyu bulandırıb, balıq tutmaq" istəyini nümayiş etdirirlər ki, bu da Azərbaycanla bağlı keçmir. Hər halda ölkəmizin uğurla başa vurduğu parlament seçkiləri də Azərbaycanla heç bir qüvvənin təzyiq diliylə danışa bilməyəcəyini təsdiqləmiş oldu.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53