İcra

Valyuta ehtiyatlarımızın sürətlə əridiyi bir vaxtda itkilərin yerini necə doldurmalı?

Bu il Azərbaycanın ən yeni tarixində ilk dəfə olaraq ölkənin valyuta ehtiyatları azalmağa başlayıb. Təxminən iki həftə öncə "anspress" yazırdı ki, ilin əvvəlində təqribən 53 milyard dollara bərabər olan valyuta ehtiyatları əriyərək hardasa 42 milyard dollara düşüb.

Bu məsələdə Azərbaycan Mərkəzi Bankının (AMB) strateji ehtiyatlarının azalması əsas rol oynayıb. Belə ki, keçən ilin sonunda 12,65 milyard dollara bərabər olan strateji ehtiyatlar sentyabrın sonunda 6,51 milyard dollara düşüb. Təbii ki, bu vəsaitlər manatın məzənnəsinin dəstəklənməsinə yönəldilir.
Amma Dövlət Neft Fondunun ehtiyatları da azalıb. 2015-ci ilin əvvəlində ARDNF-in aktivləri 37 milyard dollardan çox olsa da, bu ilin əvvəlində həmin göstərici 2,4 milyard dollar azalaraq 35 milyard dollara düşüb. Təbii ki, ARDNF ölkəninin mənfəət neftinin satışından və s. müvafiq sektorlardan gəlirlər əldə edib. Amma cari il büdcəsi üçün ARDNF-dən 10,4 milyard manata yaxın vəsait ayrılması nəzərdə tutulub ki, bu da dünya bazarında neftin qiymətinin aşağı olduğu bir şəraitdə fondun aktivlərinin azalması ilə nəticələnir. Bu, aşağı neft qiymətləri şəraitində ölkənin valyuta ehtiyatlarını bir neçə ilə tam itirəcəyi barədə narahatlıq yaradır.
Amma ARDNF-dən dövlət büdcəsinə ayırmaları xeyli azaldıb, fondun gəlirləri səviyyəsinə salmaq mümkündür. Bunun üçün fonddan əsaslı tikinti üçün ayrılan vəsaitlər xeyli azaldılmalıdır. Amma bu pulların bir qismi Azərbaycanın rayon və şəhərlərinin abadlaşdırılması, infrastruktunun yaxşılaşdırıması üçün yönəldilir ki, onların azaldılması ölkənin regionlar üzrə proporsional inkişafı baxımından məqsədə uyğun deyil.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı alim Azər Mehdiyev həmin xərcələrin bir qismini azaltmağın mümkün olduğunu bildirib. Onun fikrincə, bu, yerlərdə iş fəallığının artırıması ilə mümkündür. Sitat: "Regionlarda iqtisadiyyatın baza prinsipi olan rəqabət mühitini bərpa etmək lazımdır. Regionlardakı müəssislərin demək olar ki, hamısı yüksək çinli məmurlara məxsusdur. Onlar isə bütün resurslardan istifadə edərək kiçik və orta biznesin inkişafına mane olurlar".
Ekspert misal kimi regionlarda tikilmiş turizm obyektlərini göstərib: "Bu obyektlərin qiymətləri həddindən artıq yüksəkdir. Buna görə də həmin obyektlərə gedən yoxdur. Rayonlara nəzarət edən məmurlar qat-qat ucuz fəaliyyət göstərən ailə otellərinin inkişafına mane olur. Bunun üzündən 2-3 gün vaxtı olan azərbaycanlılar da dincəlmək üçün Gürcüstana üz tuturlar. Nəticədə, dövlətin turizm zonalarına yatırdığı milyardalar nəticəsiz qalır və gözlənilən büdcə gəlirləri yığmaq mümkün olmur".
Bu sərmayələrin rentabelsiz olmasını 2015-ci il büdcəsi xərclərindən də aydın görmək olar. Məsələn, Gəncənin yerli xərcləri üçün nəzərdə tutulan 65 milyon manatın 25 milyon manatı mərkəzi büdcədən ayrılır. Lənkəranın 37,8 milyon manatlıq yerli büdcəsinin 21 milyon manatı, Şəkinin 38,8 milyon manatlıq yerli büdcəsinin 17,8 milyon manatı, Qubanın 31 milyon manatlıq yerli büdcəsinin 14,4 milyon manatı, Nabran istirahət zonasının yerləşdiyi Xaçmazın 32 milyon manatlıq yerli xərcinin isə 9,8 milyon manatı mərkəzi büdcədən ayrılır.
İqtisadçı regionlarda iş fəallığının, uyğun olaraq vergi daxilolmalarının artırılması üçün yerli özünidarəetməni gücləndirməyi vacib sayır: "Problemləri bələdiyyə idarəetməsinə keçid nəticəsində həll etmək mümkündür ki, bunun üçün ciddi islahatlara ehtiyac var".
Amma beynəlxalq təcrübə göstərir ki, mərkəzləşmiş icra hakimiyyəti sistemi ilə də iqtisadi dirçəlişə malik olmaq mümkündür. Məsələn, Cənubi Koreyadakı iqtisadi inkişaf hərbi rejim tərəfindən icra mexanizmi qarşısında qoyulmuş illik planlar nəticəsində əldə edilib. Ölkəni idarə edən generallar hər il iqtisadi artım barədə raportlar verməyə məcbur idilər.
Azərbaycan rəhbərliyi də rayon icra hakimiyyətləri (İH) qarşısında bu cür planlar qoya bilər. Bu, rayonlarda fövqəl səlayihətlərə malik olan icra başçılarını işləməyə və rəhbərlik etdikləri ərazilərin imkanlarını öyrənməyə vadar edə bilər. Belədə isə biznes qurmaq üçün iş adamları icra başçılarına deyil, İcra Hakimiyyəti başçıları iş adamlarına minnətçi düşərlər.
Bəli, aydın görünür ki, valyuta ehtiyatlarımızın sürətlə əridiyi bir vaxtda vəziyyətdən çıxış yollarından biri də icra başçılarının iş adamları üzərində "ağalığını" sonlandırmaq, yerli rəhbərlərin sahibkarların və biznesmenlərin normal fəaliyyətində maraqlı olmasını təmin etməkdir. Hökumətin bu istiqamətdə təcili və təsirli addımlar atması artıq qaçılmazdır. Əks halda bu, sonradan ağır iqtisadi fəsadlara gətirib çıxara bilər.
Sənan Mirzə