Banklar

Bir daha "kredit intiharları" və yüksək faiz dərəcələri haqda...

Problemli kreditlər özünün təhlükəli üzünü göstərməyə başlayıb. Mətbuatda adına şərti olaraq "kredit intiharları" verilən olayların bir-birini əvəzləməsi artıq təcili tədbirləri qaçılmaz edir. Məsələ o qədər ciddidir ki, iqtisadçılar, müstəqil ekspertlər həyacan təbili çalaraq, hökumətdən zəruri addımlar atmağı tələb etməyə başlayıblar.
Qeyd edək ki, son zamanlar ölkədə problemli kreditlərin sayı artmaqda davam edir. Açıqlanan statistik rəqəmlərə görə, ölkədə problemli kreditlərin həcmi 1 milyarddan artıqdır. Kreditini vaxtlı-vaxtında ödəməyən şəxsləri banklar məhkəməyə verir. Problemli kreditlərin həcminin artması bank kreditlərinə görə yaranan məhkəmə çəkişmələrinin sayını da artırıb.
Hətta banka kredit borcunu ödəyə bilmədiyinə görə özünə qəsd etmək kimi təhlükəli ənənə yaranıb ki, bu da mövzunun aktuallığından xəbər verir. Sonuncu belə hadisə isə noyabrın 23-də baş verdi. Belə ki, kredit borcuna görə 34 yaşlı kişinin özünü yandırması olayı gündəmi zəbt edib.
Bu olay ölkədə hər 3 nəfərdən birinin kredit borcunun olduğunu, problemli kreditlərin isə həddən çoxluğunu və buna görə ölkədə artıq neçənci intihar və intihara cəhd hadisəsinin baş verdiyini bir daha gündəmə gətirdi. Bəs çıxış yolları nədir?
Məsələ ilə bağlı müzakirələr isə heç də xoş ovqatda deyil. Belə ki, mütəxəssislər növbəti dövrlərdə prosesin daha da dərinləşəcəyini proqnozlaşdırır. Yüksək faizli kreditlər təqdim edən Azərbaycanda bu sahə çox həssasdır. Fevral devalvasiyasından sonra vəziyyət dəyişərək daha da mürəkkəbləşdi. Prosesdən sonra bir çox borclar kəskin şəkildə bahalaşdı. Yəni, bu insanların aylıq gəlirlərinə uyğun olmadı, nəticədə ödənişlərin verilməməsi, borc öhdəliklərinin yerinə yetirilməməsi əlavə olaraq, yeni borc yükü yaratdı. Kredit faizləri şişdi, borclara əlavə cərimələr əlavə olundu. Bunun nəticəsində də həm vətəndaşlar, həm də bankların özü üçün cox ciddi riskli dövr yarandı. Hazırda rəsmi rəqəmlər göstərir ki, 6,8 faizə yaxın problemli kredit var. Bizim banklarla müzakirələrimiz də onu göstərir ki, əksər bankların problemli kredtlərinin həcmi 30 faizdən yuxarıdır. Bəzi səbəblərdən bu rəqəmlər göstərilmir.
Bildirək ki, əhalinin gəlirlərində 2014-cü illə müqayisədə kəskin azalma müşahidə olunur. Bir çox iş yerləri bağlanır, şirkətlər, müəssisələr iflas edir, xüsusi ilə də orta sahibkarlıqda böyük problemlər yaranır. Vətəndaşlar öz borc öhdəliklərini yerinə yetirə bilmirlər. Bu məsələdə vətəndaşlar bəzi banklar tərəfindən təzyiqlərlə üzləşirlər. Qeyri-rəsmi olaraq vətəndaşların hansısa formada güc strukturları ilə hədələnməsi, bank borclarına görə məhkəmə proseslərinin başlanması onlarda pessimizmin yaranmasına səbəb olur.
Növbəti illərdə isə vəziyyətin daha da çətin olacağını qeyd edən ekspertlər bu kimi halların artacağını da istisna etmirlər. Onların qənaətinə görə, vətəndaşlar çətin vəziyyətlə üz-üzə qalıb. Belə bir vəziyyətdə bankları və hökuməti bu məsələ ilə bağlı düşünməyə və qərarlar qəbul etməyə çağırmaqdan başqa əlimizdən heç nə gəlmir.
Dünyada insanlar kredit götürməsinə görə qruplara ayrılır: biznes krediti, ipoteka krediti götürənlər və sair. Azərbaycanda isə əhalinin əksəriyyəti banklara daha çox istehlak kreditləri üçün müraciət edir. İstehlak krediti əsasən həyat səviyyəsini daha da yaxşılaşdırmaq üçün götürülən kredit hesab olunur. Çox təəssüf ki, bizdə insanlar istehlak kreditini həyat səviyyələrini daha da yaxşılaşdırmaq üçün deyil, yaranmış borclarını ödəmək, hər hansı problemdən yaxa qurtarmaq üçün götürür. Bu da nəticədə insanları bataqlıqdan çıxmaq istəyərkən uçuruma yuvarlayır. Yəni bankdan pul götürüb digər banka borcunu ödəmək istəyərkən, daha da artıq borc altına girir. Bu halın ortaya çıxmasında, təbii ki, bankların rolu böyükdür. Çünki banklar müştərini düzgün qiymətləndirməyə çox vaxt meylli olmur. Xarici ölkələrdə banka istehlak krediti üçün müraciət edən müştərinin gəlirləri dəqiq yoxlanır. Bizdə isə banklar daha çox krediti ayırdıqdan sonra müştərinin yaxasına çöküb pulu tələb edir. Bu gün Azərbaycanda bankların çox yüksək faizlə kredit təklif etməsi isə yaranmış vəziyyəti daha da çətinləşdirir. Çarəsiz insanlar əliyandımda bankdan kredit götürüb bir problemini həll edərkən özlərini daha böyük problemə salırlar. Xüsusilə istehlak kreditlərinin faiz dərəcələri çox yüksək həddədir. Bu isə, təbii olaraq, problemli kredit həcminin artmasına səbəb olur. Ona görə də banklar kredit ayırarkən müştərinin ödəmə qabiliyyətini düzgün qiymətləndirməli, eyni zamanda kreditlərin faiz dərəcələrini aşağı salmalıdırlar ki, kredit borcuna görə özünəqəsd halları baş verməsin.
Yaranmış problemdən başqa çıxış yolu bankların müştəridən aldıqları komisyon haqların bir hissəsini sığortaya yönəltməsindədir. Bu gün banklar müştəridən tutduğu komisyon haqqın hamısını gəlir kimi özünə saxlayır. Ola bilər ki, bank əldə etdiyi komisyon haqqın bir hissəsini sığortaya ödəsin. Gələcəkdə kreditin ödənməsində problem olduqda, sığorta şirkəti həmin müştərinin kredit borcunun ödənilməsinə kömək etsin.
Bankların gəlirini düzgün qiymətləndirməmiş müştərilərə kredit ayırması da bu cür problemlərə səbəb olur. Ən böyük problemləri isə istehlak kreditləri yaradır. İnsanlar maşın, ev təmiri, mebel almaq adı ilə bankdan kredit götürür. Bəzən bu kredit təyinatı üzrə deyil, müxtəlif cərrahi əməliyyatlara, borcların paylanmasına sərf olunur. Sonra krediti ödəməyə maddi durumu imkan verməyən müştəri bankların təzyiqi ilə üz-üzə qalır. Hər gün banklardan gələn təhqir dolu zənglərə cavab verməkdən xilas olmaq istəyənlər bu tənələrdən təşvişə düşüb intihara əl atır. Kredit borcuna görə canına qıyanlar əsasən mənliyi təhqiri qəbul etməyən insanlardır. Onlar çarəsizliyin yolunu özünə qəsd etməkdə görür.
Elvin Rüstəmov