Yaşar

«Azəristiliktəchizat»da yoxlamalara start veriləcək
«Azəriqaz» İstehsalat Birliyinə olan borcu üzündən «Azəristiliktəchizhat» ASC vətəndaşları çətin vəziyyətdə qoyub. Yaşar Həsənovun rəhbərlik etdiyi qurum kifayət qədər maliyyə imkanlarına malik olmasına rəğmən, «Azəriqaz»a borcunu ödəyə bilmədiyindən sakinlər mənzillərində soyuqdan donmaq məcburiyyətindədir. Çünki evlərə istilik verilmir.
Dünən məlumatlı mənbələrdən «Unikal»a daxil olan məlumata görə, «Azəristilik» ASC-nin borc məsələsi hökumət çevrələrini hərəkətə gətirib. Dövlətdən kifayət qədər dotasiya almasına rəğmən Yaşar Həsənovun ASC-sinin «Azəriqaz»a borcunun yaranması, bu borc məsələsinin əvvəlki aylarda həll edilməməsi, problemin soyuq aylarda, əhalinin istiliyə ehtiyacının olduğu bir vaxta qədər yoluna qoyulmaması yaxşı qarşılanmayıb. Bu səbəbdən də ASC sədrinin cəzalandırılmasına, «Azəristiliktəchizat»da isə maliyyə yoxlamalarının aparılmasına qərar verilib.
Qeyd edək ki, bu yaxınlarda aparılan araşdırmalar adıçəkilən Səhmdar Cəmiyyətə dövlətdən hər il az qala bir nazirliyə ayrıldığından çox maliyyə vəsaitinin ayrıldığını ortaya qoyub. Məsələn: Satınalmalar üzrə Dövlət Agentliyinin müsabiqələrə dair məlumat bazasına əsasən 2010-cu ildə "Azəristiliktəchizat" yaşayış binalarında istilik sistemlərinin əsaslı təmiri üzrə 3 lotda 2,197,460 manatlıq işləri "Azərtranss" MMC-dən satın alıb. 4 lot üzrə 2,036,888 manatlıq işlər "El Plastik" MMC-yə, 6 lot üzrə 587,780 manatlıq işləri "Qrand Dizayn Konstrakşn" MMC-yə gördürüb. Ümumilikdə yaşayış binalarında istilik sistemlərinin əsaslı təmirinə bir ildə 4,824,128 manat dəyərində vəsait sərf olunub, tender 3 şirkət arasında bölünüb. Həmin il sistemdə bütövlükdə 4,967,009 manatın ASC-də tender yolu ilə xərcləndiyi görünür. Mingəçevir, Sumqayıtda da qazanxanaların modernləşdirildiyi yazılır. Həmin il ASC-yə tələb olunan dəftərxana ləvazimatının alınması üçün 28038 manat ("Okean Servis" MMC) vəsait ayrılıb. Sonrakı illərdə dəftərxanaya nəzərdə tutulan məsrəflər iki dəfə artırılıb. Mən də təbii olaraq düşünürəm ki, bu pullar iddia olunduğu kimi dəftər-qələmə xərclənməyib. 2011-ci ildə bazada yalnız 48627 manat dəyərində G-400,G-1000,G-25 markalı qaz sayğaclarının və qaz tənzimləyicilərinin alınması ("May" MMC) üçün keçirilən tender barədə məlumat var. Görünür, qurumda büdcədən ayrılan vəsaitləri qanunsuz olaraq tenderdən kənar, müqavilə ilə sərf ediblər. Bu, bəzən Agentliyin axtarış sistemində olan problemdən də qaynaqlanır. Bir sözlə, axtarışlarım nəticə vermədi.
Bir illik "fasilə"dən sonra ASC 2012-ci ildə 19,137,692 manatı 74 tenderdə sərf edib. Bu vəsaitin təkcə 17,312,700 manatının yaşayış binaları və sosial obyektlərdə məhəllədaxili istilik xətlərinin əsaslı təmiri, istilik mənbəyinin bərpası və modernləşdirilməsi işlərinin satın alınmasına getdiyi iddia olunur. Həmin işlər üzrə bütün pullar da yalnız bir şirkətə - "HTM Holdinq" MMC-yə verilib. Şirkət bu işləri 11 tenderdə qazanıb, 361,600 manat dəyərində qazanxana, istilik şəbəkəsi, elektrik, nəzarət ölçü cihazları və avtomatika, nəqliyyat təsərrüfatı üzrə zəruri materiallar da adıçəkilən MMC-dən alınıb. Vəsaitin 332,211 manatı həmin işlərin layihələndirilməsinə yönəldilib. 30 tenderi də layihələndirməni həyata keçirən "İstilik Sistemləri və Qurğuları Layihə-Smeta Elmi-Tədqiqat Mərkəzi" MMC "udub". Əsaslı təmir və yenilənməyə bir ildə 17,644,911 manat pul xərclənib, xüsusilə yaşadığım Xətai rayonunda 4 il əvvəl 11 istilik məntəqəsinin qazanxanaya çevirməklə modernləşdirilməsi üçün layihə-smeta sənədləri hazırlanıb, amma bizim xətlər nəyə görəsə hələ də Sovet dövründən miras qalıb. Həmin il qazanxanaların qazlaşdırılmasına da 489,000 manat xərclənib və bu işlər "Araz İstlik Servis Xidmətləri" MMC-yə həvalə olunub. Adıçəkilən şirkət ASC üçün ümumilikdə 894.350 manatlıq işini həll edib. Bir ildə "Azəristiliktəchizat" ASC-nin dəftərxana ləvazimatları 45,300 manat ("Legenda-CO" MMC) tutub. ASC-nin işlərində əsasən adıçəkilən bu dörd şirkət podratçı qismində çıxış edib. Sonuncu "Legenda-CO" MMC-yə də 757,799 manat dəyərində 21 iş tapşırılıb.
2013-cü ildə ASC 105 müsabiqə üzrə 32,774,003 manat xərcləyib. Vəsaitlərin yenə əsas hissəsi - 28,504,260 manatı qazanxanaların quraşdırılması, yaşayış binaları, sosial obyektlərdə istilik mənbəyinin bərpası, xətlərin modernləşməsi, əsaslı təmirinə xərclənib, bu işlərdə podratçı da "HTM Holdinq" MMC, "Qrand Dizayn Konstrakşn" MMC, "Alpina-A" MMC olub. 23,753,000 manat dəyərində iş 18 tenderdə təkbaşına "HTM Holdinq" MMC-yə verilib. Bu işlərin layihə-smetasına da ayrıca vəsaitlərin ayrılması davam edib, onları da yenə "İstilik Sistemləri və Qurğuları Layihə-Smeta Elmi-Tədqiqat Mərkəzi" MMC götürüb. 2013-cü ildən cəmiyyət mebel avadanlıqları, inventar alışını xeyli artırıb. İşçilər üçün də iki dəfə 100 min manat civarında uniforma alınıb. Bu və digər mal-material xərcləri növbəti illərdə də təkrarlanıb. ASC-nin xərclədiyi ən kiçik məbləğ 45 min manatdır, daim iri pullar sərf olunur. Bu dəfə dövriyyəyə "Vest-LTD" MMC, "Uhud" MMC və "Avanqard E.H" MMC də girib, 40-50 min, bəzən 300 manat civarında xeyli sayda "xırda işləri" onlar görüb.
2014-cü ildə ASC-yə büdcədən ayrılan pulların 13,517,373 manatı Satınalmalar Üzrə Dövlət Agentliyinin xəttilə cəmi 60 tenderdə istifadə olunub. Yenə tenderlərdə "HTM Holdinq" liderlik edib. Çox iş alan şirkətlərin sırasına "Vest LTD" MMC də daxil olub. İri məbləğlər əvvəlki illərdə sadalanan istiqamətlərə yönəldilib, paralel olaraq cəmiyyətin "xırda xərcləri" də artıb. Məsələn, geyimə 176,469 manat istifadə olunub.Gələk 2015-ci ilə. Bu ilin 10 ayı ərzində "Azəristiliktəchizat" ASC-də hələlik 51 tender haqqında məlumat var, 5,795,757 manatlıq iş və xidmətlər satın alınma yolu ilə həyata keçirilib. İl başa çatmadığına görə xərclərin artacağı gözlənilir. Hələlik böyük pullar xərclənməyib, rəsmiləşdirmək üçün ilin sonunu gözləyirlər. Ümumilikdə 5 ildə ASC-yə büdcədən ayrılan vəsaitlərin 76,191,834 manatı tenderdə sərf olunub.
Beləliklə, Yaşar Həsənov və onun rəhbərlik etdiyi ASC pulsuzluqdan gileylənə bilməz. «Azəristiliktəchizat» dövlətdən kifayət qədər maliyyə dəstəyi görüb. Amma həmin pulların nə qədər şəffaf, təyinatı üzrə xərcləndiyi şübhə doğurur ki, böyük ehtimalla bu da Hesablama Palatasının qurumda aparacağı audit sonucunda ortaya çıxacaq.
Hər halda adıçəkilən ASC və onun sədrini bütün bu baş verənlərdən sonra qarşıda kifayət qədər çətin günlərin gözlədiyi birmənalıdır.
Sənan Mirzə
Əkbər Hacıyevin «fasiləli qaz verilişi»
«Azəriqaz» soyuq havalarda qazımızı niyə kəsir?
Dünən məlum oldu ki, bəzi rayonlarda təbii qazın verilişində fasilələr yaranacaq. Belə ki, Bakı şəhəri Sabunçu rayonunda, həmçinin Mingəçevir, Xaçmaz, Şəki və Kürdəmir rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni yaşayış sahəsinin qazlaşdırılması, qəsəbə və kəndlərə təbii qazın verilməsi, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə noyabrın 25-dən saat 09:00-dan 18:00-dək Sabunçu rayonunun 2 saylı Sovxoz və Nardaran, Pirşağı, Kürdəxanı qəsəbələrinin, Mingəçevir, Xaçmaz, Şəki və Kürdəmir rayonlarında təbii qazın verilişində fasilələr yaranacaq.
Dünənki başqa bir məlumata görə aparılacaq təmir işləri ilə əlaqədar digər başqa bəzi rayon və qəsəbələrdə də qaz olmayacaq.
Yenə "Azəriqaz" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 25-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Şimal DRES", Siyəzən magistral qaz kəmərləri sahəsinin "Giləzi", Ağdam magistral qaz kəmərləri sahəsinin "Qaradəmirçi", eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin "Dondarquşçu" və "Alabaşlı" qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakının Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin, eyni zamanda Tovuz, Göygöl, Bərdə, Samux, Şəmkir, Xızı və Siyəzən rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
«Azəriqaz»dan belə açıqlamalar tez-tez verilir. Aydın məsələdir ki, hər dəfə də səbəb eyni olur: «istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə…»
Havaların isti keçdiyi, əhalinin soyuqdan donmaq ehtimalının olmadığı bir vaxtda Əkbər Hacıyevin rəhbərlik etdiyi İstehsalat Birliyinin bu cür xəbərdarlıqlarını anlayışla qarşılamaq mümkündür. Amma həm hələ avqust-sentyabr aylarında «Azəriqaz»ın payız-qış mövsümünə tam hazır olduğunu deyib, həm də havalar soyumağa başladıqdan sonra əhaliyə fasilələrlə qaz verilişini adətə çevirmək heç bir məntiqə sığmır.
Əgər «istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə» havaların soyuması ilə qaz verilişlərində fasilələr yaranacaqdısa, görəsən, hörmətli «Azəriqaz» rəhbərliyi iki ay öncədən payız-qış mövsümünə tam hazır olduqlarını deyərkən nəyi nəzərdə tuturdu? Axı payız-qış mövsümünə «tam hazır» olmaqla soyuq aylarda, əhalinin qaza daha çox tələbat duyduğu vaxtlarda davamlı şəkildə qaz verilişlərində fasilələr yaratmaq heç də bir-biri ilə uyğun gəlməyən fikirlərdir?
Əmin olmaq istəyirik ki, bu cür haqlı suallarla bağlı «Azəriqaz» İstehsalat Birliyi rəsmilərinin ağlabatan cavabları var. Əgər belə cavablar olarsa, onları da məmnuniyyətlə dinləməyə və çap etməyə hazırıq.
Toğrul Əliyev