Ermənistan qaranlıq labirintdə
11:51 27-11-2015
İQTİSADİYYAT
Rəsmi Yerevanın məntiqsiz xarici siyasəti düşmən ölkəni uçurumun kənarına gətirib
Rəsmi İrəvan uzun illərdir yeritdiyi yararsız xarici siyasəti dəyişmək imkanı demək olar ki, tükənib. Bunu son zamanlar erməni siyasətçilərinin atdığı addımlar da sübut edir. Ekspertlər ziddiyyətli proqnozlar verirlər. Onlar İrəvanın konkret hansı uğurları qazandığını göstərə bilmirlər.
Ermənistan mətbuatı ölkənin geosiyasi oyuncağa çevrildiyini açıq yazır. İrəvan artıq müstəqil siyasət yeritmək qabiliyyətini tam itirib və onunla yalnız hökm dilində danışırlar. Erməni ekspertlər yazırlar ki, bu proses "təhlükəli fəndlər mərhələsinə qədəm qoyub
Cəmi bir neçə gün öncə isə erməni KİV-i tamamilə başqa məqamlardan – əsasən, Ermənistanın geosiyasi perspektivlərindən danışırdılar. Başlıca mövzu isə İranın Ermənistan ərazisindən keçməklə təbii qazı Avropaya nəql etməsi imkanının yaranması idi. Lakin proseslər tamamilə fərqli məntiqi ortaya qoymaqdadır. Aydın olur ki, İrəvanın illərdir apardığı qeyri-konstruktiv xarici siyasət onun səmərəli və müstəqil əməkdaşlıq potensialını minimuma endirib. Burada iki aspekti vurğulamaq istərdik.
Vacib məqamlardan biri Yaxın Şərqdə son vaxtlar bir qədər fərqli geosiyasi mənzərənin meydana gəlməsindən İrəvanın yararlanmağa çalışması ilə əlaqəlidir. Ancaq hazırda Ermənistanın düşdüyü vəziyyəti real əks etdirən proseslər başqa təsəvvürlər formalaşdırır. Onlara Yaxın Şərqdə hadisələrin yeni məzmun alması ilə yanaşı, bölgənin böyük dövlətlərinin fəallıqlarını artırması prizmasından baxılmalıdır.
Bu kontekstdə erməniləri daha çox Rusiyanın vəd etdiyi 200 milyon dollarlıq silahın satışının ləngiməsi maraqlandırır. Ermənistan sabit inkişafı təmin edən əməkdaşlığa deyil, ölüm saçan silahlara üstünlük verir.
Bunlar Ermənistanın regionda hələ də qeyri-konstruktiv geosiyasi rol oynadığını təsdiq edir. İrəvan faktiki olaraq başını itirib. Nə S.Sarkisyanın Tbilisi səfərindən bir müsbət nəticə var, nə də S.Lavrovun İrəvana gedişindən tərəflər arasındakı əməkdaşlığın yeni səviyyəyə qalxa biləcəyi ehtimalı. Ortada konkret faktlar deyil, yalnız ümumi sözlər var.
Digər tərəfdən, Ermənistan Yaxın Şərqdə cərəyan edən hadisələrin fonunda Cənubi Qafqazda geosiyasi mənzərənin dinamikasının dəyişməsi qarşısında acizliyini nümayiş etdirir. Onun Türkiyə, İran və Rusiya istiqamətində yeritdiyi siyasətdə ardıcıllıq və obyektivlik gözə dəymir. Türkiyə ilə ümumiyyətlə heç bir münasibət yoxdur. Rəsmi İrəvan hələ də köhnə yanaşma çərçivəsində, əsassız düşmənçilik müstəvisində hərəkət edir.
İranla əlaqələrdə də bir qeyri-müəyyənlik hökm sürür. Bunun əsas səbəbi İrəvanın Rusiyadan asılı olmayan siyasət yeridə bilməməsidir. Nəzərə almaq lazımdır ki, hazırkı mürəkkəb mərhələdə Kreml özünün enerji maraqlarını aktiv şəkildə müdafiə edəcək. O, Tehranın İrəvanla bu sahədə əlaqələrini inkişaf etdirməsinə bir məqama qədər razı ola bilər. Digər tərəfdən, İran Ermənistanla münasibətlərdə Azərbaycan və Türkiyə faktorunu nəzərə almalıdır. Suriya məsələsində Ankara ilə müəyyən ziddiyyətlərə getməsinin İran üçün nə kimi nəticələrə səbəb ola biləcəyi hələ ki, məlum deyil. Dünyanın neft bazarında da prosesləri proqnozlaşdırmaq çətinləşib.
Burada Azərbaycan faktorunu da unutmaq olmaz. İranla Azərbaycanı tarix, mədəniyyət və bir çox geosiyasi məqamlar birləşdirir. Çətin ki, Tehran həmin reallıqdan qaynaqlanan imkanları əldən versin. Onun Ermənistanla əməkdaşlığa müəyyən sərhəd qoyması mümkündür.
Rusiya məsələsi isə Ermənistan üçün həlledici rol oynayan faktordur. İndi Dağlıq Qarabağ probleminin həllindən tutmuş iqtisadi məsələlərə qədər bir çox sahələrdə İrəvanın Moskvadan böyük asılılığı mövcuddur. Faktdır ki, Rusiya Ermənistanın arxasından çəkilsə, İrəvan bu məsələdə çox pis vəziyyətlə üzləşəcək. Bunu başa düşən ermənilər həmin məqama çox həssas yanaşırlar. Çətin ki, erməni siyasətçilər Moskvanın iradəsinə qarşı çıxsınlar. Nə qədər separat fikirlər söyləsələr də, onların Kremldən gələn əmrləri icra etməkdən başqa yolu yoxdur. Bu aspektdə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycana münasibətdə müsbət mövqe tutmağa başlamasını, Bakının Avrasiya İqtisadi Birliyinə üzv olmağa sövq edilməsi kimi absurd fikirlərin İrəvandan eşidilməsi, havaya atılmış boş güllədən başqa bir şey deyil.
Reallıq ondan ibarətdir ki, rəsmi İrəvan yuxarıda sadalanan geosiyasi faktorların formalaşdırmaqda olduğu mənzərədən qorxuya düşüb. O, konstruktiv və düzgün kurs seçə bilmir. Atdığı addımlar səmərəsiz olur. Bütün bunlar erməni ekspertlərin və KİV-in əsassız fikirlər irəli sürməsi ilə müşayiət olunur. Onlar gah rəsmi İrəvanı kəskin tənqid edirlər, gah da Ermənistanın "geosiyasi perspektivindən" dəm vururlar. Dünyada, ümumiyyətlə, hər şey dəyişir. Cənubi Qafqazda da yeni geosiyasi dinamika meydana gələ bilər. Ancaq çox maraqlıdır ki, dəyişməyən Ermənistan rəhbərliyinin qeyri-konstruktiv xarici siyasətidir.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59