Azərbaycan

Bu gün qədəm basdıqları iş yerində özlərini hakim mövqeli sayanlar uzun müddət ictimai qınaqdan yaxa qurtara bilməyəcəklər

Son hadisələrin fonunda Azərbaycanda bir sıra yüksək çinli məmurlarla yanaşı çox sayda sıravi dövlət qulluqçusu da işsiz qalıb. Adətən işdən azad olunan yüksək çinli məmurların başqa sahələrdə işləyən və onunla heç bir əlaqəsi olmayan qohumları, tanışları, bəzən hətta həmyerliləri də işdən çıxarılır. İşçini çıxarıb yerinə öz adamını yerləşdirmək istəyən digər məmurlar isə adətən "filankəsin adamı idi" deməklə özlərinə haqq qazandırırlar.

"Filankəsin adamı" sindromu orta səviyyəli idarə rəisləri dəyişən zaman özünü xususilə qabarıq göstərir. Məsələn, rayonlara yeni təyin olunan bəzi icra hakimiyyəti (İH) başçıları gələn kimi bütün işçilərdən işdən çıxmaq barədə ərizə tələb edir, sonra ərizələri "saf-çürük" edərək, xeyli işçini çöldə qoyurlar.
Doğrudur, bu məsələyə çox vaxt haqq qazandırmaq da olur. Çünki yeni İH başçısının, yaxud yüksək çinli məmurun işdən çıxardığı sıravi qulluqçular çox vaxt tutduqları vəzifələrə layiq olmurlar. Dövrlə ayaqlaşa bilməyən, bazar iqtisadiyyatı şəraitində özəl sektorda çalışa bilməyən bu tip adamlar adətən özlərinə dövlət sektorunda yeni "dayı" tapırlar. Bunu bacara bilməyən bəzi sıravilər isə hər şeyi yenidən başlamağa məcbur olurlar.
Beləliklə, müstəqil Azərbaycan ən yeni tarixində belə sovet keçmişindən miras qalmış "vəzifə karuselindən" xilas ola bilmir. Karuselə minə bilənlər tanış-bilişinin hamısını ora dartmağa çalışır, vəzifədən gedəndə də hamısı birdən aşağı yuvarlanır. Əslində isə yanaşma fərqli olmalıdır. Dövlət qulluğuna işə girənlər kiminsə "adamı" olmağa görə yox, peşəkarlığına görə seçilməlidir.
Həm də bu insanlarda birinci adamın kim olmasından asılı olmayaraq sabahlarına inam olmalıdır. Azərbaycanın inteqrasiya etmək istədiyi inkişaf etmiş ölkələrdə, o cümlədən qardaş Türkiyədə belədir. Qardaş ölkədə dövlət qulluqçuları xüsusi hüquqlara malikdirlər və yeni gələn rəhbər kefi istəyəndə hansısa işçini çıxara bilməz. Türkiyə nazirliklərində yalnız birinci şəxs, yəni nazir yuxarının qərarı ilə dəyişdirilə bilər.
Aparata rəhbərlik edən birinci müavini və daha aşağıları isə heç bir siyasi qərarla işdən çıxarmaq olmaz. Çünki qanunvericilikdə onları müdafiə edən xüsusi hüquqlar var. Bu ölkənin dövlət məmuru haqqında qanununa əsasən bir işçini işdən çıxarmaq üçün əvvəlcə 6 aylıq intizam cəzası verilməlidir. İntizam cəzası isə aparılmış xüsusi araşdırma üzrə akt tərtib edildikdən sonra 15 gün ərzində verilməlidir.
Əgər aktın imzalanmasından 15 gün keçərsə, artıq belə bir cəza verilə bilməz. Türkiyədə qurumların intizam şurasının xüsusi istintaqı olmadan məmuru işdən çıxarmaq mümkün deyil. İntizam şurasının istintaqı zamanı məmur xüsusi vəkil vasitəsi ilə öz hüquqlarını müdafiə etmək hüququna malikdir. Haqqında istintaq başlamış məmura sənəd təqdimatı və şahid göstərmək hüququ da verilir. Qanunda bildirilir ki, intizam şuraları dövlət məmurunun müdafiə mətnini qəbul etmədən onun barəsində heç bir qərar verə bilməz.
Azərbaycanın "Dövlət qulluğu haqqında" qanununda məmurların işə götürülmə qaydaları, vəzifələri, öhdəlikləri və s. olsa da hüquqları haqqında geniş müddəalar yoxdur. Bəlkə də, bunun nəticəsidir ki, bir çox dövlət qurumlarında işçi ilə bəzən müvəqqəti müqavilələr bağlanır. Belə qurumlarda əməkdaş rəhbərinin qarşısında cüzi müstəqillik göstərən zaman iş yerini itirir.
Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, Azərbaycanda dövlət məmuru ilə özəl şirkət işçisinin arasında fərq azdır. "Bizdə əmək huquqları Əmək Məcəlləsində öz əksini tapır. Yəni Türkiyədəki kimi dövlət məmurları üçün əlahiddə hüquqlar nəzərdə tutulmayıb. Dövlət məmuru başqa işçilər kimi çıxarılmazdan iki ay öncə xəbərdar edilməlidir."- deyə Ələsgər Məmmədli bildirib.
Onun sözlərinə görə, vaxtı ilə Türkiyədə dövlət məmurunun hüququ daha yüksək idi: "Sadə vətəndaş dövlət məmurunu təhqir edən zaman ona qarşı dərhal cinayət işi qaldırılırdı. Bu kimi imtiyazlar Avropa Birliyinin təzyiqi altında qanunvericilikdən çıxarıldı".
Məntiqlə, dövlət qulluqçuları üçün belə imtiyazlar tətbiq edilərsə, Azərbaycanda da məmur peşəsinə hörmətin artacağını ehtimal etmək olar. Amma Ələsgər Məmmədli bunun təsirli olacağına inanmır: "Qanunvericiliyin bu məsələyə heç bir dəxli yoxdur. Bu, ictimai zeyhniyyət məsələsidir. Nə qədər ki, Azərbaycanda idarəetmə funksiyasına xidmət kimi deyil, imtyaz kimi baxacaqlar, vəziyyət dəyişməyəcək. Vəzifəyə yeni gələn köhnələrin hamısını çıxararaq yerinə öz adamlarını yerləşdirir".
Əslində yeni yaranmış dövlətlərdə aşağı səviyyəli inzibatçılıqda tarixən bu cür problemlər müşahidə olunub. XIX əsrdə Amerikada bu məsələlər o qədər qabarıq olub ki, o dövrün əksər tanınmış filosoflarının qələminə tuş gəlib. Məsələn, Fridrix Enegels "Amerikanın 10 varlı adamı" məqaləsində birinciliyi 300 milyon dollar sərvət yığmış Kaliforniya qubernatoruna vermişdi. ABŞ-da həftəlik maaşın 10-15 dollar olduğu bir dövr üçün bu, çox böyük vəsait sayılıb. Həmin qubernator sonradan Hollivud filmlərinin personajına çevrildi, korrupsioner, Kaliforniyada krallıq qurmaq istəyən despot və s. kimi təsvir edildi.
Azərbaycanın bəzi məmurları da gələcək nəsillər tərəfindən bu cür qələmə verilə bilər. Yüksək çinlilər bu məqama fikir verməlidirlər. Bu gün qədəm basdıqları iş yerində özlərini hakim mövqeli sayanlar uzun müddət ictimai qınaqdan yaxa qurtara bilməyəcəklər. Lap enerjnin saxlanması qanununa oxşayır: İnformasiya itmir, yalnız bir şəkildən başqa şəkilə dəyişir. Yəni xalqın bu günkü nəsillərinin ah-naləsindən, gələcək nəsillərin bədii yaradıcılığına çevrilir.
Çingiz Rüstəmov