Şahin Mustafayevin nazirliyindən absurd açıqlama
10:58 03-12-2015
İQTİSADİYYAT
Ölkədə qiymətlər kəllə-çarxa çıxıb, dövlət qurumu isə deyir, bahalaşma qeydə alınmayıb
2015-ci ilin fevral devalvasiyasından sonra baş verən qiymət artımını dövlət qurumları inzibati yolla tənzimlədi. Ancaq bahalaşma avqust ayından sonra daha ciddi hiss edildi.
Ekspertlər bunu süni qiymət artımı hesab edərkən, hökumət yenidən yoxlama və nəzarəti gücləndirməyə başladı.
Bu gün isə bahalaşma həddini aşmaq üzrədir. Hər kəsə bəllidir ki, paytaxtın bir çox market və mağazalarında kütləvi bahalaşma müşahidə edilməkdədir.
Əvvəllər gündəlik tələbat məhsullarının bazarlığına sərf etdiyimiz 100 manata lazımı ərzaqların hamısını ala bilmirik. İndi isə məhz həmin məhsullar üçün ən azı 40-50 manat əlavə vəsait xərcləməli oluruq.
Xüsusilə ərzaq və ərzaq məhsullarının qiymətində 30-40 faiz artım var.
Məsələn, əvvəllər "Berqa" çayları 100 qramlıq paketlərdə 85-90 qəpiyə, 250 qramlıq paketlərdə 2 manat 15 qəpiyə satılırdısa, indi 100 qramlıq paketlərdəki "Berqa" 1 manat 20 qəpiyə, 250 qramlıq paketlərdə 2 manat 45 qəpiyə alıcılara təklif edilir.
100 qramlıq paketlərdə 90 qəpiyə satılan "Beta" çayları indi 1 manat 40 qəpiyə, 250 qramlıq paketlərdə 2 manat 20 qəpiyə satılan çaylar isə 2 manat 75 qəpik olub.
Bahalaşma şəkər, şəkər tozu, konfet, şirniyyat, yuyucu toz, vanna otağı üçün istifadə edilən kimyəvi təmizləmə məhsullarında həddindən artıq hiss edilir. Bu məhsullarda da əvvəlki illə müqayisədə 40-50, bəzən 70 qəpik artım müşahidə edilir. Çəki ilə satılan şirniyyatlar, tortlar və qənnadı məhsullarının qiyməti azı 1 manat artıb. Məsələn əvvəllər 3 manata satılan kiçik ölçülü "Nağıl" tortu indi 4 manata, 6 manat 50 qəpiyə satılan nisbətən iri ölçülü "Nağıl" toru isə 7 manat 50 qəpiyə alıcılarını gözləyir.
Yuyucu tozlarının qiymətinin bahalaşdığını xüsusi qeyd etmək lazımdır. Belə ki, "Ariel", "Tayd", "Omo", "Persil" kimi daha çox ehtiyac duyulan məhsulların qiymətindəki fərqlər də əvvəlki illə müqayisədə 80-90 qəpik arasındadır.
Bu arada mövzu ilə bağlı danışan İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, Antiihisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı müşahidələr zamanı ərzaq mallarının qiymətində dəyişiklik qeydə alınmayıb.
Bundan başqa, vitrində qoyulan məhsulların qiyməti ilə kassada verilən qəbzdəki qiymətlər üst-üstə düşmür. Məhsulların əksəriyyətinin qiymətlərinin yuvarlaq rəqəmlər olmaması da alıcıları çaşdırır. İşçilərə irad bildirib, rəhbərliyi çağıranda isə hamısı müdir qarışıq gözünü yerə dikir. Deməli, hamının hər şeydən xəbəri var...
Abbas Əliyev bu cür faktlarla qarşılaşan müştəriləri 012 498 15 01, 012 498 15 04 nömrəli telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyi Yanında Antiihisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 çağrı mərkəzinə müraciət etmələrini bildirdi: "Müraciət edilən təqdirdə bütün lazımi tədbirlər həyata keçiriləcək".
Qeyd edək ki, Şahin Mustafayevin nazirliyinin belə bir açıqlaması təəccüb və təəssüf doğurur. Sıravi vətəndaşlar hər gün daha da artan qiymət bahalaşmasını yaxşı hiss etdikləri, ekspertlər də bu barədə danışdıqları halda İqtisadiyyat və Sənaye Nazirliyinin xəbərsizliyinə inanmaq çətindir.
Digər tərəfdən, təəssüf ki, hələ də hökumət qurumları narahatlıq doğuran mövzularda ənənəvi və mücərrəd açıqlamalarla kifayətlənir, şablon cavablarla vəziyyətdən çıxmağa çalışır. Şahin Mustafayevin nazirliyi bahalaşma ilə bağlı vətəndaşların müraciətini gözləyib sonra hərəkətə keçməkdənsə, öz səlahiyyətləri çərçivəsində operativ şəkildə prosesə müdaxilə etməlidir.
Əlbəttə, burada incə bir məqamı da unutmaq olmaz: qiymətlərin bahalaşmasında ayrı-ayrı nüfuzlu məmurların monopolist maraqlarının mühüm rol oynadığı hamıya yaxşı məlumdur. Ona görə də istər-istəməz belə bir sual yaranır: Şahin Mustafayevin rəhbərlik etdiyi nazirlik bahalaşma ilə bağlı açıq-aşkar görünən tendensiyadan xəbərsiz olduğunu deyərkən, ola bilərmi həmin iri məmurların biznes maraqlarına toxunmaqdan çəkinir?
Çünki yerli təcrübə göstərir ki, hökumətin iqtisadi blokuna daxil olan nazirliklər və komitələr öz qanuni səlahiyyətlərinin icrası zamanı (yoxlamalar, monitorinqlər və s.) adətən ölkənin aparıcı istehsalçı və idxalçı şirkətlərinin (hansı ki, onların arxasında bəzi nüfuzlu vəzifə sahiblərinin dayandığı heç kimə sirr deyil) özbaşınalıqlarına laqeyd yanaşırlar. Bu da həmin şirkətlərin hökumətdə ciddi dayaqlara malik himayəçilərinin olması ilə əlaqədardır.
İnanaq ki, İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycanda getdikcə genişlənən və dərinləşən bahalaşma tendensiyasının səbəblərini obyektiv araşdırmaq, süni qiymət artımı halları varsa, buna səbəb olanlar barədə ölçü götürmək cəsarəti nümayiş etdirəcəkdir.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52