Etibar

"Ekspress" bank hətta nazirin qohumunun evini əlindən almaqdan da çəkinmir

"Ekspress" bankın Şirvan filialı səhiyyə naziri Oktay Şirəliyevin yaxın qohumu olan Nailə Oktay qızı Şirəliyevanın evini əlindən alır. istiqlal.az-a ünvanladığı məktubda N.Şirəliyeva yazır ki, Şirvan şəhəri S.Zeynalov küçəsi bina 4, mənzil 28-i banka girov qoyub: "Ötən ilin dekabr ayında "Ekspress" bankın Şirvan filialından yaşadığım evi girov qoymaqla 3 il müddətinə ayda 503 manat ödəməklə 13 min manat kredit götürdüm.
3 ay ödədim. Devalvasiyadan sonra ödəniş etməyə çətinliyim yarandı. Bankdan mənə dedilər ki, imkanın nəyə çatırsa o qədər ödəyin. Sonradan bildim ki, ödədiyim pulu cəriməyə çıxırlar. Bankın filial müdiri Adil müəllimə müraciət edərək xahiş etdim ki, kredit müddətimi uzadın, aylıq ödənişim azalsın və pulunuzu ödəyim. Müdir dedi mən sizə kömək edə bilməyəcəm. Məhkəməyə verib evinizi əlinizdən alacağıq. Hazırda "Ekspress" bank evimi əlimdən almaq üçün hərəkətə keçib. Mənim atam Sovet ordusunda polkovnik rütbəli hərbi komandan işləyib. Uzun illər Rusiyada yaşamışıq. Səhiyyə nazirimiz Oktay Şirəliyevlə ata və ana tərəfdən qohumam. Nazirin bibisi nəvəsiyəm. Bu gün çıxılmaz durumdayam. Ölkə rəhbərliyindən xahiş edirəm ki, evimin əlimdən alınmasının qarşısnı alsın. Mən bankın pulunu ödəməkdən yayınmıram. Sadəcə şərtləri bir qədər yumşaltsınlar. Devalivasiya məni çətin duruma salıb. Ödəniş etməkdə çətinliklərim yaranıb".
"Unikal" xatırladır ki, "Ekspess" bankın "Azərenerji" prezidenti Etibar Pirverdiyevə bağlılığı, ona məxsus olması haqda məlumatlar var.
Qəzetimizin araşdırması zamanı məlum olub ki, Pirverdiyevin bankının adı ilk dəfə deyil hansısa əmlak qalmaqalında hallanır. Belə ki, ötən ilin mayında ölkə KİV-i Elbrus Məmmədov adlı iş adamı ilə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyev arasında əmlak davasından yazıb. Həmin vaxt E.Məmmədovun hüquqi nümayəndəsi Fəqan Nəsibovun mətbuata dediyinə görə, adıçəkilən iş adamına məxsus Bakı şəhəri, Nərimanov rayonunun Rəhim Məmmədov ünvanında yerləşən 4 mərtəbəli mülk 2011-ci ildə E.Pirverdiyevə satılıb. Alqı-satqı müqaviləsinə əsasən, satan tərəf E.Məmmədov, alan tərəf isə "Azərenerji" ASC sədrinin həyat yoldaşı Pərvanə Pirverdiyeva olub.
Hüquqi nümayəndə bildirib ki, E.Məmmədova məxsus olan mülk 2 milyon 300 min manata razılaşdırılıb, evin əşyaları üçün də əlavə 100 min manat ödəniləcəyi bildirilib. Mülk üçün ödəniş aparılıb. E.Məmmədov ona 2 milyon 300 min manatın verildiyini deyib. Evin əşyalarına görə isə 100 min manatı ala bilmədiyini söyləyib. Şikayətçi yazıb ki, alqı-satqı müqaviləsinə görə, mülkiyyət real qiymətindən aşağı - 800 min manat məbləğində göstərilib və səbəbini də "vergidən yayınma məqsədi" ilə izah edib.
Həmin vaxt bildirilirdi ki, E.Məmmədov fiziki şəxs kimi metal biznesi ilə məşğüldür, SOCAR-a qonşu ölkələrdən metal avadanlıqları gətirir, orada işləyən Arzuman Əliyev, şərikləri Sərraf Məmmədov və Aləm Əkbərova təhvil verirmiş. Lakin, dediyinə görə, verdiyi məhsulun müqabilində pullarını ala bilməyən E.Məmmədov 4 mərtəbəli evini "Express" banka girov qoyub, 700 min manat pul götürərək yenidən qonşu ölkələrdən dəmir borular gətirib. Malı A.Əliyev və onun komandasına təhvil versə də, yenə pullarını tam ala bilməyib. Dediyinə görə, onu banka xeyli borclandıran A.Əliyev sonradan E.Məmmədova vəd verib ki, şəriki olduğu "Viktoriya 313" MTK-nın tikdiyi evdə ona mənzil verə bilər, o da qarşılığında prokurorluqda gedən istintaqı dayandırsın.
Lakin, sonra özü də E.Məmmədova qarşılıqlı iddia ilə çıxış edib. Beləliklə, bankdan götürdüyü vəsaitin də faizi ilbəil şişib, cərimələrlə birlikdə yüksək borclar yaranıb. Bank günbəgün onu sıxışdırıb. Ev girovda olduğuna görə, özünün 4-4,5 milyon manat qiymətləndirdiyi mülkü Pirverdiyevə ucuz satmağa məcbur olub. Mülk yüksək səviyydə təmirli, qiymətli inventarları ilə birlikdə satılıb. Cənab Məmmədovun sözlərinə görə, alıcı tərəf olan E.Pirverdiyev özü, yoldaşı, qaynı gəlib evə baxıblar, son nəticədə 2,3 milyon manata razılaşıblar, əşyalar da 100 min manata satılıb...
Göründüyü kimi, Pirverdiyevin bankının adı əmlak qalmaqallarında hallanmaq üzrə xeyli "ixtisaslaşıb". Hətta bu qalmaqallara bəzən "Azərenerji" şefinin ailə üzvlərinin də adları qarışıb.
İndi isə Pirverdiyevin bankı hətta nazir qohumunun da evini əlindən almaq fikrinə düşüb. Görəsən, bankın, haqlı olduğuna dair xeyli şübhələrin yarandığı bu əmlak davaları haracan davam edəcək?!
Sənan Mirzə