Aydın Bəşirovun “Dəniz Vağzalı” ilə bağlı xoş xəbər
11:51 07-06-2012
CƏMİYYƏT
Aydın Bəşirovun “Dəniz Vağzalı” ilə bağlı xoş xəbər
Bura 5 ildir sərnişin ayağı dəyməyibmiş, binanın üzərindəki ad isə vağzala yox, otelə işarə imiş
Azərbaycanın Türkmənstan və Qazaxıstana bərə sərnişin daşımalarının zəifləməsinin ilginc səbəbləri varmış. Sən demə, bu, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (XDGİ) anormal fəaliyyətinin məntiqi nəticəsindən başqa bir şey deyilmiş.
Belə ki, bərə sərnişin daşımaları üçün nəzərdə tutulan Bakı Dəniz Vağzalı öz funksionallığını tamamilə itirib. Vağzal yeni təmirdən çıxıb, amma orada yalnız restoran fəaliyyət göstərir, nə kassalar, nə də gözləmə salonunun stolları var.
Vağzalın işçilərindən birinin sözlərinə görə, əvvəllər Orta Asiya istiqamətində sərnişin daşımalarına biletlər burada satılıb, sərnişinlər elə Vağzalın salonundaca oturub gözləyirmişlər. Amma təxminən beş ildir burada sərnişin görmək mümkün deyil. “Hazırda Bakı Dəniz Vağzalı sadəcə, otel və restorandan ibarətdir”.
Ən ilginci isə “Elə isə niyə binanın üzərinə “Dəniz Vağzalı” yazılıb” sualının cavabında meydana çıxıb. Məlum olub ki, “Dəniz Vağzalı” elə otelin adı imiş!!!
Xatırladaq ki, 2006-cı ilin iyununda Bakı Dəniz Vağzalının əsaslı yenidənqurmadan sonra açılışı olub. Açılış mərasimində ölkə başçısı da iştirak edib.
Yada salaq ki, Bakı Dəniz Vağzalının binasının əsası 1970-ci ildə qoyulub. 2001-ci ildə Bakıda baş vermiş zəlzələdən sonra binada çatlar əmələ gəlib. 2004-cü ildə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının daxili imkanları hesabına burada əsaslı yenidənqurma işlərinə başlanıb. Açılış mərasimində isə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (XDGİ) rəisi Aydın Bəşirov bəyan edib ki, hazırda dəniz vağzalı gün ərzində 1200 sərnişinə xidmət edə bilər. Əvvəllər vağzalda 16 nəfər çalışsa da, indi iş yerlərinin sayı 120-yə çatdırılıb və s.
Amma açılışdan 6 il sonrakı vəziyyət Bəşirovun o vaxtkı dedikləri ilə əsla örtüşmür. İndi məlum olur ki, Bakı Dəniz Vağzalı yenidən fəaliyyətə başladıqdan 1,5-2 il sonra öz təyinatını tamamilə dəyişib və kimlərinsə (böyük ehtimalla isə elə XDGİ rəhbərinin özünün!) şəxcsi mənfəət yerinə çevrilib.
Təsəvvür edin, açılış mərasimində Vağzalın bərə sərnişin daşımalarında xidmətin keyfiyyətinə müsbət təsiri barədə danışılırdısa, indi bunun tam əksi olan situasiya yaranıb. Belə ki, kassaları hansı məntiqləsə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bərə körpüsünün yanına köçürüblər. Sərnişinlər bileti elə mindiyi yerdən alır. Bərələrdən mütəmadi istifadə edən sərnişinlər də təsdiqləyirlər ki, bir neçə ildir vəziyyət belədir.
Onların sözlərinə görə, Bakı Dəniz Vağzalının nə üçün tikildiyi və təyinatı onlar üçüni qaranlıqdır. Yalnız bunu deyə bilərlər ki, onlar yenidənqurmadan sonra açılışın üstündən 6 il keçməsinə rəğmən otel və restoran kimi fəaliyyət göstərən Dəniz Vağzalı ilə bağlı yaxın gələcəkdə də dəyişiklik gözləmirlər. İnanmırlar ki, hazırda kassaların olduğu yeri ora köçürsünlər, çünki bura çox gəlirli yerdir...
Elə oradakı kassir qadının sözlərinə görə də, artıq Bakı Beynəlxalq Dəniz Ticarət Limanından mütəmadi reyslər həyata keçirilmir. “Yük olandan olana Qazaxıstanın Aktau (keçmiş Şevçenko) limanına və Türkmənistanın Türkmənbaşı (keçmiş Krasnovodsk) limanına bərələr hərəkət edir, onda da imkan düşən kimi sərnişinlərə də bilet satırıq”.
Kassir qadının dediyinə görə, Türkmənbaşıya ümumiyyətlə gedən çox az olur, Aktauya isə hər bərəyə 5-6 nəfər sərnişin tapılır. Bərələr də təxminən həftədə bir dəfə yola düşür.
Beləliklə, bir vaxt Orta Asiyaya ən qısa yol sayılan və çoxlarının məcazi şəkildə Bakı-Türkmənbaşı və Bakı-Aktau körpüsü dediyi bərə yolu tarixə qovuşmaqdadır. Sovet illərində Türkmənistanın Krasnovodsk limanına hər gün bərə yola düşürdü və hər gün minə yaxın sərnişin Xəzərin o tayına yola düşürdü. Türkmənistandan Bakıya gələnlər də yetərincə idi. Məsələn, Türkmənistanın Kızıl-Arvat, Krasnovodsk kimi əyalət şəhərindən məktəblilər belə Bakıya gəzməyə gələrdidər və hətta Bakıda kinoya gedərdilər. İndi isə bu yolla gedib-gələnlərin, yük göndərənlərin sayı getdikcə azalmaqdadır. Bərələr isə əsasən Xəzərin şərq sahilindən neft daşıyır. Bunu rəsmi statistikadan da görmək olur. Məsələn, 2011-ci ildə Türkmənistandan gətirilən yüklər 2010-cu ilə nisbətən cəmi 10 faiz azalıbsa, Türkmənistana yola salınan yüklər 5 dəfə, yəni 80%-ə qədər azalıb.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanın işçilərindən biri azalmaya səbəb kimi bərə daşımalarında sərnişin biletlərinin çox baha olmasını göstərir, amma onun sözlərinə görə, camaatı bərədən uzaq salan başqa bir amil Bakı Dəniz Vağzalının bərəyə xidmət göstərməməsidir: “Əvvəllər əyalətlərdən, Gürcüstandan gələn adamlar dəniz vağzalında bilet alardılar, vağzalda bəzən 1-2 gün gözləyib bərə ilə gedərdilər, çünki şərait var idi. Camaatı bərəyə xüsusi avtobuslar aparırdı. İndi bərə körpüsünün yanında hansı şərait var ki, camaat oturub gözləsin? Ona görə də hamısı dəmir yoluna üz tutur”.
Göründüyü kimi, XDGİ bərə daşımaları ilə bağlı anormal vəziyyət yaradıb, bu, həm sərnişinlər üçün çeşidli problemlər yaradıb, həm də büdcə gəlirlərinə mənfi təsir edib. Ən əsası isə o boyda Bakı Dəniz Vağzalı faktiki olaraq hazırda ağzı günə yatır – kimlərinsə şəxsi çıxarlarının hədəfinə çevrilib.
Bütün bunlara isə Aydın Bəşirov və onun idarəsinin nə cavab verəcəyi əlbəttə, maraq doğurur.
Azər Aslan
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22