Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluqlar törədən 7 nəfərlik dəstənin daha iki üzvü - "Vanqa" ləqəbli Vaqif Hüseynov və İlkin Şıxıyev tutulub. Həmin şəxslər paytaxt Bakı şəhərində saxlanılıb.
Unikal.org Region TV-yə istinadən verdiyi xəbərə görə, müstəntiq Ağaxan Abdullayev faktla bağlı bildirib ki, bu iki şəxs məsuliyyətdən yayınmaq üçün qaçıb gizləniblər: "30 iyun tarixində Goranboy rayon polis şöbəsi əməkdaşları tərəfindən həmin şəxslər tutularaq istintaqa təhvil verilib".
İstintaq yolu ilə müəyən edilib ki, barələrində axtarış elan olunan V.Hüseynov və İ.Şıxıyev axtarışda olduqları müddətdə də öz çirkin əməllərini dayandırmayıblar. Onlar Dəliməmmədli şəhəri ərazisində müxtəlif obeyktlərdən oğurluqlar edib.
"Vanqa" ləqəbli V.Hüseynov əməlinə görə heç də peşman olmadığını bildirib:
"Axtarışda olan vaxt pulumuz yox idi. İstəyirdik, pulumuz olsun. Bunun üçün də haranısa yarmalıydıq. Ona görə də Dəliməmmədlidə bir mağazanı, bir çay evini yardıq. Xanqərvənddə bir evə girdik, oradan bir qazandan xoşumuz gəldi, onu götürdük. Əməlimdən heç də peşman deyiləm. Niyə peşman olum ki?! Bunu mən eləmişəm.
V.Hüseynovun ortağı İ.Şıxıyev məsuliyyətdən yayınmasına özünəməxsus şəkildə don geyindirib: "Çöldə gözəl hava var. Biz də Bakıda dəniz qırağında idik. Dedik ki, yayda dəniz qırağında dincələk, qışda gedərik".
Hazırda polis dəstə üzvlərinin ziyan vurduğu zərərçəkənlərin sayını müəyyənləşdirir.