Gəncə Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirli bilinən 35 yaşlı Rəşad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Rəşad Babayev 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, keçən il noyabrın 3-də, Goranboy rayonunda qonşular arasında başlayan mübahisə 23 yaşlı gəncin qətlə yetirilməsi ilə nəticələnib. Hadisə rayonun Nizami kəndində yerləşən çayxanada baş verib. Kənd sakini, 23 yaşlı Həsən Həsənov kəndin mərkəzində işlətdiyi çayxanada həmyerlisi, 35 yaşlı Rəşad Babayevlə mübahisə edib. Bu zaman Rəşad Babayev üstündə gəzdirdiyi bıçaqla Həsən Həsənova ürək nahiyəsindən zərbə endirib.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, 23 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.
Goranboy rayon polis şöbəsinin və rayon prokurorluğunun keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Rəşad Babayev saxlanılıb.
Xatırladaq ki, Rəşad Babayev əvvəllər məhkumluq həyatı yaşayıb.
Rəşad Babayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib.