Azərbaycanın hərbi eksperti Telman Əbilov və həyat yoldaşı Dilbər Əbilova bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 125 -ci kilometrliyində baş verən ağır yol qəzasında xəsarət alıblar.
Unikal.org "Report"a istinadən xəbərinə görə, T.Əbilovun qolu qırılıb, həyat yoldaşı D.Əbilova isə qol, ayaq və bədənin müxtəlif hissələrindən xəsarət alıb. Yaralılar ilk olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər və onlara orada ilkin tibbi yardım göstərilib.
Hazırda yaralıları Bakıya xəstəxanaya gətirirlər.
Qeyd edək ki, T.Əbilov və D.Əbilova "Qafqazinfo" portalının redaktoru Günel Əbilovanın valideyinləridir.
*** 12:02
Cəlilabadda 1 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
"Reportun Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 125 -ci km-də qeydə alınıb.
Cəlilabad rayon Musalı kənd sakini Zaur Babayev "Vaz-21015 markalı avtomobili ilə Bakı istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn Bakı şəhər sakini Xanağa Nəzərovun idarə etdiyi avtomobillə toqquşub. Nəticədə "Vaz-21015 markalı avtomobildə olan sərnişin Fariz Rəsulov hadisə yerində dünyasını dəyişib.
Hər iki avtomobilin sürücüləri və sərnişinləri Məhəmməd Məmmədov, Telman Əbilov və həyat yoldaşı Dilbər Əbilova yaralı halda Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndiriblər.
Faktla bağlı araşdırma aparılır.