Salyan rayonunun Dayıkənd kənd sakini, 11 yaşlı Aqil İlkin oğlu İsmayılov quduzluqdan bu gün dünyasını dəyişib.
Unikal.org Virtualaz.org-a istinadən məlumat verir ki, onu 15 gün əvvəl kənddə it dişləyibmiş. Buna görə də valideynləri həkimə müraciət ediblər.
Salyan Rayon Mərkəzi Xəstəxanasının həkimləri ona quduzluq diaqnozu qoyaraq müvafiq müalicə təyin ediblər. Amma buna baxmayaraq, uşağın səhhəti günü-gündən ağırlaşdığından bir neçə gün əvvəl onu Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə gətiriblər.
Müalicəsi orada davam etdirilsə də nəticə verməyib, uşaq bu gün dünyasını dəyişib və kəndə gətirilərək dəfn olunub.