Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) Müşahidə Şurasında (MŞ) dəyişiklik ola bilər.

Unikal.org "Report"a istinadən xəbər verir ki, MŞ-nın üzvü Müşfiq İsrafilov başqası ilə əvəz edilə bilər.

Qeyd edık ki, M.İsrafilov MŞ-da Maliyyə Nazirliyini (MN) təmsil edir. O, yaxın vaxtlara qədər MN-nin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəis müavini olub. Prezident İlham Əliyevin bu il, fevralın 3-də imzaladığı fərmanla DSNX ləğv edilib və onun səlahiyyətləri yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib.

Nəticədə, M. İsrafilov ixtisara düşüb və hazırda MN-nin işçisi deyil. Odur ki, ABB-nin MŞ-da onun başqası ilə əvəz ediləcəyi istisna deyil.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641 287 250 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,27 manat olan təxminən 2 275 138 000 səhm əsasında formalaşıb.
Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 8,49%-i qeyri-dövlət müəssisələrinə, 36,55%-i fiziki şəxslərə məxsusdur.