ANSpress.com xəbər resursu ölkə ərazisində fəaliyyət göstərən heç bir provayder tərəfindən bloklanmayıb.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə yazıb. O bildirib ki, Forum olaraq ANSpress.com onlayn xəbər resursuna blok qoyulması məsələsinə aydınlıq gətirmək üçün müəyyən araşdırmalar aparılıb:

"Bu məsələ kifayət qədər ictimai əhəmiyyət kəsb edir və qapadılma ilə bağlı hən hansı rəsmi açıqlama da verilməyib. Son illərdə Azərbaycan internetində hər hansı senzura amilinin olmaması, məhkəmə qərarı olmadan internet resursun bloklanmaması, ən kritik anlarda Azərbaycan internetin azadlığına xələl gətirəcək addımların atılmaması fonunda yetərincə auditoriyaya malik anspress.com saytının bloklanması ekspertlər tərəfindən də birmənalı qarşılanmamışdı.

Bu günə əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, ANSpress.com xəbər resursu ölkə ərazisində fəaliyyət göstərən heç bir provayder tərəfindən bloklanmayıb.

Bununla belə anonimayzerlər vasitəsilə də sayta daxil olmaq mümkündür.
Belə olan halda düşünmək olar ki, baş verən hadisələrdən sonra bu xəbər resursunun fəaliyyəti onun öz sahibi, ANS rəhbərliyi tərəfindən müvəqqəti olaraq dayandırılıb.

Güman ki, resurs sahibi öz serverində Azərbaycana aid ilan İP ünvanları bloklayıb və ölkədən bura giriş qapadılıb.
Ümid edirk ki, bununla bağlı şirkət rəhbərliyi tərəfindən rəsmi açıqlama veriləcək.