Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin Azərbaycanda keçiriləcək ikinci toplantısını ən qısa zamanda gerçəkləşdirməyi arzu edirik.
Unikal.org APA-ya istinadən bildirir ki, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım Ankarada Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli mexanizmi regional sülh və əməkdaşlığa töhfə verir.
Baş nazir Dağlıq Qarabağ münaqişəsində 3 ay öncə baş verən təhlükəli gərginləşmə ilə bağlı narahatlıqlarını dilə gətirdiklərini diqqətə çatdırıb: "Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə önəm verdiyimizi ifadə etmişik".
B.Yıldırım hərbi çevriliş cəhdindən sonra Türkiyənin digər ölkələrlə ikitərəfli əlaqələrində heç bir sarsıntı yaşanmadığını söyləyib. O, Abxaziya və Cənubi Osetiya problemlərinin sülh yolu ilə, Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həllini istədiklərini, Türkiyənin bu işə fəal dəstək verəcəyini vurğulayıb. Baş nazir Gürcüstanın NATO-ya üzvlüyünü ilk mərhələdən bəri dəstəklədiklərini, sonuncu Varşava sammitində bu mövqelərini bir daha təsdiqlədiklərini də deyib.
Qeyd edək ki, Ankarada Türkiyə-Gürcüstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 1-ci toplantısı keçirilib.