Bakı Slavyan Universitetində (BSU) kadr islahatları başlayıb.
Unikal.org "Report-a istinadən xəbər verir ki, BSU-nun iki yüksək vəzifəli əməkdaşı işdən azad olunub. Bunlar BSU-nun Kadrlar və Beynəlxalq Əlaqələr şöbələrinin müdirləridir. Bundan başqa, onlarla əməkdaş BSU-dakı vəzifələrindən azad olunmaqla bağlı ərizələr yazıblar.
Yeni rektor təyinatından sonra BSU-nun inzibati binasında təmir işlərinə də başlanılıb.
BSU-nun mətbuat katibi Adil Əliyev açıqlamasında Kadrlar və Beynəlxalq Əlaqələr şöbələri rəhbərlərinin işdən çıxarıldığını təsdiqləyib: "Onlar ərizə yazaraq öz xahişləri ilə vəzifələrindən azad olunublar.
BSU sözçüsü digər əməkdaşların işdən çıxması barədə ərizə yazmasına isə münasibət bildirməyib. Bununla belə, o, universitetdə təmir işləri aparıldığını da təsdiqləyib.
Xatırladaq ki, bu il iyunun 23-də Nurlana Əliyeva BSU-ya rektor təyin olunub. Yeni rektor mətbuata açıqlamasında kadr dəyişikliklərinin olacağını bəyan edib.