Dövlətin idarə olunması sahəsində islahatlar daha da sürətlənəcək.
Unikal.org xəbər verir ki, bunu milli.az-a açıqlamasında Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
Onun sözlərinə görə, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsi ölkəmizdə dövlətin idarə olunması sahəsində inqilabi dəyişiklikləri nəzərdə tutan bir sənəddir:
"Hazırkı Konstitusiyanın qəbul edilməsindən 20 ildən artıq vaxt keçib. Bu dövr ərzində Azərbaycanda bütün sahələrdə yüksək inkişafa nail olunub, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib. Ancaq zaman keçdikcə ölkənin hərtərəfli inkişafı üçün aparılan islahatların daha da sürətlənməsinə ehtiyac yaranır. Təsdiq olunmuş Referendum Aktı layihəsində dövlətin idarə olunmasının təkmilləşdirilməsini, ölkədə demokratiyanın daha da inkişaf etdirilməsini nəzərdə tutulan dəyişikliklər əks olunub".
Millət vəkilinin fikrincə, bu dəyişikliklər ölkənin sürətli inkişafına təkan verəcək: "İnanıram ki, Azərbaycan xalqı referendumda bu dəyişikliklərə "hə" deyəcək, dövlətin daha da modernləşməsi, ölkənin sürətli inkişafı üçün islahatlar aparılmasına geniş şərait yaranacaq və Azərbaycan bütün sahələrdə daha sürətli inkişafa nail olacaqdır".