22 iyul Milli Mətbuat Günü ilə bağlı Prezident İlham Əliyev daha bir humanist addım atdı.Ölkə başçısının qəzetlərin maddi-texniki bazasının gücləndirilməsinə görə birdəfəlik maddi yardımın ayrılması, eləcə də mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin Milli Mətbuat Günü ərəfsində belə bir addım atması qəzet rəhbərləri tərəfindən müsbət qiymətləndirilib. Baş redaktorlar "Unikal" qəzetinə açıqlamalarında Prezidentin bu addımını təqdir etdiklərini bildiriblər.
"Yeni Müsavat qəzetinin rəhbəri Rauf Arifoğlu Prezidentin məlum sərəncamının müsbət addım olduğunu bildirib: "Ölkə başçısının bu addımını çox yüksək qiymətləndirirəm. Hər il Azərbaycanın yazılı mətbuat nümunələrinin maddi texniki bazasının, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması üçün belə addımlar atılır. Bu çox gözəl bir ənənədir. Bunun daha geniş vüsət almasını və biznes sektorlarının bu cür təşəbbüslərə qoşulmasını arzu edirik. Onların sayəsində böyük reklam bazarının formalaşmasını istəyirik. Arzu edərdik ki, hər kəs Prezidentdən nümunə götürsün.
"Səs qəzetinin baş redaktoru Bəhruz Quliyev də ölkə başçısının bu addımını müsbət dəyərləndirir: "Bu gün mətbuatımız faktiki olaraq dövlət qayğısı ilə əhatə olunub. Ölkə başçsının mətbuatın inkişafı istiqamətində atdığı addımlar bir daha onu göstərir ki, bu sahə dövlətin prioritet istiqamətlərindən biridir. Mətbuatımız bu qayğını hər zaman öz üzərində hiss edir. Prezident İlham Əliyevə mediaya göstərdiyi belə diqqət və qayğıya görə son dərəcə təşəkkür edirik.
"Reytinq qəzetinin baş redaktoru Afiq Mirzəbəyli isə bizimlə söhbətdə bunları deyib: "Ölkə başçısının media ilə bağlı son sərəncamlarını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu addım ölkə mətbuatının inkişafına böyük təkan olacaq. Bu sərəncamlar Jurnalistlərin mənzil şəraitinin yaxşılaşıdırlmasına, redaksiyaların maddi texniki bazasının möhkəmləndirilməsinə xidmət edəcək. Buna görə dövlət başçısına təşəkkür etmək lazımdır.
"Paralel qəzetinin rəhbəri Tapdıq Abbas bunları deyib: "Ölkə başçısı tərəfindən hər il mətbuatla bağlı sərəncamların imzalanması, mediaya dəstək göstərilməsi ənənə halnı alıb. Medianın maddi texniki bazasının gücləndirilməsi üçün maddi vəsait ayrılıb. Jurnalistlər üçün tikilən binada inşaat işlərinin başa çatdırılması üçün maliyyə ayrılıb. Bütün bu tədbirlər uzun illərdir davam edir. Son imzalanan sərəncamlar uzun zamandır həyata keçirilən silsilə tədbirlərin davamıdır. Buna görə də, ölkə başçısına jurnalistlər adından minnətdarlığımı bildirirəm.
"Şərq qəzetinin baş redaktoru Akif Aşırlı da mətbuata qarşı diqqəti müsbət qiymətləndirib: "Hər zaman Azərbaycan dövlətinin mətbuata qayğısı olub. Ümumilli lider Heydər Əliyevin dönəmində də biz bunu yaşamışıq. Qəzetlərin nəşriyyata vaxtilə külli miqdarda borcları yaranmışdı, bu borclar donduruldu və birdəfəlik silindi. Qəzetlərin maddi texniki bazasının gücləndirilməsi istiqamətində daim ciddi addımlar atılıb. Medianın qanunvericilik bazası təkmilləşdirilib. Azərbaycan dövləti hər zaman istəyib ki, ölkənin güclü, müstəqil mediası olsun və bu media dövlətin milli maraqlarına xidmət etsin. Azərbaycanın dövlət rəhbəri İlham Əliyev hər zaman ölkə mətbuatının qayğıları ilə məşğul olub, onun problemlərinin həlli istiqamətində mühüm addımlar atıb. Prezident İlham Əliyev qəzetlərə birdəfəlik maddi yardımın ayrılması üçün sərəncam imzalayıb. Hesab edirəm ki, kifayət qədər ciddi bir məbləğdir. Bu Azərbaycanda mətbuatın inkişafı, jurnalistlərin sosial problemlərinin həlli baxımından ciddi addımdır. Alqışlayıram və prezidentə təşəkkür edirəm.
"Unikal qəzetinin baş redaktoru Asəf Rzayev Prezident İlham Əliyevin bu addımını müsbət qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan mətbuatı hər zaman Prezidentin mətbuata diqqət və qayğısını hiss edib: "Biz bu gün də həmin qayğını hiss edirik. Cənab prezidentə təşəkkür edirik ki, bizə böyük dəstək olur. Qəzetlərə birdəfəlik yardımla bağlı sərəncamın verilməsi də təqdir olunan addımdır. Bu yardım qəzetlərin problemlərinin həllində böyük rol oynayacaq. Qeyd edək ki, devalvasiyadan sonra kağızın bahalaşmasının, mətbbə xərclərinin artması qəzetlərə problem yaratmışdı. Ancaq cənab prezident hər zaman olduğu kimi, bu dəfə də mətbuatı ağır durumdan çıxarmaq üçün humanist addım atdı. Onun bu addımı söz və mətbuat azadlığının inkişafına töhfədir. Bu səbəbdən də redaksiyamız adından, daha geniş mənada, ümumilikdə çap mediasında çalışan bütün jurnalistlər adından ölkə başçısına bu dəstəyə görə minnətdarlığımızı bildiririk. Bu addım bir daha göstərdi ki, cənab prezident hər zaman azad sözün, azad mətbuatın yanındadır. Eyni zamanda, jurnalistlər üçün bina tikintisinə əlavə vəsaitin ayrılması ilə bağlı sərəncam da təqdir olunmalıdır. Cənab prezident bununla jurnalistlərin sosial-iqtisadi durumunun yaxşılaşdırılması istiqamətində önəmli bir addım atmış oldu. Bir daha bu dəyərli dəstəyə görə cənab prezident İlham Əliyevə təşəkkür edirik.
"İki Sahil qzəzetinin baş redaktoru Vüqar Rəhimzadə Prezident İlham Əliyevə təşəkkür edib: "Azərbaycan milli mətbuatının imkanlarının genişlənməsi, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı davamlı və sistemli şəkildə sərəncamlar imzalanır. Dünən imzalanan iki sərəncam da milli mətbuatın iqtisadi imkanlarının daha da möhkəmlənməsi, redaksiyaların maddi texniki bazalarının gücləndirilməsi baxımından çox uğurlu bir sərəncamdır. Öz kollektivimiz adından, jurnalistlər adından dərin təşəkkürümü bildirirə. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasətdir ki, möhtərəm prezident bu işi uğurla davam etdirir. Dünyada analoqu olmayan işlərdir ki, jurnalistlərə dövlət tərəfindən təmənnasız mənzil verilir. Bütün bunlar media sahəsində çalışanların dövlət tərəfindən yüksək səviyyədə qayğı ilə əhatə olunmasının göstərcisidir.
Həsən Babayev