Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul - Milli Mətbuatın yaranmasının 141 illiyi ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Unikal.org trend-ə istinadən məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən V.Səfərli Azərbaycan milli mətbuatının tarixi haqqında danışıb. O bildirib ki, milli mətbuatımız 141 il ərzində şərəfli bir yol keçib və hazırda müstəqil bir mətbuat kimi fəaliyyət göstərir. V.Səfərli vurğulayıb ki, son illər ərzində Azərbaycanda mətbuata dövlət qayğısı xüsusi diqqət mərkəzində olub.
KİVDF-nin icraçı direktoru qeyd edib ki, budəfəki müsabiqədə 19 istiqamət üzrə 70 KİV-dən 167 yazı daxil olub və 114 nəfər qalib elan olunub.
V.Səfərli bildirib ki, KİVDF il ərzində yerli icra hakmiyyəti və mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə müsabiqələr keçirilir. Onun sözlərinə görə, 2015-ci ildə 11 belə müsabiqə keçirilib: "Bu il isə artıq 6 müsabiqə keçirilib və ilin sonuna qədər də bu qədər müsabiqənin keçirilməsi planlaşdırılır".
V.Səfərli əlavə edib ki, müsabiqələrin keçirilməsində məqsəd həm jurnalistlərin peşəkarlığının arıtırılması, həm də onların sosial-maddi vəziyyətinin yaxşılaşdırılmasıdır.
Tədbirdə çıxış edən Ə.Amaşov bildirib ki, hər bir xalqın həyatında mətbuat mühüm rol oynayır. O qeyd edib ki, Azərbaycan mətbuatının təməli olan "Əkinçi" qəzeti Azərbaycan mətbuatının inkişafında, o cümlədən Azərbaycan xalqının oyanışında, inkişafında kifayət qədər böyük rol oynayıb: "Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə müstəqil mətbuat formalaşmağa başladı. Bu gün Azərbaycan mətbuatı kifayət qədər müstəqil, peşəkar və vətənpərvərdir".
Tədbir daha sonra bədii hissə ilə davam etdirilib.