"Facebook" şirkəti günəş enerjisi ilə işləyən və dünyanın ucqar yerlərində yaşayan insanların internetə qoşulması üçün nəzərdə tutulan "Aquila" pilotsuz uçan aparatın ilk sınaqlarını keçirib.
Unikal.org ictnews.az-a istinadla xəbər verir ki, şirkətin mühəndisləri qeyd edilən layihə üzərində iki il çalışıblar və sınaqlar uğurlu olub. Dron Arizona ərazisi üzərində bir neçə yüz metr uçub. İlkin olaraq "Aquila"nın 30 dəqiqə uçuş etməsi planlaşdırılıb.
Qanadlarının uzunluğu təxminən "Boeing 737" təyyarəsinin qanadlarının uzunluğuna uyğun olan "Aquila" pilotsuz uçan aparatının çəkisi 450 kiloqram təşkil edir. Aparat "uçan qanad" aerodinamik sxemi üzrə düzəldilib və dörd vintlə təchiz edilib. Uçuşda qalmaq üçün drona təxminən üç fenin işləməsi üçün lazım olan qədər enerji tələb olunur. Əvvəllər şirkət mütəxəssisləri yalnız aparatın çox kiçik modellərini sınaqdan keçiriblər.
"Aquila" 18 kilometr hündürlükdə uçmaqla istifadəçilərin lazer şüası vasitəsilə internetə qoşulmasını təmin etməklə informasiyanı mövcud sistemlərdən 10 dəfə daha sürətli ötürməyə imkan verəcək.