Bu ilin 6 ayı ərzində Azərbaycanda 8 min nəfəri müxtəlif heyvanlar dişləyib.
Unikal.org xəbər verir ki, bu barədə "Reporta Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova məlumat verib.
Onlardan 90 faizini it, 1-2 faizi pişik, yerdə qalanları isə digər heyvanlar dişləyib.
Bakı şəhəri üzrə qeydə alınan heyvan dişləmələrinin statistikasına gəlincə, yanvar-iyun aylarında paytaxtda Bakıda 2 900 dişləmə faktı qeydə alınıb.
O qeyd edib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il heyvan dişləmələrinin sayı 5 faiz artıb.
Rita İsmayılova onu əlavə edib ki, müvafiq dövrdə it dişləmələri nəticəsində insanlarda quduzluğa yoluxma halı və quduzluqdan 3 ölüm faktı qeydə alınıb. Onlardan ikisi ümumiyyətlə həkimə müraciət edərək müalicə kursu keçməyib. Həmin şəxslərdən ikisi qadın, biri isə kişi olub.
Qurum rəsmisi vətəndaşlara müraciət edərək bildirib ki, heyvan dişləməsi zamanı elə həmin gün mütləq həkimə getmək lazımdır: "Əgər gecikmə baş versə, o zaman iynələr kömək etmir. Yəni, dişləmə faktı zamanı sxem üzrə müalicə təyin olunur və bu həmin gün iynə vurulmalıdır. Əgər bu sxem pozulursa, insanlar vaxtında həkimə getməyib bundan imtina edirsə, onda bu xəstəlik 100 faiz ölümlə nəticələnir.
Heyvan dişləmələrin 99 faizinin vaksinasiya kursu ilə müalicə olunduğunu deyən şöbə müdiri vurğulayıb ki, insanlar çox vaxt dərin yaralar olanda həkimə müraciət edirlər: "Lakin insanlar heyvanlar tərəfindən kiçik cızıqlar, yaxud tüpürcəklənmə halı olduqda həkimə müraciət etmirlər. Qorxulu hal da elə budur. Çünki kiçik cızıqlarda belə nəticə ürəkaçan olmaya bilər. Ona görə də bu halda da mütləq həkimə müraciət edilməlidir. Xüsusilə də qeyd edim ki, quduzlaşmış heyvanın cızması və hər bir hərəkəti qorxuludur. Siçanların dişləməsi faktı isə çox nadir hallarda olur. Adətən vəhşi dağ siçanlarında ("xomyak) bu hal qeydə alına bilər.