Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Biləsuvarda əsaslı təmir və yenidənqurmadan sonra 132 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilmiş işlərlə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, bu müalicə ocağında ən müasir tibb avadanlığı quraşdırılıb.
Azərbaycan Prezidenti xəstəxana ilə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Xəstəxananın kollektivini və rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra açılışı münasibətilə sizi təbrik edirəm. Çox gözəl xəstəxanadır. Bu xəstəxana, bildiyiniz kimi, 1970-ci illərdə tikilmişdir. Təmirə ehtiyacı var idi. Vaxtaşırı cari təmir aparılırdı. Ancaq sonra qərara gəldik ki, əsaslı təmir olunsun. İndi xəstəxana ilə tanış olarkən görürəm ki, hər şey ən yüksək səviyyədədir. Həm avadanlıq, həm təchizat, eyni zamanda, xəstəxananın şəraiti çox yaxşıdır. Bütün palatalar çox səliqəli, abaddır. Bu xəstəxana nümunəvi xəstəxanalardan biri olacaq. Əslində, son vaxtlar Azərbaycanda tikilən, yaxud da ki, təmir olunan bütün tibb ocaqları bu səviyyədədir. Bu, Azərbaycan standartıdır. Çünki Azərbaycan vətəndaşları ən gözəl tibbi xidmətlə təmin olunmalıdırlar.
Eyni zamanda, bu xəstəxana burada çalışan həkimlər üçün iş yeridir. Onların iş yeri indi çox gözəl vəziyyətdədir. Xəstəxananın əvvəlki vəziyyəti sizə bəllidir, bu barədə danışmaq istəmirəm. Əsas odur ki, indi Biləsuvarda da Mərkəzi Rayon Xəstəxanası bütün standartlara cavab verir.
Bu zonada, həmçinin ölkəmizin bütün bölgələrində yeni xəstəxanalar ya tikilib, ya da ki, əsaslı təmir olunub. Son 13 il ərzində 600-dən çox tibb ocağı yenidən qurulub, tikilib. Bu, səhiyyə sistemimizin inkişafı üçün çox böyük uğurdur, böyük nailiyyətdir və nəticədir. Bakı şəhərində isə ən böyük xəstəxanalar tikilib, təmir edilib.
Bu gün səhiyyə sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi işi demək olar ki, başa çatır. Bir neçə rayonda işlər davam etdirilir, o cümlədən bu yaxınlarda Masallıda xəstəxana istifadəyə veriləcək. İndi əsas məsələ ondan ibarətdir ki, insanlara keyfiyyətli xidmət, qayğı göstərilsin. Bu istiqamətdə də işlər gedir. Əminəm, yeni müasir avadanlıqla işləyə bilən həkimlər də təcrübə toplayıblar, kurslar keçiblər ki, xəstələrə yaxşı xidmət göstərsinlər.
Sağlamlıq hər bir insan üçün, dövlət üçün çox önəmlidir. İnsan sağlamlığını şərtləndirən bir neçə amil var. Onların arasında əlbəttə ki, tibbi xidmət birinci yerdədir. Bununla bərabər, sağlam həyat tərzi, gözəl ekoloji vəziyyət, fiziki fəallıq, təmiz ərzaq məhsulları da, əlbəttə ki, öz rolunu oynayır. Ancaq tibbi müayinə və müalicə xüsusi yer tutur. Yaxşı bilirsiniz ki, artıq bir neçə ildir Azərbaycanın bütün bölgələrində diaqnostika işləri aparılır, tibbi müayinə proqramı icra edilir. Hər il milyonlarla insan pulsuz müayinədən keçir, onların xəstəlikləri aşkarlanır və sonra müalicə təyin edilir.
Mən son 13 il ərzində açdığım bütün xəstəxanaların tədbirlərində bu məsələyə toxunuram. Bir daha demək istəyirəm ki, hər bir vətəndaş ildə bir dəfə diaqnostikadan keçməlidir, xüsusilə indiki şəraitdə ki, bütün imkanlar var. Qan analizləri, ultrasəs, rentgen. İndi həkimlərin tövsiyəsi ilə hər bir vətəndaş özünə yaxşı baxmalıdır. Bu, ilk növbədə vətəndaşın özünə lazımdır. Digər tərəfdən, Azərbaycan xalqı daha da sağlam olmalıdır. Xüsusilə bizim veteranlarımız, uşaqlarımız, gənc nəsil sağlam olmalıdır. Bütün insanlar sağlam olmalıdır. Bax, bu xəstəxanaların tikintisi bu məqsədi güdür.
Qeyd etdiyim kimi, son illər ərzində 600-dən çox tibb müəssisəsi istismara verilib. Bu məqsədlərə çox böyük dövlət vəsaiti xərclənib. Biz bunu edirik. Çünki sosial sahə həmişə olduğu kimi, prioritet təşkil edir. Bu gün də belədir, sabah da belə olacaq. Çünki biz insanlar üçün çalışırıq. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Bununla bərabər, əlbəttə ki, iqtisadi inkişaf olmasa, bu işləri də görmək mümkün deyil. Bir çox ölkələr, hökumətlər var ki, onlar da istərdilər belə gözəl işləri görsünlər. Sadəcə olaraq, imkanları yoxdur. Bizim də vaxtımız var idi ki, istəyirdik edək, imkanımız yox idi. Biz o imkanı yaratdıq. Bu gün iqtisadi cəhətdən qüdrətli Azərbaycan bu sahələrə də böyük vəsait ayırır. Nəinki bu sahələrə, bütün sahələrə - infrastruktur layihələri, sosial infrastruktur layihələri, məktəb binalarının, idman komplekslərinin tikintisi.
Biz bunu Biləsuvar rayonunun timsalında görə bilərik. Üç il bundan əvvəl Biləsuvarda mənim iştirakımla içməli su layihəsinin açılışını qeyd etdik. İndi şəhər əhalisi 24 saat fasiləsiz təmiz içməli su ilə təmin edilir. Biləsuvar rayonunun qazlaşdırılması prosesi başa çatıb. Bütün məntəqələr qaz təchizatına qoşulubdur. İndi Biləsuvar rayonunun 25 kəndinin hamısında qaz var. Yəni, qazlaşdırma 100 faizdir. Biz hələ ölkə üzrə 100 faiz səviyyəsinə çatmamışıq. Ona yaxınlaşırıq. Biləsuvarda biz bunu artıq görürük. Üç böyük kənd yolu layihəsi icra edilib. Kəndlərin əksəriyyətinə gedən yollar abadlaşıb. Bakı-Astara-İran sərhədi magistral yolu çəkilir, Olimpiya kompleksi, digər müəssisələr.
Əlbəttə ki, kənd təsərrüfatı ilə bağlı böyük işlər görülür, burada zavodlar fəaliyyət göstərir. Bu da çox önəmlidir. Son vaxtlar pambıqçılığa böyük dəstək verilir və bu, əhali tərəfindən yaxşı qarşılanır. 1970-1980-ci illərin əvvəllərində ulu öndər Heydər Əliyevin fəal işi nəticəsində Azərbaycanda pambıqçılıq çox geniş vüsət almışdı. İnsanlar çox böyük maddi imkanlar əldə etmişlər. Əfsuslar olsun ki, sonralar bu sahə yavaş-yavaş tənəzzülə uğradı. İndi biz bunu bərpa edirik. Mənə verilən məlumata görə, bu il Biləsuvar rayonunda altı min hektarda pambıq əkilibdir. Keçən il iki min hektar idi. Sovet vaxtında 14 min hektar əkilirdi. Gələn il isə on min hektar əkiləcək. Biz bunu qısa müddət ərzində görülən tədbirlər nəticəsində əldə edirik və bu, məşğulluq deməkdir. Əgər hər hektarda orta hesabla iki nəfər işləsə, bu, artıq gələn il 20 min insanın işlə təmin olunması deməkdir.
Kənd təsərrüfatının digər sahələri də inkişaf etməlidir. Emal sənayesi - burada artıq bir neçə emal müəssisəsi var. Bu işlər daha da sürətlə getməlidir. İndi sahibkarlığın inkişafı üçün əlavə şərait yaradılır, islahatlar aparılır. Sahibkarlar da buna çox müsbət reaksiya verirlər. İnvestisiya artır, təşviq mexanizmi icra edilir. İxrac potensialımız artır.
Biz bütün bunları etməliyik ki, neftdən asılılığımızı tamamilə aradan götürək. Bu layihələri icra etdikcə əlbəttə ki, bizim daha da çox maliyyə imkanımız olacaq. Biz bu maliyyə imkanlarımızı da sosial layihələrə yönəldəcəyik - xəstəxanaların, məktəblərin, yolların tikintisi, köçkünlərin problemlərinin həlli. Biləsuvar rayonunda minlərlə məcburi köçkün yerləşir. Onların problemləri də həll olunur və həll olunacaq. Beləliklə, ölkəmiz uğurla inkişaf edəcək. Regionlar inkişaf etdikcə ölkə də güclənəcək və biz həmişə ancaq daxili resurslara arxalanmalıyıq.
Biz, ümumiyyətlə, heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq. Ona görə də daxili resursları artırmalıyıq. Azərbaycan dövlətinin siyasəti bundan ibarətdir. Bizim çox böyük potensialımız var. Sadəcə olaraq, biz bu potensialdan 100 faiz istifadə etməliyik. Sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu, sahibkarlıq, şəffaflıq inkişaf etməlidir.
Biz bu gün Masallıda "ASAN xidmət Mərkəzinin açılışını qeyd etdik. Bu Mərkəz bu zonaya da xidmət göstərəcək. Gələcəkdə digər rayonlarda da açılacaq. Yəni, hərtərəfli inkişaf budur.
Əminəm ki, Biləsuvar rayonu bundan sonra da uğurla inkişaf edəcək. Rayonda çox gözəl quruculuq, abadlıq işləri görülür. Rayonun siması yaxşılaşır, gözəlləşir. Mən onları da salamlayıram. Yadımdadır, 2000-ci ildə mən Lənkərana gedirdim, bu yoldaşı yolda gördüm. Məni bayraqla salamlayırdı. O vaxt bizim olimpiyaçılarımız yaxşı nəticə qazanmışdılar. Maşını saxlatdım, elə o vaxtdan tanış olduq, o vaxtdan da dostluq edirik.
Sakin: Mən Sizinlə fəxr edirəm. Siz Azərbaycanı dirçəltdiniz. Allaha and olsun, Sizin bütün işlərinizlə fəxr edirəm. Təzə su də çəkdirmisiniz, içdim, bir az da cavanlaşdım. Ömrünüz su qədər uzun olsun.
Prezident İlham ƏLİYEV: Çox sağ ol. Sizi bir daha təbrik edirəm.
Həkim Vəsilə Həsənova: Möhtərəm Prezident, bu gün bütün biləsuvarlılar böyük sevinc içindədir. Sizin tapşırığınıza əsasən mərkəzi xəstəxanamız əsaslı təmirdən sonra istifadəyə verilib. Belə gözəl, yüksək səviyyəli, müasir tibbi avadanlıqla təchiz olunmuş səhiyyə ocağı biz biləsuvarlılar üçün böyük töhfədir. Belə bir hədiyyəni bizə bəxş etdiyiniz üçün Sizə əhalimiz və səhiyyə işçilərimiz adından böyük minnətdarlığımızı bildiririk. Çox sağ olun. Var olun, möhtərəm cənab Prezident.
Prezident İlham ƏLİYEV: Sağ olun.