Son zamanlar həkim səhlənkarlığı ucbatından ölüm hallarının artması haqda iddialar çoxalıb. Düzdür, bu hadisələrə həm dövlət xəstəxanaları, həm də özəl klinikalarda rast gəlinir. Amma özəl klinikalarla bağlı məlumatlar daha çoxdur. Bu klinikalardakı hadisələr əsasən ölümlə nəticələnir.

Məsələn, 600 balla Bakı Dövlət Universitetinə qəbul olunmuş 17 yaşlı Aygül Orucova avqustun 23-də əməliyyatda ölüb. O, "Yeni Gəncə" tibb mərkəzində burnundan əməliyyat edilib, lakin A.Orucova narkozdan ayılmayıb.

Ötən il də 18 yaşlı Leyla Mürsəlova "Starmed" klinikasında burun əməliyyatı edilərkən həyatını itirmişdi.

"Brizol" ("Briz-L") göz klinikasında isə gözündən əməliyyat edilən 5 yaşlı Yusif İbrahimovda qəfildən dünyasını dəyişmişdi.

Ağdam köçkünü Sevinc Mirzəyeva bu günlərdə mətbuata verdiyi açıqlamada "Şəfqət" klinikasında ona səhv diaqnoz qoyaraq uşaqlıq orqanını çıxarıldığını bildirib.

Bu yazımızda məhz sözügedən problemə işıq tutmağa çalışacağıq.

Baş pediatr Nəsib Quliyev hesab edir ki, özəl klinikalarda əsas meyar puldur, orada insan sağlamlığı önəm daşımır: "Bu klinikalar mütəxəssis yetişdirmir. Belə xəstəxanalarda mütəxəssis olmaq mümkün deyil. Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı problemin həlli məsələlərinin çoxu dövlət tibb müəssisələrinin üzərindədir".

Unikal.org bildirir ki, Tibbi PR-marketologiya üzrə ekspert Bəhruz İsmayılzadə publika.az-a açıqlamasında baş pediatrın fikirləri ilə razılaşmadığını deyib: "Dövlət xəstəxanalarında işləyən həkimlərin 70%-i günün yarısını özəllərdə işləyir. O zaman belə nəticə çıxarmalıyıq ki, Azərbaycandakı həkimlərin hamısı savadsızdır. Bu gün bütün özəl klinikalarda savadlı mütəxəssislər var. Əlbəttə, əvvəldən xəstələr həkimlər barədə məlumat da toplamalıdırlar. Onlarla yaxşı tanınan mütəxəssislər var ki, xəstələrini özəl klinikalarda qəbul edir. Özəl klinikalar barədə açıqlama verən şəxs özəl klinikada işləməyib. Bir şeyi qəbul etməliyik ki, özəl klinikalar orta və yuxarı təbəqə üçündür. Aşağı təbəqə büdcəsinə uyğun olaraq özələ yox, dövlət xəstəxanalarına müraciət edir".

Özəl klinikalarda əsas meyarın pul olmasına gəldikdə, B.İsmayılzadə bildirir ki, özəl klinikaların adından özəl olduğu bəllidir, demək ödəniş də normaldır: "Bu gün özəl klinikalarda elə avadanlıqlar var ki, bəzi dövlət xəstəxanalarında o avadanlıqdan yoxdur. Klinikalara ödəniş qiymətinə orada istifadə olunan avadanlıqların qiyməti də təsir edir. Məsələn, Hepatit B və C-nin analizləri üçün dövlət xəstəxanaları Türkiyə kimi xarici ölkələrin klinikaları ilə işləyir. Bəzən də analizlər üçün özəl klinikaları məsləhət görürlər. Həmin analizin nəticəsinə uyğun müalicə edirlər. Düzdür, yaxşı tibbi avadanlıqları olan dövlət klinikaları da var.

Xəstələrin özəl klinikalardan əsas narazılığı məhz həkim konsultasiyası, yəni ilkin müayinənin ödənişli olması ilə bağlıdır. Bəzi klinikalarda bu məsələ həll olunub, həkim qəbuluna pul alınmır. Lakin hesab edirəm ki, qəbulun ödənişli olması normaldır. Məsələn, bir nəfər psixoloqun qəbuluna düşür, ilk görüşdə yarım saat həmin şəxslə ünsiyyətdə olur. Psixoloqun da işi ancaq danışmaqdır, hər müraciətə yarım saat sərf etsə, o zaman necə olacaq? Digər mütəxəssislərin qəbulunun ödənişli olması bütün dünyada qəbul olunmuş sistemdir. Özəl klinikada həkim qəbulu pullu olmalıdır".