Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, ev 4-də yaşayan Quliyeva Bənövşə Şirzad qızı Milli.Az-a müraciət edərək bildirib ki, ailəsinin başına gələn faciədən sonra qarşılaşdıqları maddi sıxıntı üzündən təhsil haqqını ödəyə bilmədiyinə görə sonuncu kursunu bitdirdiyi Azərbaycan Dövlət Pedaqoji Kollecinin diplomunu ala bilmir.

Unikal.org xəbər verir ki, ailəli olduğunu və bir övladının olduğunu qeyd edən Bənövşə Quliyeva bu il adıçəkilən Kollecin 4-cü kursunu bitirib.

Onun sözlərinə görə, 2016-cı il martın 16-da yaşadığı ünvanda qazın düzgün verilməməsi ucbatından yanğın baş verib. Nəticədə qayınatasının anası, 74 yaşlı Quliyeva Səriyyə Kərim qızı həlak olub, mənzillə yanaşı içərisində olan bütün əşyalar yanaraq kül olub. Qayınatası Quliyev Hacıağa anasını xilas etməyə çalışarkən 3-4-cüdərəcli yanıq xəsarətləri alıb. İndi ailəsi ilə birgə zirzəmiyə sığınan B.Quliyeva heç bir yerdən yardım almadıqlarını və maddi imkansızlıq üzündən təhsil haqqını da ödəyə bilmədiklərini deyir:

B.Quliyevin sözlərinə görə, tam köməksiz, bərbad vəziyyətdə qalan ailə yardım üçün Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etsə də, rayon rəhbərliyi tərəfindən heç bir köməklik göstərilməyib.

"Mən Azərbaycan Dövlət Pedaqoji Kollecinin 4-cü kurs tələbəsiyəm. İllik təhsil haqqım 600 (altı yüz) manatı ödəmədiyimə görə məni diplom imtahanına buraxmırdılar. Kollecin rektoru Qulu Novruzovun tapşırığı ilə ödənişin vaxtını uzatmaqla mənə kömək edildi və mən də uğurla imtahanları verdim. Ödənişin vaxtında etməməyimin səbəbi hamiləik dövrünmün çox ağır olması ilə bağlıdır. Uşağı dünyaya gətirərkən həm özüm, həm də körpəm ölümlə üzləşmişik. İndiyədək uşağı müalicə etsək də, öz müalicəmə imkanımız çatmır".

Tələbə olduğu müddətdə bir sıra xeyriyyə aksiyalarında iştirak etsə də, indi özünün və ailəsinin vəziyyətinin çətin olduğunu deyən gəlin ona cəmi 600 manatlıq təhsil haqqının ödənilməsində yardım edilməsini istəyir. Belə ki, əgər təhsil haqqını sentyabrın 15-dək ödəyə bilməsə, növbəti ilə qalacaq, üstəlik gələn il də bir o qədər əlavə pul ödəməli olacaq.

Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, ev 4-də yaşayan Quliyev Hacıağa Bala Ağa oğlu müraciət edərək evində baş vermiş yanğından və ailəsinin başına gələn müsibətlərdən sonra dövlətdən və xalqdan yardım istəyib.

B.Quliyev bildirib ki, "Azəriqaz" QSC-nin səhvi ucbatından 2016-cı il martın 16-da yaşadığı ünvandayanğın baş verib. Onun sözlərinə görə, həmin gün qazın verilişi xəbərdarlıq edilmədən iki dəfə kəsilib. İkinci dəfə qazın verilişi bərpa olunan zaman təzyiq normadan yüksək olub və bu da yanğına və partlayışa səbəb olub: "Hadisə nəticəsində anam, 74 yaşlı Quliyeva Səriyyə Kərim qızı həlak oldu. Onu xilas etməyə çalışarkən özüm də 3-4-cü dərəcəli yanıq xəsarəti aldım. Hazırda əllərim tam işləmir, gözlərim və qulaqlarım zədələnib. Xəstəxanada 2 dəfə əməliyyat keçirmişəm".


Lakin ailənin faicəsi bununla bitməyib. Yanğın nəticəsində stress keçirən atası Quliyev Bala Ağa Hacıağa oğlu da təxminən 1 ay sonra insultdan dünyasını dəyişib. Körpə uşağı olan gəlini isə stressdən bir neçə gün danışa bilməyib. Hazırda 5 nəfərlik ailə (özü, həyat yoldaşı, oğlu, gəlini və azyaşlı nəvəsi) yarımzirzəmidə antisanitariya vəziyyətində yaşayır.

FHN-nin Əməliyyat İstintaq İdarəsinin verdiyi arayışa əsasən, həqiqən də, 2016-cı il martın 16-da göstərilən ünvanda yanğın baş verib. Hadisə nəticəsində Quliyev Bala Ağa Hacıağa oğlu və Quliyev Hacıağa Bala Ağa oğluna məxsus mənzillərin yanar konstruksiyaları və içərisində olan əşyalar yanaraq məhv olub, yanğın söndürüldükdən sonra evdən 1942-ci ildə təvəllüdlü Quliyeva Səriyyə Kərim qızının meyiti aşkar edilib, 1968-ci il təvəllüdlü Quliyev Hacıağa Bala Ağa oğlu yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Çarəsiz qalan ailə başçısı qeyd edib ki, bu azmış kimi kredit borcuna görə bank da güzəştə getmək əvəzinə, üstünə bir az da qoyur: "Xəstəxanada ağır vəziyyətdə yatdığım zaman "Bank of Baku" mənim kredit borcumu azaltmaq və ya kömək etməkdənsə, borcumun vaxt müddətini uzadaraq ödənişləri tələb edirdi. Aldığım bülleten pullarını banka ödəyirəm. Maliyyə vəziyyətim çox ağırdır, müalicəmi tamamlamağa imkanım yoxdur. Hələ ki, havalar istikeçir, yağış yağmır, zirzəmidə məskunlaşsaq da, hava dəyişsə, yəni yağış yağsa, nə edəcəyimi bilmirəm. Yanğın vaxtı bütün geyim əşyalarımız da yanıb".

Bundan əlavə, ailənin gəlini, Azərbaycan Dövlət Pedaqoji kollecinin 4-cü kurs tələbəsi Quliyeva Bənövşə Şirzad qızı yanğın hadisəsindən sonra yaranmış vəziyyət nəticəsində sonuncu ilin təhsil haqqını ödəyə bilmir. B.Quliyeva imtahanları uğurla versə də, diplomunu ala bilməsi üçün lazım olan 600 manat pulu verə bilmir. Əgər təhsil haqqını ödəyə bilməsə, növbəti ilə qalacaq, üstəlik gələn il də əlavə pul ödəməlidir.

H.Quliyevin sözlərinə görə, tam köməksiz, bərbad vəziyyətdə qalan ailə yardım üçün Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etsə də, rayon rəhbərliyi onların halına biganə yanaşıb. Hətta bununla əlaqədar Prezident Adminstrasiyası, Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinə göndərilən məktubların da cavabında yanmış evin şəxsi mülk olduğu və onun bərpası üçün maliyyə-təsərrüfat planında yardım üçün büdcədə vəsaitin nəzərdə tutulmadığını bildirilib:

"Bu problemin həlli çox sadədir. Yasamal Rayon İcra Hakimiyyəti Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə təqdim etdikləri xərclər smetasına bizə dəymiş zərərin məbləğini göstərsinlər".

Amma ailə başa düşür ki, bu məsələ hələ çox uzana bilər. Onlar isə əməllli-başlı çıxılmaz vəziyyətdə qalıblar. Hətta ailədə azyaşlı körpənin normal qidalanmasını belə təmin edə bilmirlər. Ona görə də indi səbirsizliklə dövlət orqanlarından, imkanlı şəxslərdən heç olmasa yanmış evinin yenidən bərpa olunması üçün yardım etmələrini gözləyirlər...