Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və nəqliyyat sahələrində təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovla Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov arasında yaşandığı iddia edilən 3 milyon manatlıq qalmaqalın yeni detalları məlum olub.
Unikal.org xəbər verir ki, A.Çovdarovun vəkili Sadiq Rəsulov Lent.az-a açıqlamasında ittiham aktında qeyd olunan bu məsələ ilə bağlı bəzi detalları açıqlayıb.
Vəkil bildirib ki, A.Çovdarov MTN-in Tağı Əhmədovdan xidməti maşın istəməsini qismən təsdiqləyir:
"Ancaq burada söhbət Akif Çovdarovun Tağı Əhmədovdan şəxsən maşın tələb etməsindən getmir. Akif müəllim bildirir ki, MTN müxtəlif zamanlarda müxtəlif dövlət qurumlarına xidmət maşın alınmasına kömək etmək üçün müraciət edib. Bu müraciətlərin hamısı da nazir müavinlərinin imzası ilə rəsmi yazışma əsasında edilib. Akif müəllim bildirir ki, MTN çox böyük qurum idi və bəzən büdcədən ayrılan vəsaitlə xidməti maşınların alınmasını çatdırmaq olmurdu. Bu zaman da bəzi dövlət qurumlarından kömək istənilib. Bu qurumlardan biri də metropoliten olub. Həmin rəsmi yazışmaya da Tağı Əhmədovdan cavab gəlib ki, belə bir imkanı yoxdur. Bu məsələ də orda bağlanıb. Üstəlik, burada söhbət hansısa 10 ədəd bahalı "Range Roverdən də getməyib. Sadəcə MTN nazir müavininin imzası ilə xidməti maşın istənilib.
Vəkil onu da qeyd edib ki, məhkəmə istintaqı dövründə Tağı Əhmədovun və bu işdə adı keçən qohumlarının məhkəməyə dəvət edilib ifadə vermələri ilə bağlı vəsatətlər qaldıracağıq.
"Akif müəllim deyir ki, o, Tağı Əhmədovla ümumiyyətlə heç vaxt hansısa qeyri-rəsmi formada ünsiyyətdə olmayıb, zəngləşməyib, görüşməyib. Tağı Əhmədovun rəhbərlik etdiyi qurumla bağlı məsələlər MTN-də Akif Çovdarovun idarəsinə aid olub. Onlar arasında da ancaq işlə və rəsmi yazışmalar formasında münasibətlər olub - deyə vəkil vurğulayıb.