Azərbaycanda əhalinin anemiya ilə xəstələnməsi halları artır.

Unikal.org xəbər verir ki, Trend-in Dövlət Statistika Komitəsinin statistik göstəricilərinə istinadən verdiyi məlumata görə, ötən il Azərbaycanda 45 798 nəfər ilk dəfə qoyulmuş anemiya diaqnozu ilə qeydiyyata alınıb. 2014-cü ildə isə bu rəqəm 43 730, 2013-cü ildə 37 435, 2012-ci ildə isə 35 042 olub.

Əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı da çoxalıb. 2012-ci ildə əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı 402,7, 2015-ci ildə isə 480,6 nəfər olub.

Azərbaycanda ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış uşaqların sayı artır.

2011-ci ildə Azərbaycanda İlk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək xəstə uşaqların sayı 20 425 nəfər olduğu halda, 2014-cü ildə bu rəqəm 24 769, 2015-ci ildə isə 28 018 nəfər olub.
Ölkədə əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək uşaqların da sayı çoxalıb. 2014-cü ildə əhalinin hər 100 000 nəfərinə düşən anemiya diaqnozu ilə qeydə alınmış uşaqların sayı 969,2 nəfər olduğu halda, 2015-ci ildə bu rəqəm 1087,7-ə yüksəlib.

Ötən il ölkədə 353 uşaqda yod çatışmazlığı, 35 uşaq A vitamini çatışmazlığı, 723 uşaqda isə boy atmanın ləngiməsi və zəiflik diaqnozu qeydə alınıb.