Bu ilin iyul ayında açılan Bakı-Batumi reysinin ləğv ediləcəyi haqda məlumatlar yayılıb. Bakı-Batumi reysi üçün nəzərdə tutulan avtobusların ölkədaxili marşurut xətlərində istifadəyə verildiyi bildirilir.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bu məlumatlara aydınlıq gətirib.
Unikal.org-un məlumatına görə, şöbə rəisi AzVision.az-a bildirib ki, Bakı-Batumi reysi əsasən yay aylarında daha çox sərnişin təlabatı olduğu üçün fəaliyyət göstərir.
"İyun iyul, avqust aylarında həddindən çox sərnişin sıxlığı müşahidə olunurdu. Lakin havalar soyuduqca, payız fəsli yaxılnlaşdığı üçün sərnişin sayı azalıb. Amma bu tamamilə Bakı-Batumi reysinin ləğv edilməsi demək deyil. Sadəcə avtobus sayı azaldılıb ki, bu da mövsümlə əlaqədardır.
Ş.Mehmanqızı vurğulayıb ki, növbəti yay fəsli üçün bu xətt üzrə avtobus sayının bir neçə dəfə artırılacağı nəzərdə tutulur: "Bu mövsüm o qədər sərnişin təlabatı ilə rastlaşdıq ki, növbəti yay fəsli üçün avtobus sayının artırılmasını nəzərdə tutumuşuq. Təbii ki, reysin ləğvi gündəmdə deyil. Bunun üçün Gürcüstanda bu sahədə fəaliyyət göstərən nəqliyyat şirkətlər ilə müqavilə bağlanılıb. Təbii ki, əlaqələr normal şəkildə davam edəcək. Lakin hazırda sərnişin sıxlığı az olduğu üçün həmin avtobuslardan Respublika daxili xətlərdə istifadə edilməsi mümkündür.