Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Unikal.org report-a istinadən xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər G.Hüseynova özünü qismən təqsirli bilib, Ceyhun Əsgərov isə özlərini təqsirli bilib. Digər şəxs isə özünü təqsirli bilmədiyini deyib.
Məhkəmənin növbəti iclası sentyabrın 30-na təyin edilib.
Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edib.
Vəkillər məhkəmə islasının qapalı keçirilməsini istəyib. Vəsatət təmin edilib.
Cinayət işi üzrə məhkəmə prosesi qapalı davam etdiriləcək.
Qeyd edək ki, bu il yanvar ayında Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun rəsmi məlumatına görə, paytaxtın hüquq mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstünün "isti izlərlə açılması təmin edilib.
Belə ki, yanvarın 5-də saat 09:00 radələrində 1965-ci il təvəllüdlü Namet-zadən Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü G.Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü N.Eyvazov və 1997-ci il təvəllüdlü C.Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar. Həmin şəxslər barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, qətlə yetirilən M.Namet-zadən Bakıda qızıl alveri ilə məşğul olub. Cinayəti törətməkdə təqsirləndirilən onu qızı G.Hüseynova boşanıb. Onun keçmiş həyat yoldaşından azyaşlı qızı var.