"SAF Həyat Naminə Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi «Öz evində tənha yaşayan insanlara könüllülərin sosial xidmətinin təşkili» layihəsinin icrasına başlayıb.

Unikal.org-un məlumatına görə, məqsəd ölkəmizdə çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində aparılan dövlət siyasətini, sosial xidmət sahələrində könüllülük fəaliyyətinin genişlənməsini təşviq etməkdir.

Əhalinin əsas hissələrindən sayılan ahıl insanlar bəzən qanunda nəzərdə tutulmuş sosial xidmətlərdən kənarda qalırlar. Bu da daha çox öz evində tək yaşayan insanlarda özünü biruzə verir. Layihənin məqsədi həm də həmin insanların gündəlik həyatlarını təmin edə bilmələrinə kömək etməkdir. Təbii ki, bəzi ahılların ya özləri, ya da qohumları və ya qonşuları zamanında müvafiq dövlət qurumlarına müraciət edəndə dövlətin göstərdiyi sosial xidmətlərdən istifadə edə bilirlər. Əks təqdirdə köməksiz qalırlar. Məhz bu layihədə "Könüllü fəaliyyət haqqında Azərbaycan Respublikasının Qanununa istinad edərək 40 nəfər könüllülərlə evlərində tək və çətin şəraitdə yaşayan 25 nəfər ahıl insanlara kömək ediləcək. Sosial işçilərlə birgə hər bir ahıla iki könüllü olmaqla ziyarət və xidmətlərində dərman vasitələrini, zəruri ərzaq və əsas tələbat mallarını almağa köməklik göstərəcək, istirahətin təşkil olunmasında, qida qəbul edilməsində və digər məişət xidmətlərinin göstərilməsində vasitəçi olacaqlar.

Qeyd edək ki, layihə 4 ay müddətini əhatə edir.