Saytlar məni gündəmdən salmırlar. Çox sağ olsunlar, həmişə gündəmdəyəm. Hətta toya gedirəm, şəklimi çəkib sayta yerləşdirirlər.

Unikal.org xəbər verir ki, bu sözləri Bakı Metropoliteninin sabiq rəisi, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Teleqraf.com-a geniş müsahibəsində deyib. O bildirib ki, 2 il yarımdır Metropolitenin rəisi olmadığına baxmayaraq, hətta toya gedəndə də jurnalistlər fotosunu çəkib yayırlar.

YAP-ın Yasamal rayon təşkilatının sədri hazırda tutduğu vəzifənin daha yüksək olduğunu, bu işi ilə fəxr etdiyini bildirib və bəzi jurnalistlərin onun barəsində yanlış yazmasından gileylənib:

"Tağının dilindən heç vaxt çıxmayıb ki, 40 illik əmək haqqımı yığmışam. Bu cür söz deməmişəm. Bu, mənə uyğun olmayan sözdür, bu gün maaşımı alıram, səhər heç bilmirəm cibimdə 5 manat qalır, ya yox. 40 illik əmək haqqını yığmağım qeyri-mümkündür. Məhkəmə istintaqı gedir, proses başa çatanda kimin haqlı, kimin günahsız olduğunu bütün cəmiyyət biləcək. Harada lazım gəlsə, orada da suallara cavab verəcəyəm.

Xatırladaq ki, sabiq MTN generalı Akif Çovdarovun Tağı Əhmədovdan 3 milyon haqq aldığı barədə məlumat yayılmışdı. T.Əhmədovun isə bu qədər məbləği "40 il işləyib yığdığını dediyi iddia edilirdi.