Mən 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu "İnşaat mühəndisi ixtisası üzrə bitirib təyinatla Bakı Baş Tikinti İdarəsinə (BBTİ) göndərilən 22 nəfər gənc mütəxəssis arasında yeganə xanım idim.

Bakı Baş Tikinti İdarəsinin rəisi Əmiraslanov Mehbalı Firudin oğlu biz gəncləri mehribanlıqla qəbul edib xeyr-dua verdi. Gənc mütəxəssislərə böyük ehtiyac olduğunu, bizə böyük ümid bəslədiklərini bildirərək müvəffəqiyyət arzuladı. Bizim təqdimatımızda Əliyev Əli Bayram oğlu iştirak edirdi. Onu bizə baş mühəndis kimi təqdim etdilər. O zamanlar gənc idik və ilk tanışlıgimizda tikintiyə rəhbərlik edən şəxslər bizə zirvədə dayanan insanlar təsiri bağışlayır, onlara məftunluqla baxırdıq.
Mən 8â„–li Tikinti İdarəsinə tikinti ustası təyin edildim. İlk vaxtlar çox çətin idi.Vaxtaşırı Baş İdarənin rəhbərliyi tikintiyə gəlir, işimizlə maraqlanırdı. Daha çox baş mühəndis ƏliyevƏli Bayram oğlu ilə görüşlərimiz olurdu. Əvvəllər tikinti ustası, sonralar icraçı, daha sonralar isə daha yüksək vəzifələrə irəli çəkilməyimdə çox ciddi və zəhmli insantəsiri bağışlayan, əslində isə çox mehriban və qayğıküş rəhbər Əli müəllimin böyük rolu var idi.
Şəhərin mühüm tikinti Trestlərindən birinin rəis müavini olarkən Əli müəllim ilə görüşlərimiz mütəmadi xarakter daşıyır, onun agıllı və səmərəli təklifləri əsasında işimizi günün tələblərinə uyğun qurur, tutduğu iradları nəzərə alırdıq.
Əli Bayram oğlunun tikinti meydanına gəlişi heç zaman təsirsiz qalmır, rəisdən tutmuş briqadirə qədər hər kəs bu tələbkar və zəhmli insanın ədalətli münasibətini hiss edirdi.
.
Yaxşı yadımdadır, 1959-cu ildə bir qrup mühəndis Fransanın Kanyu firmasının texnologiyası əsasında Bakıda ilk evtikmə kombinatının alınması üçün Parisə getmişdi. Nümayəndə heyətinə başçılıq edən Əli müəllim həmin firmanın yeni texnologiyalarını Azərbaycana tətbiq etdi. Bakıda evtikmə kombinatının qurulması işinə başlanıldı.
Beləliklə, dünya tikintisində olan yenilikləri və yenitexnologiyaları, mənzil tikintisinin sürətini artırmaq üçün evtikmə kombinatlarının iş mexanizmini tətbiq etməyə başladıq.
Bu görüşlər bizim bir inşaatçı kimi formalaşmağımıza və həyatda fəal mövqe tutmağımıza, eyni zamanda, insani keyfiyyətlərimizin zənginləşməsində tikinti sahəsində çalışan rəhbər işçilərin təsiri böyük idi.
Bakı Baş Tikinti İdarəsinə bacarıqlı dövlət xadimi Sadıq Rəhimovun rəhbərliyi dövründə yeni trestlərin yaradılması, 1və 2 â„–li kombinatların işə salınması, kadrların seçilib yerləşdirilməsi, yeni mikrorayonların salınması baş verdi.Baş mühəndis Əli müəllim bu işlərin görülməsində böyük əmək sərf edib.
Unudulmaz Əliş Ləmbəranski şəhər meri olarkən xarici səfərlərə Əli müəllimi mütləq dəvət edir, onun mütəxəssis kimi rəyini öyrənirdi.
Sadıq Rəhimovla Əliş Ləmbəranskinin şəhərin gözəlləşməsinə yönəldilən, sakinlərin rahatlığı və rifahın yaxşılaşdırılmasına xidmət edən fəaliyyətinin texniki əsaslandırılması baş mühəndis Əli Əliyev tərəfindən həyata keçirilirdi.
"Mirvari kafesi, "Venesiya mostu, "Qu quşları hovuzu, "Nərgiz kafesi, "Yaşıl Teatr... bunların hamısı Bakı üçün bir yenilik idi və şəhərin simasını dəyişdirir, insanların zövqünü oxşayır, ovqatını yüksəldirdi.
Çoxmərtəbəli yaşayış binaları, məktəblər, uşaq bagçaları və digər sosial obyektlər tikilib istifadəyə verilirdi. Milli Elmlər Akademiyası, Mərkəzi klinik xəstəxana, M.Topçubaşov adına eksperimental cərrahiyyə xəstəxanası, Milli Ensiklopediya, H.Hacıyev küçəsində (indiki Azərbaycan prospekti) bəstəkarlar üçün tikilən yaşayış evi, "Bakı , "Moskva mehmanxanası və "Qarabağ mehmanxanaları, Bakı Dövlət Sirki, Bakı Dövlət Universitetinin binası, Azərbaycan Politexnik İnstitutu, Azərbaycan Dövlət Dram Teatrı, Azərbaycanfilm studiyası, Ə.Qarayev adına Mərkəzi uşaq xəstəxanası, Mərkəzi Univermaq və yüzlərlə belə tikililər həmin dövrün monumental tikililəridir.
Şübhəsiz ki, bu obyektlərin tikilib başa çatması və dövlət komissiyasına təhvil verilməsində Bakı Baş Tikinti İdarəsinin baş mühəndisi Əli müəllimin müstəsna xidmətləri olmuşdur. 2000-ci ilin noyabrında Bakıda baş vermiş güclü zəlzələdə Bakı Baş Tikinti İdarəsinin inşa etdiyi bir bina belə ziyan çəkməmişdi ki, bu da kamil mühəndis əməyinin nəticəsində mümkün olmuşdur.
Bir gün bizə xəbər gəldi ki, Ə.Ləmbəranski bizim trestə gələcək. Buna görə də böyük hazırlıq işləri aparılırdı. O tək gəlmədi, Ə.B.Əliyevlə birlikdə idilər. Tresti möhkəmləndirmək üçün Əli müəllimi trestin rəisi kimi təqdim etdi. Mən eşitdiklərimə inana bilmədim. Ağlıma gəlməzdi ki, bir gün belə böyük bir insanla bərabər çalışacağam. Bu tək mənim üçün deyil, bütün kollektiv üçün gözlənilməz idi. Biz bir neçə il bir yerdə işlədik.
Onun rəhbərliyi dövründə kollektivimizə bir sıra dövlət əhəmiyyətli obyektlərin tikintisi tapşırıldı. Belə ki, Beynəlxalq gənclik düşərgəsi, C. Naxçıvanski adına xüsusi hərbi məktəb, manej, Xoreoqrafiya məktəbi, moskva univermağı, yazıçılar üçün yaradıcılıq evi və s. " Sosial-mədəni tikinti trestində partiya komitəsi katibi vəzifəsində çalışırdım. Sarayı təhvil verəndən sonra trestimizin şöhrəti olduqca artdı.
Qeyd etməliyəm ki, C.Naxçıvanski adına xüsusi hərbi məktəb Ulu Öndər H. Əliyevin xüsusi nəzarətində idi. Bu gün həmin məktəbim məzunları çox böyük vəzifələrdə çalışırlar.
İllər ötdükcə ölkədə ev tikintisinə tələbat artır, tikintini sürətləndirmək üçün yeni texnologiyalar və üsulların tətbiqi öz aktuallığını artırırdı. 1969-cu ildə keçirilən iyul plenumunda böyük şəxsiyyət Heydər Əliyevin ölkə rəkbərliyinə gətirilməsi bütün sahələrdə olduğu kimi tikintidə də canlanma yaratdı. Bakı şəhərində aparılan tikinti işlərində texniki məsuliyyət baş mühəndis Əli Bayram oğlunun üzərinə düşürdü. Onun texniki rəhbərliyi ilə şəhərimizdə aparılan tikintilərin davamlılığı, möhkəmliyi və rahatlığı BBTİ-nin gördüyü işlərin yüksək səviyyəsini təmin edirdi. Heç təsadüfi deyil ki, idarənin rəhbərliyində dəyişikliklər baş verir, rəislər bir-birini əvəzləyir, lakin Əli müəllim yerində qalır, onun təcrübəsinə, bacarığına, təşkilatçılıq qabiliyyətinə hər zaman ehtiyac duyulurdu.
Həmin illərdə bu bacarıqlı inşaatçı dəfələrlə mükafatlandırılır, Azərbaycan Və SSRİ-nın yüksək mükafatlarına layiq görülürdü. Hələ gənc ikən, 1962-ci ildə əməkdar mühəndis adına layiq görüldü. ( O zaman belə təltiflər heç də asan başa gəlmirdi.) Əli müəllim son dərəcə vətənpərvər bir ziyalı olduğundan Bakımızı daha gözəl, daha abad görmək istəyir, bunun üçün bəzən sutkanın 20 saatını tikinti meydançasında keçirirdi. Ezamiyyətlərə gedərkən mütərəqqi texnologiyaları öyrənir və onları öz şəhərimizdə tətbiq edirdi. Bakı şəhərinin meri olan Əliş ləmbəranski Əli Bayram oğlunun bu xüsusiyyətlərini bildiyindən xaricə ezam olunan nümayəndə heyətinin tərkibində dəfələrlə Əli Əliyevin təmsil olunmasını istəyirdi. Onların arasında işgüzar bir tandem yaranmışdı.Şəhər merinin ideyalarını şəhər tikinti idarəsinin baş mühəndisi böyük uğurla həyata keçirirdi.


Ləmbəranski Nazirlər Soveti sədrinin I müavini vəzifəsinə irəli çəkildikdən sonra da bu əməkdaşlıq davam edirdi. Həmin dövrdə tikilən, böyük Heydər Əliyevin adını daşıyan Respublika Sarayı bu gün də özünün möhtəşəmliyi ilə diqqəti cəlb edir. Təbii ki, burada əsas məsələ tikintiyə Mərkəzi Komitənin I katibi Heydər Əliyevin göstərdiyi diqqət və qayğı idi. Heydər Əliyev inşaatçılara böyük diqqətlə yanaşır, onların problemlərini həll edir, maddi təminatlarının yüksəldilməsi üçün qərarlar verirdi.
Respublika Sarayinin möhtəşəmliyi və yüksək tələblərə cavab verən tərtibatı o zaman SSRİ rəhbərliyi tərəfindən də yüksək dəyərləndirildi. Bu bina Əli Əliyevi inşaat mühəndisi və təşkilatçısı kimi daha da çöhrətləndirdi və ona sırf mədəni və sosial obyektlərin tikintisini həyata keçirən 11â„–li Trestə rəhbərlik etmək həvalə olundu. Üzərinə qoyulan vəzifəni bu dəfə də şərəflə yerinə yetirən Əli müəllim Respublika İdman Sarayı, Əl oyunları stadionu, "Abşeron və "İnturist mehmanxanaları kimi mühüm obyektlərin tikintisini uğurla həyata keçirdi.
Dəfələrlə Bakı Şəhər Sovetinin deputatı olan Əli Əliyev seçiciləri ilə tez-tez görüşür, sakinlərin problemlərini öyrənir və prioritet məsələ olan mənzil təminatını yüksəltmək üçün BBTİ -nin nəzdində olan 1 və 2 â„–li evtikmə kombinatlarının təkmilləşdirilməsinə, istehsal gücünün artırılmasına xüsusi qayğı göstərir, xarici ölkələrin təcrübəsinin tətbiqinə çalışırdı. Daha sonralar Respublika Həmkarlar Təşkilatının tikinti idarəsinə rəhbərlik də Əli Bayram oğluna həvalə olundu.
Tükənməz enerji, gənclik həvəsi ilə çalışan Əli müəllim ixtiyar çağında da yorulmaq bilmir, həvəslə çalışırdı. Vaxtilə Hüseyn Caviddən 18 saylı məktəbdə dərs almış, ilk gənclik illərindən klassik poeziya və musiqiyə sonsuz maraq göstərmiş, taleyin hökmü ilə böyük sənətkarlar Şövkət Ələkbərova və Cahangir Cahangirovla qonşuluq etmiş Əli müəllim sözün həqiqi mənasında böyük ziyalı idi.
Bu günlərdə əziz dostumuz, müəllimimiz, gözəl insan və ailə başçısı Əli Əliyevin anadan olmasının 100 illiyi tamam olur. İnşasında iştirak etdiyi binaların texniki möhkəmliyi kimi, dostluqda da etibarlı insan, nümunəvi ailə başçısı, gözəl əməllər sahibi əli Bayram oğlu Əliyev unudulmayan insanlardandır. Son dərəcə sadə, təvazökar və səmimi insan Əli Əliyevin doğum günü bizim hər birimiz üçün əziz bir təqvimdir. Əli Əliyev həm də Azərbaycanımız üçün böyük bir inşaatçılar ordusu yetişdirib. Belə insanlar heç vaxt unudulmurlar. Onlar özlərindən sonra böyük məktəb qoyub gedirlər.

Allah böyük ustada rəhmət eləsin!
Zina Salamzadə
əməkdar inşaatçı