"Baker & McKenzie" beynəlxalq hüquq şirkəti əcnəbi filmlərin kinoteatrlarda nümayiş olunmazdan əvvəl Azərbaycan dilində dublyaj olunması və ya subtitrlərlə verilməsi ilə bağlı "Azərbaycan Respublikasında Dövlət dili haqqında" qanunda və ya digər hüquqi aktlarda hər hansı tələb olub-olmaması ilə bağlı ünvanlanan suala rəsmi cavab verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hüquq şirkəti bildirib ki, əcnəbi filmin kinoteatrlarda nümayiş olunmazdan əvvəl Azərbaycan dilində dublyaj olunması və ya subtitrlərlə verilməsi ilə bağlı Azərbaycan Respublikasının (AR) qanunvericiliyi tələb irəli sürmür. "Ölkə Konstitusiyanın "Dövlət dili" adlanan 21-ci maddəsinə əsasən, respublikanın dövlət dili Azərbaycan dilidir və AR dövlət dilinin istifadəsini, qorunmasını və inkişafını təmin edir. 21-ci maddənin 2-ci bəndinə görə isə Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir".
Beynəlxalq hüquq şirkəti mütəxəssislərinin sözlərinə görə, "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunun 6-cı maddəsi bəyan edir ki, televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır: "Sözügedən maddə televiziya və radio kanallarında efirə gedən filmlərin dublyaj olunmasına aiddir. Lakin bu qanun maddəsi kinoteatrlarda nümayiş etdirilən filmləri ehtiva etmir".
Həmçinin, əlavə olunub ki, Azərbaycan Nazirlər Kabinetinin 165 nömrəli qərarı ilə təsdiq edilmiş "Filmlərin yayımı və nümayişi Qaydaları" adlı sənəd ölkə ərazisində bütün filmlərin yayımı və nümayiş etdirilməsi qaydalarını müəyyən edir: "Sözügedən qaydalar bütün əcnəbi filmlərin kinoteatrlarda nümayiş etdirilməzdən əvvəl Azərbaycan dilinə tərcümə edilməsini (dublyajını və ya subtitrlərlə verilməsini) tələb etmir. Beləliklə, filmlərin dövlət qeydiyyatından keçirilməsi üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilməli olan sənədlərin siyahısında filmin Azərbaycan dilinə tərcümə olunmasını zəruri hal hesab edən heç bir qanuni tələbnamə mövcud deyil. Bundan əlavə, sözügedən qaydalara qoşma şəklində əlavə edilmiş ümumi nümayiş kartı nümunəsində də filmin nümayişdən əvvəl Azərbaycanın dövlət dilinə tərcümə olunmasını zəruri hal hesab edən heç bir tələb göstərilmir.
Nəticə etibarilə, aidiyyatı üzrə mövcud qanunvericilikdə, AR Konstitusiyasının 21-ci maddəsində və yuxarıda adları sadalanan hüquqi aktlarda Azərbaycan dili ilə əlaqədar hər hansı zəruri tələb irəli sürülmədiyindən, kinoteatrlarda filmlərin Azərbaycan sakinlərinin danışdığı digər dillərdə nümayiş etdirilməsinə icazə verilir".
Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyi ölkədəki kinoteatrlarda nümayiş etdirilən bütün filmlərin Azərbaycan dilinə tərcümə edilməsi və tərcümə işini filmi nümayiş etdirən şirkətlərin etməli olması ilə bağlı qərar qəbul edib.