Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın 2016-cı il 23 sentyabr tarixində növbəti iclası keçirilib.

Maliyyə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, iclasda mənzil növbəsində olan 404 nəfər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusundan 222 nəfərin mənzillə təmin edilməsinə dair qərar qəbul edilib.

Bundan başqa Komissiyanın digər qərarı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 304 nəfər hərbi qulluqçu mənzil növbəsinə qəbul olunub.

Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov iclasda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sahəsində Silahlı Qüvvələrin hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi uğurla davam etdirilir.