Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bəzi əməkdaşları haqqında istintaq davam etdirilir.

Unikal.org bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.

Onun sözlərinə görə, istintaq 280 epizod üzrə davam etdirilir:

"Cinayət işinin biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam etdirilir. İstintaq nəticəsində hansı şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlarsa, onlar bu məsuliyyətdən kənarda qalmayacaqlar".

Zakir Qaralov həmçinin deyib ki, "Fətullah Gülən işi" bağlı Türkiyəyə etdiyimiz müraciət üzrə işlər davam etdirilir.

O bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin kriminalistika şöbəsinin rəisi bununla bağlı Türkiyədə ezamiyyətdə olub: "Bu yaxınlarda yenə ezamiyyətə gedəcək. Bu istiqamətdə işlər qarşılıqlı şəkildə davam etdirilir".